gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / NEFT-QAZ EMALI SƏNAYESİNİN STRATEJI INKIŞAF PERSPEKTIVLƏRI

25.10.2011

 AMEA, İqtisadiyyat İnstitutu,
i.e.d., prof. Elşən Mahmud oğlu Hacızadə

Giriş
Azərbaycanın dövlət müstəqilliyinin bərpası bütün tarixi ərzində ilk dəfə olaraq neft-qaz sərvətlərinin xalqa tam məxsusluğunu təmin etdi və neft-qaz sənayesinin milli dövlət mənafeləri baxımında n inkişafı üçün əlverişli, real şərait yarandı. Bununla yanaşı, yeni geosiyasi situasiya Azərbaycanın Xəzər sektorunda ötən əsrin son onilliklərində aşkarlanmış nəhəng karbohidrogen yataqlarının beynəlxalq əməkdaşlıq çərçivəsində aktiv işlənməsinə də əsaslı zəmin oldu. Bu reallıqlar fonunda ölkənin neft siyasətinin sistem modernizasiyası ümummilli lider Heydər Əliyev təşəbbüsçüsü və rəhbəri olduğu neft strategiyasında bariz əksini tapdı. «Əsrin müqaviləsi» ilə reallaşmağa start götürən milli neft strategiyası multiplikativ effektdə nəhəng investisiya tutumlu çoxsaylı beynəlxalq neft kontraktının bağlanışına, transmilli neft, qaz ixrac boru kəmərlərinin inşasına, yeni istehsal ifrastrukturunun formalaşmasına, sosial-iqtisadi inkişafa əlavə stimullar verən milli neft fondunun yaradılmasına zəmin oldu. Bitkinliyi və səmərəli nəticəliliyi ilə fərqlənən bu uğurlar isə prezident İlham Əliyevin əzmkar fəaliyyəti ilə aparılan genişmiqyaslı islahatlar əsasında təmin edildi.
Ölkəyə məxsus bu bol neft-qaz resursları milli iqtisadiyyatın bazar müstəvisinə keçidində əsas generasiya mənbəyi olmaqla, həm də iqtisadi təhlükəsizliyin təminatının mühüm komponentlərindən birinə çevrilmişdir. Azərbaycan məhz üstün olaraq bu resursların iqtisadi gücünə istinadən, keçid ölkələri arasında transformasiya mərhələsini ilk aşanlar sırasında qərar tutmuşdur. Nef-qaz sərvətləri bu gün də ölkə iqtisadiyyatının tərəqqisində olduqca böyük önəm daşıyır. Bu önəm yaxın onilliklərdə də prioritetliyini qoruyub saxlayacaq və çətin iqtisadi məqamlarda özünün yeni effektləri ilə inkişafa daha kəsərli stumullar verəcəkdir. Yeni effektlərin dolğun təminatı üçün isə yaşadığımız indiki postkeçid mərhələsində neft-qaz resursları istehlakı real bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, genişlənən istehsal diversifikasiyası formatında qurulmalıdır. Konkret olaraq neft və qaz resurslarının ixracında müəyyən korreksiyalar aparmaqla xammal təyinatlı birbaşa satışı məhdudlaşdırılmalı, mərhələli şəkildə aralıq və hazır məhsullar strategiyasına keçid edilməlidir. İxraca daha çox neft emalı və neft-kimya məhsulları çıxarılmalı, təbii qaz isə tam emal keçməklə metan qazı çeşidində daxili və xarici istehlaka yönəlməlidir. Bunun üçün isə ölkənin neft-qaz emalı və neft-kimya sənayesində rekonstruksiyalar aparılmalı və yeni istehsal sahələri yaradılmalıdır. Bu böyük investisiya tutumlu strategiyanın formalaşdırılması, onun sosial və iqtisadi səmərəsinin əsaslandırılması özü-özlüyündə aktual mahiyyət daşımaqla yanaşı, həm də elmi təhlili baxımından da əhəmiyyət kəsb edir. Bütün bunlardan irəli gələrək, bizim tədqiqat araşdırmamızın predmetini də, Azərbaycanın neft-qaz sərvətlərindən daha səmərəli istifadə edilməsinə rəğmən, yeni texnoloji paradiqmada müqabil neft-qaz emalı və neft-qaz kimya kompleksinin formalaşdırılmasının elmi əsaslarının təyinatı təşkil edir.

Neft emalı sənayesinin formalaşması və onun mövcud texniki-iqtisadi durumu
Tarixi mənbələrdə primitiv də olsa, Azərbaycanda ilk neft emalının hələ erkən orta əsrlərdə aparıldığını bəyan edən çoxsaylı məlumatlar vardır. Lakin ölkəmizdə nisbi sənaye və mexaniki biçimli ilk neft emalı müəssisələrinin X1X əsrin əvvəllərində intişar tapdığı daha dəqiqliklə tarixdə yer almışdır. Belə ki, həmin illərdə neftdən daha qiymətli məhsullar almaq zəminində onun emalı işi də genişlənmişdir. Hələ 1837-ci ildə Bakı yaxınlığındakı Balaxanı kəndində neftayırma zavodu tikilmiş, 1868-ci ildə isə artıq 23 belə kiçik zavod fəaliyyət göstərmişdir. 1875-ci ildə isə neft emalı müəssisələrinin sayı 62-yə yüksəlmişdir. Artıq 1900-cü ildə Bakıda 66 kerosin, 18 kerosin-yağ, 3 yağ, 4 benzin, 2 qudron və bir surroqat emalı zavodları fəaliyyət göstərməkdə idilər. Sovet hakimiyyəti qurulduqdan sonra neft emalı müəssisələri də milliləşdirilməyə məruz qalmışdı. Dağınıq halda olan bu strukturlar transformasiya zamanı cəmi 18 müəssisəni əhatə edirdi ki, onların da əksəriyyəti yarı gücü ilə işləyirdi [5]. Sonradan neft emalı müəssisələrinin bərpasına, texniki cəhətdən yenidən qurulması işlərinə başlanıldı. Bir sıra neftayırma zavodları rekonstruksiya olunaraq müasir texnika ilə təhciz edildilər. 1953-cü ildə isə nəhəng Yeni Bakı Neftayırma zavodu işə düşdü. Uzunmüddətli istismardan sonra neft emalı müəssisələrində avadanlıq və qurğuların fiziki və mənəvi aşınması yeni problemlər doğurdu. Modernizasiya çətinliyini isə başlıca olaraq bu müəssisələrin fundamental zavod təməlində deyil, ayrı-ayrı pərakəndə istehsal sahələrinin birləşdirilməsi əsasında yaradılması qaynaqlandırırdı. Buna baxmayaraq, ötən əsrin 70-ci illərində neft emalı zavodlarında mövcud texnoloji qurğuların rekonstruksiyası işləri aparıldı və həmin zavodlar o zaman üçün müasir olan nəhəng texnoloji emal qurğuları ilə təchiz edildi. İstismara buraxılan yeni qurğular istehsalın genişləndirilməsinə, xammal və materiallardan daha səmərəli istifadə olunmasına və neft məhsullarının keyfiyyətinin yüksəldilməsinə imkanlar yaratdı. Bu illərdə neftayırma zavodlarının illik gücü 25 milyon tona çatdırılmış və 1975-ci ildə gətirilən xammal hesabına burada rekord miqdarda 23,43 milyon ton neft emal olunmuşdu [2, 4, 9]. Lakin SSRİ-nin süqutu ilə iqtisadi əlaqələrin pozulması nəticəsində yaranmış istehsal zəifliyi və texnoloji gerilik reallıqları həmin zavodların da tam gücdə işləmək imkanlarını məhdudlaşdırmışdır. Buna baxmayaraq ARDNŞ-in strukrur bölmələri olan bu iki nəhəng müəssisə - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) və Azərneftyağ Neft Emalı Zavodunda (NEZ) istehsalın qorunması üzrə müvafiq islər görülmüş və onların illik kommulyativ gücü 18 milyon ton səviyyəsində saxlanılmışdır. Hazırda isə yalnız yerli xammal hesabına işləyən bu zavodlarda 3 dəfə az, ildə 6-7 milyon ton həcmində neft emal prosesi reallaşdırılır [1, 9].
Heydər Əliyev adına BNEZ-də yerli xam neft məhsulana əsaslanaraq benzin, dizel yanacağı, kerosin, soba mazutu, reaktiv mühərrik yanacağı istehsal edilir. Burada emal prosesi 1976-cı ildə layihə gücü 6,0 milyon ton/il olan «ELOU-AVT-6», 1980-ci ildə layihə gücü 1,0 milyon ton/il olan «Katalitik riforminq», 1986-cı ildə layihə gücü 1,5 milyon ton/il olan «Kokslaşdırma», 1998-cı ildə layihə gücü 1,2 milyon ton/il olan, reaktiv mühərrik yanacaqlarının təkrar emalını reallaşdıran «Merikem» və 1993-cü ildə tikilərək 2004-cü ildə işə salınmış, layihə gücü 2,0 milyon ton/il olan «Vakuum qazoylun hidrogenlə təmizləmə» qurğuları (Azərneftyağ NEZ-də istehsal edilən dizel yanacağı distillatları bu qurğuda təkrar emal olunur) vasitəsi ilə həyata keçirilir. Zavodun əsas son məhsulları: benzin, dizel yanacağı, kerosin, soba mazutu, reaktiv mühərrik yanacağından ibarətdir [1, 9, 11].
Azərneftyağ NEZ-də bitum, soba mazutu, sürtkü yağları - energetik və turbin yağları və Heydər Əliyev adına BNEZ-ə təkrar emala göndərilən ilkin emal benzini, dizel yanacağı distillatları, kerosin və vakuum qazoyl məhsulları istehsal olunur. Burada 1980-cı ildə layihə gücü 6,0 milyon ton/il olan bir və 1993-1994-cü illərdə hər birinin layihə gücü 2,0 milyon ton/il olan iki, ümumilikdə üç «ELOU-AVT», 1980-ci ildə layihə gücü 1,0 milyon ton/il olan «Yağ distillatlarının hidrogenlə təmizləmə» və 2002-ci ildə layihə gücü 250 min ton/il olan «Bitum istehsalı» qurğuları istismar edilir. Zavodun ELOU-AVT qurğularının ümumi gücü 10,0 milyon ton/il təşkil edir. Yeni müvafiq qurğular istismara verildikdən sonra 6,0 milyon ton/il güclü köhnə qurğu əsasən istifadəsiz qalmışdır. Zavodun əsas son məhsulları: bitum, soba mazutu, sürtkü yağları - energetik və turbin yağları, Heydər Əliyev adına BNEZ-də təkrar emala: ilkin emal benzini, kerosin, dizel disstillatları, vakuum qazoyldan ibarətdir [1].
Araşdırmalar göstərir ki, fəaliyyətdə olan neft emalı zavodları respublikanın bütün növ yanacaq və müəyyən sürtkü yağlarına olan tələbatını ödəyir. Lakin qeyd olunmalıdır ki, bu zavodlarda mövcud texnoloji sistem köhnə konstruksiyalıdır və müasir tələblərə dolğun cavab vermir. Burada vaxtaşırı zəruri investisiyalar yatırılmadığından müvafiq renovasiya prosesi də aparılmamışdır. Texnoloji gerilik hazırda bu zavodlarda müasir beynəlxalq standartlara uyğun məhsullar istehsalını mümkünsüz edir. Burada yüksək keyfiyyət standartlı məhsullar istehsalı üçün miqyaslı investisiya qoyuluşları tələb edən müxtəlif növlü yeni texnoloji qurğular quraşdırılmasına zəruri ehtiyac vardır. Belə zərurət, həm də keyfiyyətli neft məhsulları istehsalının təşkil edilməsi ilə daxili bazarın tələblərinin dolğun ödənilməsi və ölkənin ixrac potensialının son istehlak məhsulları ilə genişləndirilməsi strategiyasından irəli gəlir. Məlumdur ki, neft xam şəkildə son istehlak məhsulu ola bilməz. O, etibarlı istehlak üçün mütləq emal prosesindən keçməlidir [5, 7, 10]. Azərbaycan nefti də Avropa bazarlarına çatdırıldıqdan sonra müvafiq ölkələrdə emal edilməyə məruz qalır. Avropada, xüsusən İtaliya və Fransada keyfiyyətli və müasir standartlı emal və neft məhsulları istehsal edilən tam industrial komplekslər fəaliyyət göstərirlər. Ona görə də, respublikada neft emalı kompleksinin inkişafına diqqət daha da artırılmalı və mövcud emal zavodlarının modernizasiyası və ya neft emalı kompleksinin yenidən qurulması təşkil edilməlidir. Araşdırmalar göstərir ki, zəruri investisiyalar olduğu təqdirdə belə neft emalı zavodlarında yeni qurğuların quraşdırılması ilə müşayiət edilən genişmiqyaslı rekonstruksiya işlərinin aparılmasında çətinliklər və risklər yaranacaqdır. Bu çətinliklər həmin zavodların məxsusi mühafizə zolaqlarının olmaması və onların hər tərəfdən yaşayış massivləri və müxtəlif ticarət-xidmət obyektləri ilə əhatə edilməsi ilə əlaqədardır. Digər bir cəhət isə zavodların istehsal həcmi genişliyi və böyük ərazi tutumluluğu amili ilə bağlıdır. Sovetlər İttifaqının digər respublikalarının da tələbatını ödəmək məqsədi ilə istehsal həcmi genişləndirilmiş bu zavodlar özlərinin miqyas effektivliyini də itirmişlər. Dünya iqtisadiyyatının indiki inkişaf mərhələsində beynəlxalq təcrübədə belə nəhəng zavodların inşası məqsədəuyğun hesab edilmir. Lakin buna baxmayaraq, bir sıra ölkələr, xüsusən də, Çexiya, Polşa, Macarıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistan milli energetik strategiyalarına müvafiq olaraq bu tip zavodların inşasına və yenidənqurulmasına üstünlük verirlər [4, 8].

Qaz- emalı sənayesinin təşəkkülü və müasir vəziyyətinin qiymətləndirilməsi
Neft emalı ilə yanaşı respublikada qaz emalının da əhəmiyyəti artmaqdadır. Azərbaycanda da qazdan geniş istifadə XIX yüzilliyin ortalarından başlanğıc götürür. 1859-cu ildə Suraxanıda fəaliyyət göstərən zavodda ilk dəfə olaraq buxar əldə etmək üçün təbii qazdan yanacaq kimi istifadə olunmuşdur. Lakin qazın təmizlənməsi və qaz emalı sənayesinin əsasının qoyulması isə ötən əsrin ortalarına təsadüf etmişdir. Bu illər ərzində qazın təmizlənməsini və emalını həyata keçirən ilk qurğular və kiçik tutumlu müəssisələr yaradılmışdır. Hətta bölgələrdə - Siyəzən şəhərində də qaz benzini istehsal edən zavod fəaliyyət göstərmişdir. Qaz hasilatının sürətlə artması ilə 1953-cü ildə Bakıda ilk böyük həcmli qazayırma müəssisəsi - «Qazolin zavodu» istismara buraxılmışdır. Sonradan, 1960-cı ildə respublikada təbii və səmt qazlarınım emalını təmin etmək üçün layihə gücü 4,5 milyard m3 qaz və 550 min ton kondensat «Qaradağ Qaz Emalı Zavodu» tikilərək fəaliyyətə başlamışdır. Bu zavod 1986-cı ildə rekonstruksiya olunmuş və onun gücü 6,5 milyard m3-ə çatdırılmışdır [9]. Hazırda ARDNŞ-in struktur bölməsi kimi fəaliyyət göstərən zavodun əsas məqsədi təbii və səmt qazlarından metan-etan, propan-butan, qaz benzini və dizel yanacağı komponenti istehsal etmək olsa da, son zamanlar burada hər il orta hesabla 4 milyard m3 həcmdə təbii və səmt qazlarının qarışığı emal edilir. Əsasən respublikanın köhnə dəniz yataqlarında çıxarılan qaz böyük proporsiyalarda bu zavodda qəbul olunaraq emal və təmizlənmə prosesindən keçir. Bu emal tsikli də aşağı məhsuldarlıqlı olmaqla çox cüzi həcmdə təmizləməni həyata keçirir. Əslində bu zavod layihələşdiriləndə emal prosesində qazın tərkibindəki qiymətli komponentlərin çıxarılması texnologiyası nəzərdə tutulmamışdır. Bu gerilik amili burada beynəlxalq normalara uyğun qaz emalının aparılmasını mümkünsüz edir. Digər tərəfdən, zavodun istehsal gücü də ölkədə hasil edilən bütün qaz həcmlərinin emalının və təmizlənməsinin reallaşdırılmasına müvafiq deyildir.
Hesablamalar belədir ki, yaxın illərdə Azərbaycanda qaz hasilatının yüksələcəyi təqdirdə zavodun istehsal gücünün artırılmasına və yaxud tələblərə uyğun müvafiq tipli və ölçülü zavodların tikilməsinə ehtiyac yaranacaqdır. Bundan irəli gələrək, ARDNŞ-ın «Qaz proqramı»na əsasən zavodun istehsal gücünün 8 milyard m3-ə çatdırılması nəzərdə tutulmuşdur. Vəziyyətin qiymətləndirilməsi isə onu göstərir ki, bu köhnə texnologiyalı zavodun fundamental olaraq tamamilə yenidən təşkili daha məqsədəuyğundur. Yeni zavod və ya zavodlar silsiləsində isə istehsal prosesi emal normalarına tam cavab verəcək sistemdə təşkil edilməli və onların buraxılış gücü respublikada çıxarılan bütün qaz həcmlərinə uyğunlaşdırılmalıdır. Bundan başqa qaz emalı müəssisələri iqtisadiyyatı və əhalini keyfiyyətli təmizlənmiş qazla təmin edən və həmçinin qaz-kimya sənayesi müvafiq xammal ilə təchiz edən konstruksiyada qurulmalıdır. Bundan başqa, qaz emalı sənayesinin xüsusiyyətlərindən və dünya qaz bazarındakı meyillərdən irəli gələn maye və sıxılmış qazın istehsalının təşkili də nəzərə alımnmalıdır.
Apalılan təhlili araşdırmalar və iqtisadi əsaslandırmalar göstərir ki, ölkədə istehsal edilən qaz həcmlərinin maksimal emalını həyata keçirən yeni müəssisələrin yaradılması iqtisadiyyatın inkişafında, məşğulluğun təminatının yaxşılaşdırılmasında mühüm əhəmiyyət daşıyacaqdır. Belə perspektivin ekoloji dəyəri isə müasir sivilizasiyada digər mühüm bir qiymətləndirməni əsaslı edir.

Neft-kimya kompleksi: müasir reallıqlar və inkişaf meyilləri
Respublikanın neft və qaz emalı kompleksi yaradılarkən onun yalnız avtonom fəaliyyət göstərməsi nəzərdə tutulmamışdır. Bu kompleks həm də, respublikanın mövcud neft-kimya sənayesi üçün də əsas xammal bazası olaraq, bir sıra texnoloji sistem və kommunikasiyalarla bir-birinə bağlanmışdır. Belə ki, hazırda da Bakının neft emalı zavodlarında istehsal edilən nafta məhsulu xammal qismində Sumqayıtda yerləşən kimya zavodlarına birbaşa boru xətti ilə çatdırılır. Bu dəyərli xammal olmadan isə neft-kimya sənayesi də əhəmiyyətini itirəcəkdir. Göründüyü kimi, respublikada neft-qaz emalı sənayesi ilə milli neft-kimya sənayesinin əlaqəlikləri genişdir və ona görə də, hər iki sənaye sahəsinin inkişaf perspektivləri birlikdə nəzərdən keçirilməlidir.
Milli neft-kimya sənayesinin təşəkkülü də ötən əsrin ortalarına təsadüf edir. Hazırda ölkənin neft-kimya sənayesi 10-12 adda məhsul istehsalı üzrə ixtisaslaşaraq, ARDNŞ-in tərkibində olan Sumqayıtda yerləşən dörd - «Etilen-Polietilen», «Üzvi-Sintez», «Sintezkauçuk» və «Səthi aktiv maddələr» zavodlarını əhatə edir. Əvvəllər bu sənaye kompleksi yalnız neft-kimya sistemində deyil, digər kimya sənayesi sahələrini də əhatə edərək yüzə yaxın müxtəlif məhsul istehsalı üzrə ixtisaslaşmış 22 müəssisədən ibarət olmuşdur. Əsasən Sumqayıtda yerləşən kimya kompleksində ötən əsrin 60-ci illərində etilen, benzol, xlor və qələvi istehsalını təmin edən qurğular işə salınmış, etil və izopropil spirti, srurol, xlor, kaustik soda və sintetik kauçuk istehsalına başlanılmışdır. Bundan başqa alüminium xloridin istehsalı əsasında yuyucu maddələr buraxılışı təşkil edilmişdir. 1970-1980-ci illərdə İttifaqda yuyucu maddələrin mühüm hissəsi məhz Sumqayıtın kimya müəssisələrində istehsal olunmuşdur. Vurğulanmalıdır ki, o dövrdə 160-170 min ton həcmdə istehsal olunan yuyucu maddələrin yalnız 5-6%-i respublikanın ehtiyaclarına sərf edilmiş, qalan hissəsi isə onun hüdudlarından kənara göndərilmişdir. 1970-ci illərin sonlarında neft-kimya sənayesi gurğularının fiziki və mənəvi köhnəlməyə məruz qalması və onların olduqca aşağı məhsuldarlıqla istismarı burada istehsal səmərəliliyinə ciddi mənfi təsir etmişdir. İstehsalın aşağı düşməsini və texnoloji geriliyin aradan qaldırılması üçün ölkənin neft-kimya kompleksində 1988-cı ildə layihə gücü 450 min ton (300 min ton etilen, 150 min ton propilen) olan müasir EP-300 qurğusu tikililərək istismara verilmişdir. Sovetlər İttifaqının dağılması ilə respublikalararası iqtisadi əlaqələrin kəsilməsi, həmçinin ölkədə neft emalı həcminin azalması bu qurğunun potensial imkanlarından tam istifadə etməyə imkan vermir. Uzun illər modernizasiyası investisiyalaşdırılmayan bu qurğu özü də fiziki və həm də mənəvi köhnəlməyə məruz qalmışdır. İndi həmin qurğu 25% istehsal həcmində fəaliyyət göstərir. Statistik məlumatlara görə, hazırda ölkənin neft-kimya kompleksi müəssisələrində il ərzində 20-30 min ton kaustik soda, 30-35 min ton propilen, 50-60 min ton etilen, 40-50 min ton polietilen, 20-25 min ton izopropil spirti və 4-5 min ton lak-boya məlumatları istehsal olunur [9, 10]. Müasir zamanda mövcud neft-kimya zavodlarında istifadə olunuan qurğular öz istismar müddətlərini başa vurmuşlar və onlar keyfiyyət istehsal göstəriciləri beynəlxalq standartlardan xeyli aşağıdır. Belə hal isə burada istehsal diversifikasiyasının genişləndirilməsi, son məhsulun və xalq istehlakı mallarının istehsalını mümkünsüz edir. Qeyd olunmalıdır ki, neft-kimya sənayesinə onun əsas xammalı olan yüngül nafta dünya bazarlarında mövcud qiymətlərdən ucuz olmaqla verilir. Bundan başqa da kompleks enerjidaşıyıcıları ilə bağlı dıgər tarif güzəştlərinə də malikdir. Bütün bunlara baxmayaraq kompleksdə dayanıqlı rentabelli fəaliyyət təmin edilməmiş qalır və şirkətə məxsus zavodlar zərərlə işləyirlər. Bütün bunlar bir daha onu göstərir ki, respublikanın neft-kimya kompleksində köklü dəyişikliklər etməklə onun yenidənqurulmasına zəruri ehtiyac vardır. Məhz bundan irəli gələrək də Azərbaycan Respublikası Prezidentinin «Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında» sərəncamına (02 aprel 2010-cu il) müvafiq olaraq ARDNŞ-də beynəlxalq təcrübəyə uyğun vahid texnoloji prosesdə fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya sənayesi kompleksinin yaradılması işlərinə başlanılmışdır [12].
Aparılan təhlili araşdırmalar göstərir ki, respublikanın neft-kimya sənayesi üstün olaraq təbii qaz xammalına əsaslanan sistemdən yenidən qurulmalıdır. Əlbəttə ki, bu təyinat ilk olaraq, ölkədə mövcud və perspektiv təbii qaz xammalının həcmlərinə əsaslanır. Bundan başqa qaz-kimyası neft-kimyasından fərqli olaraq daha çox çeşidli xammal bazasına və bundan da çıxış edərək eyniliklə də daha çox məhsul buraxılışı çeşidliyinə malikdir. Əsaslandırmanı vurğulandığı kimi, ekoloji prioritetlik də bir daha möhkəmləndirir. Ona görə də, ölkədə daxili ehtiyacları ödəyən, idxaldan asılılığı azaldan və yüksək ixrac potensialı yaratmağa imkan verən kimya məhsullarının buraxılışının təşkil edilməsi iqtisadi və ekoloji cəhətdən daha əlverişli sayılmalıdır.

Perspektivlər və iqtisadi əsaslandırmalar
Müasir iqtisadi reallıqlardan və ekoloji tələblərdən irəli gələrək, respublikada qaz hasilatının yüksəlməsi ondan daha səmərəli istifadə edilməsi və bu istiqamətdə müvafiq istehsal strukturlarının yaradılması zərurəti ortaya qoyur. Hesablamalara görə, 2015-ci ildən başlayaraq ölkədə qaz təhvili həcmləri genişlənəcək və 2025-ci ildə indiki dövrə nisbətdə 3,5 milyard m3 (30%) artıq olacaqdır. 2017-2023-cü illərdə bu artım 45%-ə bərabər olmaqla, 2020-2021-ci illərdə pik həddə - 16 milyard m3-ə çatacaqdır. Bu o deməkdir ki, yaxın 10-12 ildə respublikanın Yanacaq-enerji balansında hər il orta hesabla 14-15 milyard m3 qaz resursu (orta hesabla 75:25 təbii və səmt qazı nisbətində) olacaqdır. Səmərəli istifadə perspektivliyi isə bütün həcmlərin emalını şərtli edir [3, 9, 11].
Emal texnologiyasına görə təbii və səmt qazları qarışığının 85-90%-i məişətdə və eneji istehsalında istifadə edilən metan, digər hissəsini isə qaz-kimyasının qiymətli xammalları olan etan, propan və s. komponentlər təşkil edir [5-7]. Belə həcmdə səmərəli emalı isə istismar müddətini tam başa vurmuş, müasir texnoloji və ekoloji tələblərə cavab verməyən Qaradağ Qaz Emalı Zavodunda təşkil etmək mümkün deyildir. Ona görə də, respublikada müasir texnoloji normalara və təhvil alınan qaz həcmlərinə uyğun, ətraf mühitə zərər vurmayan yeni müasir tipli və ölçülü iri və kiçik istehsal həcmli yeni zavodlar tikilməli və onun qiymətli komponentli məhsulları əsasında qaz-kimya kompleksi yaradılmalıdır.
Ümumiyyətlə, respublikada neft-qaz emalı və neft-kimya sənayesinin yenidən təşkilində ölkənin mövcud və perspektiv karbohidrogen ehtiyatları potensialı dəqiqliklə nəzərə alınmalıdır. Belə ki, respublikada təhvil qazının yalnız 4-5 milyard m3-i emal müəssisəsinə göndərilir. Ona görə də, digər qaz həcmlərinin əraziyə gətirilməsi üçün əlavə magistral xətləri olmalı və bu kəmərlər təbii və səmt qazlarını müvafiq həcmdə və ayrılıqda qəbul edən qollar üzrə çəkilməlidir. İnşa edilən qaz emalı zavodları isə istehsal həcmləri genişləndirilə bilən texnoloji sistemdə qurulmalıdır. Növbəti onillik ərzində respuklikada qaz təhvili həcmi 14-15 milyard m3 arası həcmdə dəyişəcəyinə rəğmən, onun tam emalını həyata keçirmək mümkün olduqda istehlak üçün hər il orta hesabla 12,5-14,5 milyard m3 təmizlənmiş qaz yaranacaqdır. Qalan hissə isə 1,2-1,4 milyon ton etilen-propilen xammalına bərabər olacaqdır ki, bunun da əsasında orta hesabla 1400-1600 min ton/il yüksək və aşağı sıxlıqlı polietilen, 100-150 min ton/il polipropilen və 70-80 min ton/il benzol istehsalını təşkil etmək mümkümdür. Bundan başqa ildə 0,5 m3 təbi qaz (metan) resursu bazasında orta hesabla 1 milyon ton azot gübrəsi (karbamid) buraxılışı və eyni həcmdə resursa istinadən metonol istehsalı da həyata keçirilə bilər. Bütün bu məhsullar yüksək ixrac qabiliyyətli olmaqla ölkə xəzinəsinə hər il milyon dollara bərabər xarici valyutanın daxil olmasını təmin edəcəkdir.
Neft hasilatı və təchizatı ilə bağlı perspektivdə gözlənilən problemlər isə bir qədər fərqli görüntülüdür. Hesablamalara görə, ölkədə neft təhvili hər il 1-2 faiz azalma tempi ilə 2025-ci ildə 6,9 milyon tona qədər azalacaqdır. Bu dövr ərzində ölkə əhalisinin sayı 22% artaraq, hazırkı 9 milyon nəfərdən 2025-ci ildə 11 milyon nəfərə yüksələcəkdir. İqtisadiyyatın güclənməsi sosal effektləri bir qədər də artıracaq və insanların rifah halı daha da yaxşılaşacaqdır. Əlverişli sosial durum enerji tələblərinin də artması ilə müşayiət ediləcəkdir. Belə bir şəraitdə respublikada hazırda mövcud 1 milyona çatmaqda olan avtomobil sayı 2025-ci ildə orta hesabla 2 dəfə artaraq 2 milyon olacaqdır. İndi respublikanın hazırki benzin tələbatı 1,3 milyon ton, dizel yanacağına tələb isə 1,1 milyon tondur. Hesblamalara görə, 2025-ci ildə benzin üzrə bu tələbat 80%, dizel yanacağı üzrə 2 dəfə artacaqdır. Bu tələbata uyğun neft emalının 50% artıraraq hazırkı 6 milyon tondan 2025-ci ildə 9 milyon tona qədər yüksəldilməsi lazımdır. Neft emalı ilə respublikanın avtomobil təsərrüfatının yanacaqla təminatı balansının pozulması 2016-2018-ci illlərə təsadüf edəcəkdir. 2025-ci ildə isə avtomobil yanacağı üzrə neft emalı defisiti 2,5 milyon tona yüksələcəkdir. Belə vəziyyətdə neft-emalı zavodlarından neft-kimya sənayesinə nafta məhsulunun verilməsi də dayanacaqdır. Bunun üçün isə indidən müəyyən tədbirlərin görülməsi vacib hesab olunur. İlk növbədə, respublika iqtisadiyyatının daha optimal inkişafı və səmərəliliyin artırılması istiqamətində enerji effektivliyi üzrə dövlət proqramları hazırlanmalı və həyata keçirilməlidir. Enerji ishehlakında genişliklə enerji qanətcil texnologiyalar, innovasiyalar tətbiq olunmalı, avtomobil təsərrüfatı az enerji məsrəfli sistemdə fəaliyyət göstərməlidir. Bədbin inkişaf ssenarisində 2015-2025-ci illərdə yaranacaq 1,0-2,5 milyon ton neft defisitinin aradan qaldırılması üçün xam neftin, hazır avtomobil yanacaqlarının xaricdən alınması və həmçinin AÇG-də olan pay neftinin bir hissəsinin emala yönəldilməsi nəzərdən keçirilə bilər.
Bir məqam də xüsusi ilə qeyd olunmalıdır ki, respublikamızda neft və qaz resursları ilə yanaşı kondensat da çıxarılır. Hazırda ölkəmizin dəniz yataqlarından ildə orta hesabla 400 min ton kondensat hasil olunur. Bu həcmlər mövcud yığım sistemində digər quyuların nefti ilə qarışdırılaraq sahilə çıxarılır. Dənizdən quruya kondensat nəqli ayrıca olmaqla yalnız Sahdəniz yatağında həyata keçirilir. Bu məhsul da sahildə AÇG nefti ilə Səngəçal terminalında qarışdırılaraq BTC xətii ilə Ceyhana nəql olunur. Göründüyü kimi, bu qiymətli karbohidgen məhsulundan da səmərəli istifadə olunmur. Ona görə də kondensatla bağılı ayrıca nəql sistemləri yaradılmalı və bu resurs hesabına da kimya məhsulu istehsalları təşkil edilməlidir. Ümumiyyətlə, respublikanın mövcud neft emalı və neft-kimya sənayesi müəssisələrində istehsal güclərinin optimallaşdırılması, məhsulların keyfiyyətinin artırılması və assortimentin genişləndirilməsi, aralıq məhsul istehsalından son ishehlak tələbli məhsul buraxılışına keçid üçün əsaslı rekonstruksiya işləri aparılmalı və yeni istehsal sahələri tikilib istismara verilməlidir.

Nəticələr
Aparılan təhlili araşdırmalar göstərir ki, yaxın onillikdə neft-qaz resurslarından səmərəli istifadənin optimal ssenarilərinin işlənilməsi və həyata keçirilməsi olduqca vacibdir. Bu, həm enerji təhlükəsizliyi və həm də iqtisadi təhlükəsizlik baxımından da mühüm strateji əhəmiyyətlidir.
Respublikanın karbohidrogen potensialına istinad olunaraq, əhalinin artan tələblərini təmin etmək, ölkə iqtisadiyyatının davamlı inkişafına nail olmaq məqsədi ilə mövcud neft-qaz emalı və neft-kimya sənayesi kompleksinin yenidənqurulması üzrə müxtəlif konseptual yanaşmalar nəzərdən keçirilə bilər. Bu yanaşmalar mövcud neft-qaz emalı və neft-kimya sənayesi müəssisələrinin rekonstruksiyasından başlayaraq tamamilə müvafiq olan, yeni müvafiq komplekslərin yaradılmasına qədər proqram və layihələndirmələri əhatə edə bilər. Əlbəttə, burada strategiya seçimi və onun konfiqurasiyası birmənalı olaraq dövlətə məxsusdur. Ona görə də, bizim tədqiqatmızda respublikanın neft-qaz emalı və neft-kimya sənayesinin modernizasiya və ya yenidənqurulması perspektivliyi seçimi tam olaraq israr edilmir. Lakin aparılan ilkin iqtisadi əsaslandırmalar göstərir ki, respublikanın neft-qaz emalı və neft-kimya kompleksinin tamamilə yenidən təşkili strateji, sosial və iqtisadi baxımdan daha məqsədəuyğundur. Bu məqsədəuyğunluq üstün olaraq ona əsaslanır ki, həmin müəssisələrin modernizasiya imkanları tükənmiş və onlar köhnə təməldə yeni qabacıl texnologiyaların daşıyıcılarına çevrilə bilməzlər. Aşınmanın miqyaslılıq fəsadları isə 3-4 illik dövrü əhatə edən yeni əsaslı rekonstruksiyalar tələb edəcəkdir. Bu səbəbdən də kompleksin yeni, genişlənmə və modernizasiya imkanları çevik olan sistemdə qurulması daha gərəklidir. Burada paralel olaraq mühüm amil kimi, həm də perspektivdə respublikanın karbohidrogen potensialının palitrasının dəyişkənliyi də dəyərləndirilir. Belə ki, yaxın gələcəkdə respublikanın Yanacaq-enerji balansında təbii qaz qəti üstünlüyü ələ alacaq və bu sistemə kondensat da giriş edəcəkdir. Bu perspektivdə isə neft-kimyası qaz-kimya strukturu ilə əvəzlənəcəkdir.

Təhlili əsaslandırmalar göstərir ki, respublikada neft-qaz emalı və neft-kimya sənayesinin yenidən təşkili işi mərhələli şəkildə aparılmalı, yeni qaz-kimya kompleksi Sumqayıtda formalaşdırılmalıdır. Əsaslandırma Sumqayıtda kimya kompleksi istiqamətindəki ənənviçilik, mövcud istehsal və sosial infrastrukrur dəyərliliyi ilə bağlanılır. Neft və qaz emal kompleksinin isə Bakı şəhərinin Qaradağ rayonunda Şəngəçal terminalına yaxın ərazidə qurulması texniki, texnoloji və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilir. Belə əsaslandırma Bakıdakı neft-emalı zavodlarının şəhər infrastrukturundan çıxarılması, onların ətraf mühitə ekoloji təsirliyinin azaldılması və xərclər baxımından da səmərəli olması və eyni zamanda kompleksin texnopark qismində nəqliyyat-kommunikasiya imkanlı, energetika potensiallı əlverişli ərazidə, kompakt strukturda təşkilinin əhəmiyyətliliyi ilə də əlaqələndirilir. Bununla belə, neft emalı müəssisələrinin təşkilində universal keyfiyyət çeşidli geniş məhsul diversifikasiyası, qazın ayrılması istiqamətində isə emal normalarına tam cavab verərək, respublikada hasil olunan bütün qaz həcmlərinə uyğun və əhalini keyfiyyətli təmizlənmiş qazla təmin edəcək gücdə istehsalın yaradılması əsas götürülməlidir. Eyni zamanda, yeni emal kompleksində daxili və xarici bazara hesablanmış maye və sıxılmış qazın istehsalının təşkili və onun respublikanın neft-kimya sənayesinə xidmət göstərməsi imkanlığı da nəzərə alımnmalıdır. Xüsusi ilə qeyd edilməlidir ki, respublikanın neft-qaz emalı və neft-qaz kimya kompleksinin yendən təşkili müəssislərin gücü və istismar müddətləri, artan əhali sayı və tələbatını, iqtisadiyyatın inkişaf dinamikasını və ümumilikdə müvafiq illər üzrə Yanacaq-enerji balanslarını nəzərə almaqla ölkənin mövcud və perspektiv karbohidrogen potensialına əsaslanmalıdır.

Ədəbiyyat siyahısı

  1. .Abdullayev R.İ., Xıdırov B.S. (2003), Azərbaycan neftayırma sənayesində, Bakı: Elm.
  2. .Hacızadə E.M., (2000), Energetik kompleks yeni islahatlar ərəfəsində, Bakı: Elm.
  3. .Hacızadə E.M., (2001), Azərbaycanın təbii qaz potensialı: reallıqlar və virtual cizgilər. Bakı: Elm.
  4. .Hacızadə E.M., (2002), Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı: Elm.
  5. .Бардик Доналд Л., Лeффер Уильям Л. Нефтехимия, (2005), М.: «Олимп-Бизнес».
  6. .Кузнецова А.И. Инфраструктура. Вопросы теории, методологии и прикладные аспекты современного инфраструктурного обустройства, Геоэкономический подход (2006), М.: Высшая школа.
  7. .Леффер Уильям Л. Переработка нефти, (2005),М.: ЗАО «Олимп-Бизнес».
  8. .Мирзаджанзаде А.Х., Султанов Ч.А., (1994), Этюды нефтяной концепции Азербайджана, Баку: Элм.
  9. .http://socar.az.
  10. .http://www.petrochemistry.az
  11. .http://www.azstat.org.
  12. .http://www.president.az.

Neft-qaz emalı sənayesinin strateji inkişaf perspektivləri

XÜLASƏ

Məqalə Azərbaycanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı neft-qaz emalı və neft-qaz kimya kompleksinin inkişafı və yendən təşkili məsələlərinə həsr olunmuşdur. Burada göstərilir ki, ölkədə hasil edilən karbohidrogen resursları xaricə əsasən xammal şəklində göndərilir. Neft-qaz emalı və neft-qaz kimya müəssisələri müəyyən qədər ixrac potensiallı olsalar da, hazırda texnoloji gerilik onların rentabelli işləməsində və həmçinin artan daxili bazar tələblərinin dolğun ödənilməsində çətinliklər yaradır. Aparılan təhlili əsaslandırmalar göstərir ki, yaxın onilliklərdə neft-qaz hasilatınıda baş verəcək statistik və dinamik meyillər respublikanın yanacaq-enerji balansının strukturunda da köklü dəyişikliklərə gətirəcəkdir. Ona görə də, enerji effektivliyi və iqtisadi səmərəlilik baxımdan respublikada müasir universal standartlara və bazar tələıblərinə cavab verən yeni neft-qaz emalı və neft-qaz kimya kompleksi yaradılmalıdır. Belə perspektivliyin səmərəliliyi məqalədə aparılan kompleks amilli təhlil ilə sistemli-məqsədli yanaşmada iqtsadi, strateji və texnoloji baxımdan geniş əsaslandırılmışdır.

Açar sözlər: Yanacaq-enerji balansı, enerji təhlükəsizliyi, neft və qazın emalı və neft-qaz-kimya sənayesi, iqtisadi səmərəlilik.

 

НАНА Институт Экономики,
д.э.н., проф. Эльшан Махмуд оглы Гаджизаде

Перспективы стратегического развития нефтегазоперерабатывающей промышленности

АННОТАЦИЯ

В связи с усилением энергетической безопасности Азербайджана статья посвящена вопросам развития и реорганизации нефтегазоперерабатывающего и нефтехимического комплекса страны. В ней указывается, что добываемые углеводородные ресурсы в республике направляются за границу в основном,  в сырьевой форме. Имея определенный экспортный потенциал предприятия этого комплекса, в данный момент из-за технологической отсталости сталкиваются с проблемами рентабельности, а также не в силах полностью обеспечивать внутренный рынок. Проведенные аналитические обоснованности показывают, что в ближайшее десятилетие в нефте-газодобываемой промышленности, возникающие статистические и динамические тенденции приведут к фундаментальным изменениям в структуре Топливно-энергетического баланса республики. Поэтому исходя от реальностей энергетических и экономических эффективностей, в республике необходимо воссоздание нового нефтегазоперерабатывающего и нефтехимического комплекса, отвечающего универсальным стандартам и рыночным требованиям. Эффективность такой перспективности в статье с проведенным комплексным факторным анализом, в системно-целевом подходе с экономической, технологической и стратегической точки зрения расширенно обоснована.

Ключевые слова: Топливно-энергетический баланс, энергетическая безопасность нефтегазоперерабатывающей и нефтехимической промышленности, экономическая эффективность.

 

Azerbaijan National Academy of Sciences Institute of Economy,
doctor of economic, prof. Hajizadeh Elshan Mahmud

Prospects of strategic development oil-gas processing the industries

ABSTRACT

In connection with strengthening of power safety of Azerbaijan, article is devoted to questions of development and reorganization oil-gas of a processing and petrochemical complex of the country. In her it is underlined that, extracted hydrocarbonic resources in republic go abroad basically to the raw form. Having the certain export potential of the enterprise of this complex, at present because of technological backwardness face problems of profitability, and also the home market cannot provide completely. Carried out analytical to validity shows that, the nearest decade in petro-gas of the extracted industry arising statistical and dynamic tendencies will result to fundamental changes in structure of Fuel and energy balance of republic. Therefore proceeding from realities power and economic efficiency, in republic the reconstruction of the processing oil-gas processing and petrochemical complex new oil-gas, adequate is necessary for universal standards and market requirements. Efficiency of such perspectivity in article with the carried out complex factorial analysis, in the system-target approach from the economic, technological and strategic point of view is expanded it is proved.

Key words: Fuel and energy balance, power safety, oil-gas processing and petrochemical the industry, and petrochemical the industry, economic efficiency.


143. Neft-qaz emalı sənayesinin strateji inkişaf perspektivləri. Elmi əsərlər, IV buraxılış. Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu. Bakı: 2010. 1.0 ç.v.