gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / AZƏRBAYCAN-TÜRKİYƏ: IQTISADIYYATLARIN KONVERGENSIYASI

08.10.2011

i.e.d.E.Hacızadə

Xülasə

Tədqiqatın məqsədini - Azərbaycanla Türkiyənin iqtisadiyyatlarının konvergensiyası perspektivliyinin konseptualizm formatında əsaslandırılması təşkil edir.
Tədqiqatın metodologiyası - sistemli və situasiyalı yanaşma, müqayisəli təhlil, məntiqi və deduktiv metodlar.
Tədqiqatın nəticələri - inteqrasion effektivlik - regional sferada vahid iqtisadi bazanın formalaşması, modern regional infrastrukturun təşəkkülü, regional əmək bölgüsünün optimallaşması; xarici effektlərin səmərəli tənzimlənməsi.
Tədqiqatın məhdudiyyətləri - konseptualizm formatlı olmaqla daha fundamental araşdırma tələb edir.
Tədqiqatın praktiki əhəmiyyəti: yeni regional inteqrasiya birliklərinin formalaşmasında paradiqma effekti.
Tədqiqatın orijinallığı və elmi yeniliyi - tədqiqat konvergeativ təmayüldə ilk dəfə tədqiq olunaraq elmi dövriyyəyə çıxarılır.

Açar sözlər: Azərbaycan iqtisadiyyatı, Türkiyə iqtisadiyyatı, iqtisadi konvergensiya, regional inteqrasiya.

Azerbaijan - Turkish: Convergence economy

Hajizadeh Elshan Mahmud
doctor of economic, prof.
Azerbaican State Economic University

Abstract

Purpose. Substantiation on a format of conceptualism perspectivity of convergence to economy of Turkey and Azerbaijan.
Design/methodology/approach. System and situational the approach, the comparative analysis, logic and deductive methods.
Findings. integration efficiency - formation of the uniform economic market on regional to sphere, оccurrence modernised regional infrastructures, оptimisation division of regional work, rational regulation of by-effects.
Research limitations/implications. Proceeding from a conceptualism format, demands more fundamental research.
Practical implications. Paradigmalnyj effect, at formation new regional integration connections.
Originality/value. On orientation of convergence research in the first is deduced on a scientific turn.

Key words: Turkish economy, Azerbaijan economy, economic convergence, regional integration

JEL Classification Codes: A11, F15, P27, R23


Giriş
Yer üzündə Azərbaycanla Türkiyə arasındakı dövlət və milli qardaşlığa paralel ola biləcək nümunələr hələ ki, mövcud deyil. Hətta çox yumşaq olmayan viza rejimi, qənatbəxş görünməyən ticarət dövriyyəsi belə ölkələr və xalqlar arasındakı münasibətlərin Avropa Birliyi (AB) dövlətləri inteqrasiyasından daha güclü və möhkəm olduğunu nümayiş etdirir. Mənəvi baxış reallıqlarında isə qardaş ölkələr arasında sərhədlər əsla yuyulmuş, vətəndaşlıq ümumi sosial məzmun almışdır.
Bu gün ulu öndər Heydər Əliyevin «bir millət, iki dövlət» prinsipinə əsasılanan Azərbaycan-Türkiyə birliyinin yeni inkişaf müstəvisinə qaldırılması qardaş ölkələr arasında ən mühüm aktual məsələlərdən birinə çevrilmişdir. Bunun nəticəsidir ki, 2010-cu il sentyabrın 15-də İstanbulda, «Çırağan» sarayında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan «Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə» imzalamış, bununla da, qardaş ölkələr həyatın bütün sahələrinə nüfuz edən, uzunmüddətli qarşılıqlı əlaqələrin genişlənməsinə hesablanan strateji əməkdaşlıq vektorunu daha irəlilərə aparmaq əzmini bir daha nümayiş etdirmişlər [1]. Bu Şuranın yaradılması ilə köklü vəhdətdən çıxış edən, eyni dildə danışan, müştərək tarixi və coğrafiyanı paylaşan xalqlar dərinləşən inteqrasiyadan faydalanaraq, davamlı rifahın təminatı üçün bütün sahələrdə birgə fəaliyyətlər aparacaq və daha uğurlu nəticələrə nail olacaqlar. Bu yaxınlığın potensialını davamlı generasiyada inkişaf etdirmək üçün mövcud inteqrasiyanın vahid iqtisadi şəbəkəliyə qədər dərinləşdirilməsi zəruridir. Belə dərinləşən inteqrasiyanın isə sosial-hüquqi vəhdətlik müstəvisində iqtisadiyyatların konvergensiyasınıı təmin edəcəyi düşünülür. Bunun üçun isə kifayət qədər əsaslar vardır. Bu əsasları milli genetik birlik, mental dəyərlər bazasında qloballaşma və regionlaşma çağırışları daha da aktuallaşdırır. Gerçək aktuallıqdan çıxış edərək bizim tədqiqat araşdırmamızın da məqsədini Azərbaycanla Türkiyənin iqtisadiyyatlarının konvergensiyası perspektivliyinin konseptualizm formatında əsaslandırılması təşkil edir.

Konvergensiya fəlsəfəsi
Konvergensiya latın mənşəli (converges)  istilah olaraq birbaşa tərcümədə meyil edən, yaxınlaşan mənalarını verir. İqtisadiyyat sferasında konvergensiya müxtəlif iqtisadi sistemlərin yaxınlaşmasını, onlar arasında sərhədlərin yuyularaq sıradan çıxmasını və nəticədə vahid müstəvidə birləşməsini ifadələndirir [2]. İstilah özü ötən əsrin 50-60-cı illərində biologiyadan iqtibas etdirilmişdir. Bu «əməliyyat» təsadüfi bas verməmişdir. Belə ki, 1958-ci ildə Qərb elmində sənayecə inkişaf etmiş kapitalist və sosialist ölkələrinin müştərək iqtisadi sistem zəminində birləşməsini əsaslandıran «vahid industrial cəmiyyət» adlı doktrina formalaşmışdı. 1960-cı ildə isə dünya tarixinin mərhələləri və əsas səviyyələrinin sosial-fəlsəfi izahına yönəlmiş «artım mərhələləri» adlı digər bir nəzəriyyə meydana çıxmışdı. Bu konsepsiyalar daha bir ümumi olan yeni nəzəriyyənin formalaşmasına gətirmişdir. Belə ki, bir çox dünya alimləri o zaman kapitalizm və sosializmin qarşılıqlı təsir və qarşılıqlı əlaqəlilik prosesləri perspektivində yeni baxışları birləşdirən yaxınlaşma - konvergensiya adlanan müqabil nəzəriyyə yaratmışlar. Bu nəzəriyyənin yaradıcıları görkəmli institusionalizm nümayəndələri ABŞ alimi Con Kennet Qelbreyt (1908), ingilis dövlət xadimi Con Streyçi (1901-1963), hollandiyalı Yan Tinbergen (1903-1994), fransız Raymon Aron (1905-1983) və başqaları hesab olunurlar [3].
Mahiyyətcə «konvergensiya nəzəriyyəsi» SSRİ və ABŞ-ın bir-birinə qarşı hərəkəti ilə ümumiləşmiş iqtisadi modelin əldə edilməsinə yönələn nəzəriyyəni ehtiva edir. Belə ki, Sovetlər İttifaqı kapitalizmdən mənfəətçilik konsepsiyasını, kapitalist ölkələri, o cümlədən ABŞ isə SSRİ-dən dövlət planlaşdırılması təcrübəsini götürür. Nəticədə təkamüllə iki müxtəlif siyasi sistemin yaxınlaşması əsasında strateji biçimli daha uğurlu iqtisadi model əldə olunur. Ona görə də, konvergensiya fəlsəfəsi nə kapitalist və nə də sosialist olan «vahid industrial cəmiyyət» quruculuğu hipotezinə əsaslanır. Bir cəhəti də xüsusi ilə qeyd etmək lazımdır ki, konvergensiya nəzəriyyəsi»nın başlıca motivlərindən biri də, dünyanın parçalanmaması və istilik-nüvə konflikti təhlükəsinin qarşısının alınması olmuşdur [4].
Belə bir həqiqət mövcuddur ki, inkişaf etmiş ölkələrdə kapitalizmin postindustrial cəmiyyətə təkamüllü transformasiyası və müasir qarışıq iqtisadiyyat quruculuğu pozitiv təyinatda inkişaf tapmışdır. Postsovet düşərgəsində isə proseslər sistem qeyri-mükəmməliyindən iqtisadi böhranlarla müşayiət olunaraq çoxlu neqativləri önə çıxarmışdır. Bununla da, 1980-ci illərdə «konvergensiya nəzəriyyəsi» əzəli aktuallığını itirmiş və iqtisadi fikir tarixinin predmetinə çevrilmişdir. Lakin digər bir gerçəklik də vardır: bu tarixi ərəfədə Çin iqtisadi modelinin atası Den Syaopin planlı iqtisadiyyat ilə bazar iqtisadiyyatını birləşdirən geniş miqyaslı iqtisadi islahatların təşəbbüskarı kimi çıxış etmiş və əməli fəaliyyəti ilə ölkəsini dünya bazarının bir hissəsinə çevirmişdir. Diqqətlə yanaşıldıqda aydın görünür ki, möcüzəyə çevrilən Çin iqtisadi modelinin uğur strategiyası yeterincə «konvergensiya nəzəriyyəsi»ndən qaynaqlanmışdır. Sovetlər İttifaqı isə bu fenomendən yararlana bilmədiyi üçün çökmüşdür [2, 4].
Artıq qloballaşan dünyamızda iqtisadi konvergensiyaları şərtləndirən, qarışıq iqtisadiyyat sistemini mükəmmələşdirən, regional birliklərdə adaptasiya olunan yeni meyillər güclənməkdədir. Təsadüfi deyil ki, hazırda «konvergensiya» istilahı inteqrir poroseslərin şərhi kimi dövriyyə olunur.
Müasir dünya inteqrasiya inkişafının əsasında ümumi meyilləri ifadə edən elmi-texniki və sosial-iqtisadi tərəqqinin imperativləri dayanır. Onlar milli xüsusiyyətləri qorumaqla iqtisadiyyatların qovuşması və birləşməsini stimullaşdılrır. Proses getdikcə daha geniş vüsət alır və daha çox ölkələr regional qruplarda birləşməyə meyil edirlər. Bu inteqrasiyadan isə Azərbaycan və Türkiyə daha üstün bəhrələnmək imkanlarına malikdirlər.

Türkiyə iqtisadiyyatı: səciyyəvi xüsusiyyətlər və inkişaf konsepsiyası
Hər bir ölkə dünyanın ümumi qanunauyğunluğunda özünəməxsusluğu ilə əks olunur. Bu mənada rəqabət gücü daim artan, inteqrasiya imkanları genişlənən Türkiyə öz iqtisadi əzəməti ilə xüsusi fərqlənir. O, iqtisadi keyfiyyətdə çox perspektivli bir ölkə olaraq qiymətləndirilir. Türkiyənin potensialı da, hədəfləri də olduqca böyük və genişdir. 75 milyon insan resursuna malik ölkənin daxili bazarı Almaniya istisna olmaqla bütün Avropa Birliyi üzvü ölkələrindən böyükdür. Bu vəziyyət ona daha çox xarici investisiyalar cəlb etmək imkanı verir. Burada aşağı xərcli istehsal bazası 360 milyonlu AB ölkələri istehlakçıları üçün əhəmiyyətli sayılır [5].
Beynəlxalq əmək bölgüsündə pay artımı ilə irəliləyən Türkiyənin iqtisadi rəqabətqabiliyyətliliyi də yüksək dinamızm ilə inkişaf edir. Burada hər saat ərzində 14-15 dollarlıq əlavə dəyər yaradılır [5].
Türkəyinin iqtisadiyyatında xarici ticarət sektoru əhəmiyyətli rol oynayır. Bu, ilk oncə onunla izah edilir ki, burada təbii resurs bazası kifayətedici miqyaslarda deyil. Buna görə də idxalın əksər hissəsini enerji resursları təşkil edir. Amma təbii sərvətlər palitrasına kəmiyyət və keyfiyyət baxımından baxdıqda görərik ki, ölkədə zəngin qara və qonur kömür, xromitlər, mis və dəmir filizi yataqları mövcuddur. Burada həmçinin qurğuşun, sink, kükürd və digər faydalı qazıntı məhsullarının ehtiyat həcmi də iqtisadi təyinatlıdır [6].
Ölkənin üç tərəfdən dənizlərlə əhatə olunması balıq sənayesinin tərəqqisinə təkan verir. Türkiyə meşə resursları sıradan da əlverişli coğrafiyaya malikdir. Ərazinin 26%-ni meşəli sahələr əhatə edir. Bu göstəriciyə görə o, Avropada Rusiya, İsveç və Finlandiyadan sonra 4-cü yerdə qərar tutur [5].
Aqrar sektorun da ölkə iqtisadiyyatında payı əhəmiyyətli hesab edilir. Ölkə ərazisinin 1/3 hissəsi əkinçiliyə cəlb olunmuşdur. Bu göstəriciyə görə o, Avropada 2-ci, Asiyada 4-cü yerdə qərar tutmuşdur. Ekstensiv templərilə inkişafda olan heyvandarlıq sahəsi aqrar sektorda 2-ci yerdə durur. Ümumiyyətlə, meşə, balıqçılıq təsərrüfatı ilə birlikdə aqrar sektor ölkə ÜDM-də 16% çəkiyə malikdir [5].
Türkiyənin nəqliyyat sistemi də inkişaf etməkdədir. Ölkə əhalisinin 3%-i bu strukturda fəaliyyət göstərir. Burada ənənəvi olaraq gəmiçilik daha çox əhəmiyyət kəsb edir. Ölkənin dövlət dəmir yollarının uzunluğu 11 min km-ə yaxındır. O, Şuriya, İran və Avropa ölkələri ilə birbaşa çıxışa malikdir. Daşınmalarda avtomobil nəqliyyatı dominant mövqedə dayanır. Daxili yük dövriyyəsinin 70%-dən çoxu bu nəqliyyat sisteminin üzərinə düşür [5, 6].
Ölkənin istehsal keyfiyyətinin artması ixrac potensialını da genişləndirir. İndi Türkiyənin ixrac məhsulları arasında hazır məhsullar, şüşə, keramika məmulatları üstünlük təşkil edir. Avropanın 6 nəhəng avtomobil sənayeçisi olan ölkədə istehsal edilən avtomobillərin 80%-i ixraca yönəldilir. AB ölkələrində ənənəvi olaraq satılan televizorların 40%-i Türkiyədə istehsal olunur. AB ilə bağlanan gömrük sazişi ölkədə qiymət tənzimlənməsində mühüm təsirə malikdir [7].
Elmi-tədqiqat layihə konstruktur işlərinin ÜDM-də 0,5%-lik payına baxmayaraq, burada elmi-texnoloji irəliləyiş böyük sürət toplamaqdadır. Ölkənin hərbi-sənaye sistemi artıq əsaslı olaraq milli elmi təfəkkürün inhisarına keçməkdədir. Türkiyədə iqtisadi münasibətlərin inkişafının mühüm istiqamətlərindən biri kimi də AB, ABŞ və Yaponiya ilə texnologiyalar mübadiləsi çıxış edir [5].
Türkiyə inteqrasiyanın bütün sahə spektrlərində fəallıqla iştirak edir. NATO üzvü olaraq bu sistemdə ordu gücü ilə ABŞ-dan sonrakı yeri tutur. Böyük iyirmiliklər (G20) silsiləsində 15-16-cı yerləri bölüşür. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında əhəmiyyətli mövqe tutur. Türkiyə öz arealında və ondan kənarda neçə-neçə qlobal və regional təşkilartın üzvü kimi əhəmiyyətli fəaliyyət göstərir. Bu gün qlobal geosiyasi təbəddülatlar Türkiyənin ətraf ərazidə, Qafqaz və Balkanlarda yeni regional gücə çevrildiyini nümayiş etdirir. Bütün bu iqtisadi inkişaf templərinin əsasında isə başlıca olaraq ölkənin metal resursları dayanır. Ötən əsrin 80-90-cı illərindən islahatçı hökumətlər tərəfindən iqtisadiyyatın fundamental bazar əsaslarına keçməklə dünya iqtisadiyyatına inteqrasiya olunan açıq iqtisadi sistemə çevriliş strategiyalı liberal kurs qəbul edilməsi onu davamlı inkişaf zolağına çıxartmışdır [3]. Dövlət müəssisələrinin genişmiqyaslı özəlləşdirilməsi, xarici ticarətin liberallaşdırılması, ixracatın stimullaşdırılması nəticəsində illik iqtisadi artım templəri bu mərhələdə 5-7% səviyyəsinə qalxmışdır. Ölkənin sonrakı mərhələlərdə iqtisadi irəliləyişləri davamlı olmuşdur. İndi Türkiyə qarşısında daha ambisiyalı iqtisadi prioritetlər dayanır. Hədəflər, proqnoz hesablamalar bəyan edir ki, 2023-cü ildə Türkiyə Avropada ikinci olmaqla, dünyanın 10 iqtisadi qüdrətli ölkəsindən birinə çevriləcəkdir. Müəyyən qlobal güclər bunun qarşısını almağa çalışmaqda olsalar da, bu iqtisadi sistem təyin etdiyi nizamlı inkişaf kursu ilə irəliləyəcəkdir.

Azərbaycan iqtisadi modeli və inkişafın perspektivləri
Azərbaycan çox qısa olan bir müddət ərzində biçimli neft siyasəti həyata keçirərək özünün iqtisadi potensialını xeyli artırmış və regionda lider dövlətə çevrilmişdir. Hazırda Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatında 75% çəkiyə malikdir. Onun iqtisadi qüdrəti və dünyada geosiyasi əhəmiyyəti artmaqda davam edir. Bunun nəticəsidir ki, son illər xarici investorların Azərbaycana marağı daha da artmış və ölkədə inteqrasiya prosesləri xeyli fəallaşmışdır. Yaradılmış adekvat biznes mühiti ilə iqtisadiyyata 80 milyard $-dan çox investisiya cəlb edilmişdir ki, bunun da yarıdan çoxu xarici sərmayələrdir. Adambaşına düşən xarici investisiyaların həcminə görə MDB məkanında və Şərqi Avropada aparıcı dövlətlər sırasında yer alan Azərbaycan, artıq özü xaricə investisiya yatıran bir ölkəyə çevrilmişdir [1, 8].
Neft və qaz resurslarından səmərəli istifadə etməklə ölkədə avtonom fəaliyyətli məhsuldar və dayanıqlı qeyri-neft sektorunun formalaşdırılması, sənayeləşmənin genişlənməsi və modernizasiyası, aqrar sahənin hərtərəfli stimullaşdırılması, infrastruktur yenidənqurması, regionlar arasında bərabərsizliyin aradan qaldırılması, ixrac potensialının artırılması və diversifikasiyası, bununla da yüksək sosial təminatlı həyat səviyyəsinə nail olunması, müasir Azərbaycan iqtisadi siyasətinin leytmotivini təşkil edir. İndi ölkədə iqtisadi quruculuq yeni mexanizmdə - dövlət proqramları əsasında aparılır. Həyata keçirilən proqramlar nəticəsində son 6 ildə 900 mindən çox yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 4 dəfədən çox azalaraq 11%-ə enmişdir. Ölkədə enerji təhlükəsizliyi ilə bağlı problem tam həllini tapmış, iqtisadi təhlükəsizliyin digər substansiyaları üzrə təminatlar maksimallaşdırılmışdır. Potensial karbogen ehtiyatları yenidən dəyərləndirilən ölkədə hazırda onun kommulyativ həcmi 5 milyard ton neftə ekvivalent tutulur. Son dövrlərdə müasir tipli 12 yeni elektrik stansiyası tikilib istifadəyə verilmiş, daxili qazlaşma səviyyəsi 85%-i ötmüşdür. Bununla belə, ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi üçün zəruri tədbirlər həyata keçirilməkdədir. İndi Azərbaycan enerji idxalçısı olan ölkədən, onun potensiallı ixracatçısına, eyni zamanda Avropanın da enerji təhlükəsizliyinin təminatının fəal iştirakçısına çevrilmişdir. Hər gün neft və qaz satışından ölkənin daxili valyuta bazarına böyük həcmdə pul vəsaiti daxil olur. Bunun nəticəsidir ki, Azərbaycanın valyuta ehtiyatları artaraq 30 milyard $-ı ötmüşdür. Hökumət xarici valyutanın alqı-satqısında inhisarçılıqdan imtina edərək bu funksiyanı özəl sektorla - kommersiya bankları ilə bölüşmüşdür. Maliyyə resurslarının artması konstruktiv borclanma siyasəti, böhranlara qarşı davamlılıq ölkənin uğurlu sosial-iqtisadi persvektivliyini əsaslandırır. Böyük təbii və insan resurslarına malik ölkədə pul-kredit siyasətinin təkmilləşdirilməsi, inhisar səviyyəsinin minimallaşdırılması, rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm işlər həyata keçirilir [8].
Azərbaycan xarici iqtisadi əlaqələrə xüsusi önəm verir. Hazırda 140-dan çox ölkə ilə əlaqələr mövcuddur. Bu sferada Türkiyə ilə qarşılıqlı münasibətlər əhəmiyyətli pillədə qərar tutur. Bu  da təbiidir. Lakin sovet təsərrüfatı inteqrasiyası ənənviçiliyinin davam etməsi ilə xarici ticarət dövriyyəsində yenə də Rusiya irəlidədir. Ümumilikdə isə xarici ticarət əlaqələrində Avropa İttifaqı ölkələri xüsusi yer tutur və onların bu dövriyyədəki payı 40%-ə yaxındır [8].
2009-cu ildən Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesinin başa çatması ölkənin sosial-iqtisadi inkişafını keyfiyyətcə yeni mərhələyə çıxartmışdır. Aparılan iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunda artımlar artıq bir neçə müddətdir ki neft sektorunun özünü üstələməkdədir. İndi burada 4 milyondan çox işçi çalışır. Sahibkarlığın davamlı inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması nəticəsində özəl sektorun ölkə iqtisadiyyatında payı 80%-ə yüksəlmişdir [1, 8].
Proqnozlara görə ölkədə növbəti ildə ÜDM-in həcmi 40,2 milyard manat, 2014-cü ildə isə 53 milyard manatdan çox olacaqdır. 2011-ci ildə qeyri-neft sektorunda 7,2% artım nəzərdə tutulmuş, orta aylıq əmək haqqının 379 manat, 2014-cü ildə 551 manat olacağı proqnozlaşdırılmışdır. Növbəti ildə əhalinin gəlirlərinın 29,8 milyard manat, 2014-cü ildə isə 44,5 milyard manat səviyyəsində olacağı gözlənilir [1].

Türkiyə-Azərbaycan əlaqələrinin müasir durumu və inkişaf meyilləri
Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrə nəzər yetirdikdə bu əlaqələrin əsasında üstün olaraq ticarətin dayandığını görərik. Həmin əlaqələr Sovetlər İttifaqının dağılması ərəfəsində dövriyyə yığsa da, daha geniş potensialda Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə irəliləyiş tapmışdır. Türkiyə ilə Azərbaycan arasında iqtisadi münasibətlər 1992-ci ilin noyabrında imzalanan ticari-iqtisadi sahədə əməkdaşlıq, investisiyaların təşviqi və qorunması haqqında sazişlər əsasında hüquqi müstəviyə keçmişdir. Bu məqamdan etibarən Türkiyə iş adamları Azərbaycana investisiyalar qoymağa başlamış və 1994-cü ildə ikiqat verginin aradan qaldırılması haqqında sazişin imzalanması ilə sərmayələrin həcmi artaraq genişlənmişdir. Bu gün iki ölkənin ticarət dövriyyəsinin həcmi 3 milyard $ üstələmişdir. Ticarətdə ixrac çeşidi Türkiyənin xeyrinə olaraq 20 dəfəyə (orta hesabla 2500 : 130) yaxındır [4, 8]. Türkiyədən Azərbaycana idxalda ərzaq və kənd təsərrüfatı məhsulları, elektrik cihazları, neft-kimya məhsulları, müxtəlif maşınlar və avadanlıq, inşaat-tikinti materialları, ipək, tekstil və trikotaj məhsulları, müxtəlif avtomobil hissələri, məişət avadanlıqları, metallurgiya məmulatları və mebel üstünlük təşkil edir. Azərbaycandan Türkiyəyə isə neft, neft məhsulları, pambıq mahlıcı, polietilen, şəkər çuğunduru və s. ixrac olunur. Bu ticarətdə əsas məhsul rolunda təbii ki, neft və qaz çıxış edir.
Türkiyə tərəfi Azərbaycanın 5 mühüm enerji layıhəsində paya (Bakı-Tbilisi-Ceyhan - 6,15%, Azəri-Çıraq-Günəşli - 6,75%, Şahdəniz - 9%, Kürdaşı -5% və Araz Alov-Şərq - 10%) malikdir [9]. Türkiyənin Azərbaycanda bu və ya digər sahədə həyata keçirilən layihələrdə iştirakına rəğmən yönəltdiyi investisiya qoyuluşlarınnın ümumi həcmi 6 milyard $-a bərabər tutulur. Bunun əksi olaraq Azərbaycan da Türkiyənin iqtisadiyyatına miqyaslı yatırımlar yönəltməyə nail olmuşdur. Belə ki, ARDNŞ çox geniş həcmli portfel investisiyalar əsasında Türkiyədə ölkənin neft-kimya məhsulları bazarının 25%-nə nəzarət etdiyi Petkim Petrokimya Holding AS-yə sahib çıxmışdır [1].
Azərbaycanda Türkiyə sərmayəli şirkətlər daha çoxdur. Bu qurumlarda ümumilikdə 30 mindən çox işçi çalışır. Türkiyə şirkətləri sənaye, istehsal, telekommunikasiya, inşaat, mətbuat, qida, tekstil, təhsil, səhiyyə, bank və sığorta, nəqliyyat, avtomobil, neft sahələrində fəaliyyət göstərirlər.
Azərbaycanla Türkiyə arasında iqtisadi əlaqələrin inkişafında Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti (TÜSİAB) mühüm rol oynayır. TÜSİAB-ın 300-ə yaxın üzvü var. Onların 250-dən çoxu 100% Türkiyə sərmayəsi ilə çalışır. Azərbaycan-Türkiyə iqtisadi əlaqələrində əhəmiyyətli rol oynayan təşkilatlardan biri Azərbaycan Türkiyə İş Adamları Birliyidir (ATİB) ki, onun da 100-ə yaxın üzvü vardır. Bu şirkətlərin də yarıdan çoxu 100%-lik Türkiyə sərmayəsi ilə çalışırlar. Qeyd olunmalıdır ki, bir sıra Türkiyə şirkətləri həm TÜSİAB-da və eyni zamanda ATİB-də də təmsil olunmuşlar. Bununla belə, Azərbaycan iqtisadiyyatının sektorlarında bu təsisatların  heç birində təmsil olunmayan türk şirkətləri də mövcuddur. Ümumiyyətlə, Azərbaycanda Türkiyə sərmayəsi ilə çalışan, müştərək müəssisə və təmsilçilik kimi fəaliyyət göstərən şirkətlərin sayının 1250 olduğunu təxmin edilir. Bu isə Azərbaycanda çalışan xarici şirkətlərin orta hesabla 30%-nə bərabərdir [1, 4, 8].
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilişi, gələcəkdə Nabukko, Transxəzər layihələrinin işə düşməsinin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında əhəmiyyəti danılmazdır. Həmin nəqliyyat kommunikasiyaları yalnız iki dövlətin xidmətinə deyil, bütövlükdə Avropa və Asiya regionunun inteqrasiyasına hesablanmışdır. Bu mühüm layihələrin reallaşması isə artıq yeni geoiqtisadi regional situasiyanın yaranışına gətirib çıxarmışdır. Onlar həm bölgədəki vəziyyətə müsbət təsir göstərir və həm də gələcək çoxtərəfli regional əməkdaşlıq üçün də mühüm amil rolunu oynayır.
Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr türkdilli ölkələr arasındakı əlaqələrə də ciddi təsir göstərir. Ümumiyyətlə, Türkiyə-Azərbaycan əlaqələri bütövlükdə türk dünyasının birləşməsi istiqamətində xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar isə özü-özlüyündə bir daha Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığının konvergensiya iqtisadi modeli əsasında genişləndirilməsi yönümündə mühüm baza rolunda çıxış edir.

İqtisadi konvergensiya strategiyası
Türkiyə və Azərbaycanda həyata keçirilən iqtisadi islahatların nəticələri burada yaxın və orta perspektivdə uğurların çox və davamlı olacağına yəqinlik verir. Azərbaycanın bol karbohidrogen ehtiyatları, onların izafi balans saldosu hələ bir neçə onillik Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolunun saxlanması ilə müşayiət olunacaqdır [1, 9]. Türkiyənin daha üzunmüddətli strateji proqramlara malik olması, AB ilə tam hüquqlu inteqrasiya yaratmaq inadı və bu inadı reallaşdırmaq üçün əlverişli iqtisadi qaynaqlara, alət və mexanizlərə sahib çıxması stareji ambisiyaların gerçək reallaşmasını dolğun əsaslandırır. Bununla belə, hər iki dövlətin bir-birini tamamlayan iqtisadi qaynaqlara malikliyi, nəqliyyat kommunikasiyalarının diversifikasiya edilmiş sistemliyi, başlıca olaraq da genetik dəyərlərin vahid iqtisadi ukladda köklənməsi konvergensiya strategiyası üçün mühüm təməli əsaslar yaradır.
İki müstəqil dövlətin iqtisadiyyatlarının konvergensiyası heç də ölkələrin ayrı-ayrılıqda iqtisadi avtonomiyasının aradan qaldırılmasını hədəf götürmür. Bununla heç də Azərbaycan bütün enerji resurslarını Türkiyə ilə paylaşmış olmur. Türkiyə də öz tərəfindən Azərbaycanın istehsal və xidmətlər bazarını inhisara almır. Bu strategiyaya əsasən hər şey əslində öz axarı ilə gedir. Dəyişən isə ümumi institusional baza əsasında ukladların vahid bir orqanizmdə fəaliyyət göstərməsidir. Burada başlıca hədəf Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası tələblərinə cavab verən, AB nümunəli və bir çox sahələrdə ondan da üstün olan daha dərin iqtisadi inteqrasiyanın formalaşdırılmasından ibarətdir. Konvergensiyanın institusional bazası isə yalnız iqtisadiyyatı deyil, elm-təhsil, mədəniyyət, səhiyyə və ümumilkdə bütün humanitar sahələri ehtiva etməlidir. Bu ondan irəli gəlir ki, bütün bu sahələrin özlərinin dərin iqtisadi təməlləri mövcuddur.
Əlbəttə, Türkiyə və Azərbaycan iqtisadiyyatlarının konvergensiyası bir içim su məzmunlu deyildir. Lakin bu inteqrasiyanın məsafəsi Avropanın birləşməsi tarixindən də qısadır. Ona görə ki, hər iki ölkə arasında birləşdirici klasterlər yetərincədir.
Bir daha aparılan araşdırmaların yekunu olaraq vurğulanır ki, bu inteqrasiya strategiya xarakterlidir. Strategiya isə siyasətin konkretləşməsi, dəqiq təyinatlı fəaliyyət məqsədlərinə və hərəkətin təşkili metodlarına zəruri resurslar və mümkün potensial imkanlar müqabilində seçilmiş yolla nailolma çərçivəısində onun işçi sənədinə çevrilməsini şərtləndirir. Struktur komazisiyada strategiya plan, idarəetmə sənədləri, qrafiklər, büdcə və digər bu kimi zəruri elementləri özündə birləşdirən modernizasiya və köklü yenidənqurmanın fəaliyyət proqramı kimi çıxış edir. Ona görə də, bir daha yəqinlik gətirilir ki, Türkiyə və Azərbaycan iqtisadiyyatlarının konvergensiyası konseptualist - yəni ideyanın ötürülməsi səciyyəsi daşıyır. Bu baxımdan da, Türkiyə və Azərbaycan iqtisadiyyatlarının konvergensiyası daha geniş elmi-tədqiqtın predmetinə çevrilməli və bir daha riyazi alqoritmik əsaslandırılmalıdır.

Nəticələr
Yaranmış yeni geosiyasi situasiya Azərbaycan və Türkiyə iqtisadi inteqrasiyasının konvergensiyalı sistemdə təşəkkülü obyektiv zərurətə çevirərək daha təkmil vəhdətdə müştərək regional infrastrukturun yaranışını şərtləndirir. Bu infrastrukturun baza elementləri kimi isə aşağıdakılar çıxış edir:
1.    inteqrasiyon institusionallığın genişləndirilməsi;
2.    iqtisadi koordinasiya sisteminin formalaşdırılması;
3.    kollektiv iqtisadi təhlükəsizlik fondunun yaradılması;
4.    elm, təhsil, informasiya, səhiyyə, ekologiya və hərbi-sənaye ittifaqı;
5.    müştərək infrastruktur bankı və transmilli korporasiyaların təsisatlandırılması.

Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığının yeni vektorial düzümünün gerçəkləşməsi aşağıdakı effektivlikləri nəzərdə tutur:
    vahid iqtisadi bazanın formalaşması;
    modern regional infrastrukturun təşəkkülü;
    regional əmək bölgüsünün optimallaşması;
    xarici effektlərin səmərəli tənzimlənməsi;
    uzunmuddətli biznes kontraktlarının əldə edilməsi;
    qlobal strukturlara inteqrasiyanın genişlənməsi.
    ekoloji vəhdət, sosial-iqtisadi tərəqqi.
Azərbaycan və Türkiyə iqtisadi inteqrasiyasının konvergensiyalı sistemdə təşəkkülü bundan da dəyərli olan yeni siyasi və iqtisadi effektlərlə müşayiət olunacağını istisna etmir.

İstifadə olunmuş ədəbiyyat
  1. 1.http://www.president.az.
  2. 2.Брегель Э. Теория конвергенции двух экономических систем. M.: «Мировая экономика и международные отношения», 1968, 321 с.
  3. 3.Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat, Bakı: Elm, 2006, 509 s.
  4. 4.Akademik Ziyad Səmədzadənin 70 illik yubiyeyinə həsr edilmiş «Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması: təhlil və nəticələr. Respublika elmi-praktiki konfransının materialları. Milli inkişaf modelinin formalaşması problemləri». АMEА-nın İqtisadiyyat İnstitutu, Azərbaycan İqtisadçılar İttifaqı, Beynəlxalq İqtisadçılar İttifaqı, Azərbaycan Dövlət İqtisad Universiteti. Bakı: «Şərq-Qərb», 2010. 982 s.
  5. 5.http://www.turcia.ru.
  6. 6.Turkish News Agency for the Directorate General of Press and Information of the Prime Ministry. Nurol, Ankara, 2005.
  7. 7.Бирюков М.М. Европейский Союз, Евроконституция и европейское право. М.: Научная книга, 2006. 253 с.
  8. 8.http://www.azstat.org
  9. 9.Hacızadə E.M., Abdullayev Z.S. Neft təsərrüfatının iqtisadi strukturunun modernizaziyası, Bakı: Elm, 2003, 512 s.
150. Azərbaycan-Türkiyə: iqtisadiyyatların konvergensiyası