Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATININ MİLLİ DOKTRİNASININ HAZIRLANMASI ZƏRURİLİYİ
i.e.d., prof. E.Hacızadə
II Cahan savaşının bitməsindən sonra bəşəriyyət daha yeni və daha kəskin olan dünya problemləri ilə üzləşdi. Əslində bu problemlər kiçikli-böyüklü bütün sivilizasiya boyu insan fəaliyyətini təqib etmişdir. Lakin XX əsrin ikinci yarısından başlayaraq dünya dövlətləri insan və ətraf mühit münasibətində ekoloji, ərzaq, enerji və xammal resurslarının tükənməsi kimi ümumbəşəri problemlərin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsi vəzifəsi ilə qarşılaşdılar. Ötən əsrin 70-ci illərində Amerika alimi, biofizik xanım Donella Medouzun (1941-2001) rəhbərlik etdiyi qrupun Roma klubu üçün hazırladığı «Artım hədləri» adlanan məruzəsində ümumi qəbul olunmuş «qlobal problem» anlayışı dövriyyəyə gəldi. Əslində məruzədə irəli sürülən ideyalar başlıca olaraq amerika kibernetika professoru Cey Forresterin (1918) «Dünya dinamikası» kitabından qaynaqlanmışdı. Bu əsərində C.Forrester bəşəriyyətin XXI əsrin əvvələrində təbii resursların tükənməsi, ətraf mühitin çirklənməsi, demoqrafik partlayışlar kimi qlobal fəlakətlərlə üzləşəcəyini bildirmiş, bununla da məşhur ingilis demoqraf alimi Tomas Maltusun (1766-1834) «Əhali artıqlığı nəzəriyyəsi»nə rəğmən XX əsrin sonunda dünya əhalisinin 4,5 milyard nəfərlə məhdudlaşdırılmasının zəruriliyi fikri ilə çıxış etmişdir. Qeyd edilməlidir ki, məhz Roma klubu üçün ilk olan bu prezentasiya məruzəsinə təşəkkür kimi beynəlxalq səviyyədə müasir texnoloji sivilizasiyanın mövcudluğu və inkişaf məsələləri zəminində bəşəriyyətin qlobal problemlər konsepsiyası ümumi qəbul edilmiş oldu.
Qlobal problemlər spektri geniş olsa da, burada daha ciddi ümumbəşəri olanlar ayrılır. Həmin problemlər içərsində ərzaq təhlükəsizliyi problemi daha kəskinliyi ilə fərqlənir. Bu problem həm də özünün birbaşa insanla bağlı fizioloji tələb və yaşam tələbləri baxımından ön sıraya çıxır. Problemin etnogenezi bəşər sivilizasiyasının tarixi köklərinə qədər irəliləyir. Lakin o, son yüz ildə daha miqyaslı və qlobal xarakter daşımaqdadır. Vurğulanmalıdır ki, ötən əsrdə əkinçilik və heyvandarlıqda təşkilati, texniki və texnoloji yeniliklərin tətbiqi ilə bağlı nəhəng nailiyyətlər əldə olunmasına baxmayaraq, dünya əhalisinin ərzaq təminatlılığı problemi qəti həllini tapmamış qalmışdır. Yeni əsrdə planetin artan əhalisi ilə biosferin imkanları arasında disproporsiyaların dəyişməsi zəminində problem daha kəskin xarakter almışdır. BMT-nin təsisçisi olduğu Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, son 40 ildə aclıq çəkən insanların sayı 1 milyard nəfəri ötmüş və hazırda bu miqyas bir qədər də artmışdır. Həmin insanların mütləq əksəriyyəti isə təbii ki, inkişaf etməkdə olan ölkələrdə yaşayırlar. Bunun nəticəsidir ki, son 4-5 il ərzində 60-dan çox belə ölkələrdə aclıqla bağlı üsyanlar qeydə alınmışdır.
Qlobal ərzaq təhlükəsizliyi probleminin kəskinləşməsində ərzaq çatışmazılığı dayansa da, onun digər qütbündə demoqrafik təbəddülatlar durur. Dünya əhalisi artır, ərzaq tələbləri də müvafiq olaraq yüksəlir. Tarix bəyan edir ki, dünya əhalisinin 2 milyard nəfər olması üçün 4 milyon il keçmişsə, daha 2 milyard nəfər artım üçün 46 il, növbəti 2 milyard üçün isə 22 il lazım gəlmışdir. BMT-nin proqnozlarına görə 2020-ci ildə yer kürəsinin əhalisinin 7,5 milyard nəfərə, 2050-ci ildə isə 9,3 milyard nəfərə çatacağı təxmin edilir.
Əhalinin ərzaq təhlükəsizliyi problemi çoxşaxəli və çoxplanlıdır. O, eyni zamanda təbii və sosial-iqtisadi motivlidir. Əhalinin ərzaq təhlükəsizliyi cəmiyyət həyatının bütün sahələrində əks olunaraq çox ölkələr üçün daha böyük ölçülü təhlükə kimi sürəkli qalmaqdadır. Məhz buna görə də, əhalinin ərzaq təhlükəsizliyi problemi dünya birliyi tərəfindən daha yüksək səviyyədə diqqətdə saxlanılır, problem qlobal və regional təsisatlarda daimi müzakirə predmetinə çevrilir. Qeyd olunmalıdır ki, 1974-cü ildə BMT Baş Assambleyası Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı tərəfindən işlənmiş «Dünyada ərzaq təhlükəsizliyinin təminatı üzrə beynəlxalq öhdəliy»i bəyənmişdir.
Dünya ədəbiyyatında «ərzaq təhlükəsizliyi» bütün insanların sağlam və aktiv həyat tərzi keçirmələri üçün zəruri olan kəmiyyət baxımından yetərli təhlükəsiz qidaya zamanın hər anında fiziki və iqtisadi giriş imkanlığı situasiyası kimi interpretasiya olunur. «Dünya ərzaq təhlükəsizliyinin Roma bəyanaməsində» (Roma 13 noyabr 1996-ci il) hər bir insanın ərzaq təhlükəsizliyi hüququ hər bir dövlətin öhdəlikləri sırasına daxil edilmişdir.
Əhalinin ərzaq təhlükəsizliyi dövlətin aqrar və iqtisadi siyasətinin əsas məqsədlərindən biri kimi çıxış edir. O, istənilən milli ərzaq sisteminin ideal vəziyyətə götürülməsinin hərəkət vektorunu formalaşdırır. Buna görə də, ərzaq təhlükəsizliyinə nailolma fasiləsiz bir proses kimi daim cərəyan edərək, öz növbəsində ölkədə aparılan ərzaq siyasətinin, o cümlədən aqrar strategiyasının reallaşmasının inkişaf prioritetlərini və icra mexanizmlərini dəyişikliklərə uğradır.
Əhalinin ərzaq təhlükəsizliyi ilk növbədə, makroiqtisadi situasiya, ictimai istehsalın və əhali gəlirlərinin səmərəliliyi ilə dəyərləndirilir. Onun vəziyyəti bir sıra göstəricilərlə xarakterizə edilir. Əgər əvvələr ərzaq təhlükəsizliyinin başlıca göstəriciləri kimi əhalinin adambaşına düşən orta gəlirləri, ərzaq taxılının keçici qalıqları (taxılın 60 günlük ehtiyatı və ya ümumi illik istehlak həcminin 17-20%-i), ərzaq resurslarında idxalın payı olmuşdursa, indi bu meyarlar genişlənərək daha mürrəkkəb xarakter almışlar. Buraya aşağıdakılar daxil edilir:
ayrı-ayrı əhali qruplarının ümumi xərclərində ərzaq xərclərinin payının xüsusi çəkisi;
ərzaqlara ərazi girişi imkanlığı (ölkənin müxtəlif regionlarında eyni əmtəələrin pərakəndə qiymət səviyyəsinin müqayisə edilməsi yolu ilə ölçülür);
ərzaq «rahatlığı» səviyyəsi (ev təsərrüfatında itkiləri azaldan və iş vaxtına qənaət edən müasir ərzaq növlərinin istehlak payı);
məhsulun «təbiiliyi» və keyfiyyətliliyi səviyyəsi;
məhsulun keyfiyyətinin sağlamlığa və həyat sürəkliliyi vəziyyətinə təsiri (həmçinin 1995-ci ildən kütləvi kommersiya mənimsənilməsi başlamış mühəndis genetikası və biotexnoloji metodların köməyi ilə alınan məhsullar);
Əhalinin ərzaq təhlükəsizliyinin əsas meyarı həm də ümumi əsas ərzaq məhsulları həcminin 75-80%-nin milli əmtəə istehsalçıları tərəfindən yaradılması və əhalinin istehlak etdiyi bioloji mükəmməl məhsulun tövsiyə edilən kaloriliyi sutkada 3300 kkal-dan aşağı olması ilə xarakterikdir.
Əhalinin ərzaq təhlükəsizliyinin vəziyyəti ümumiləşdirilmiş qiymətləndirmədə aşağıdakı kimi təyin edilir:
ərzaqlara yetişmənin fiziki imkanlığı (ölkənin bütün ərazisində zamanın hər anında və zəruri çeşiddə qida məhsullarının mövcudluğu);
ərzaqlara yetişmənin iqtisadi imkanlığı (qida məhsullarının son həddə minimal ölçüdə istehlakına imkan yaradan sosial statusundan və vətəndaşın yaşayış məkanından asılı olmadan gəlirlər səviyyəsi);
istehlak üçün ərzaq təhlükəsizliyi (əhalinin sağlamlığına zərər vura biləcək keyfiyyətsiz qida məhsullarının istehsalı, reallaşması və istehlakının aradan qaldırılması);
Ərzaq probleminin həllinin iki ekstensiv və intensiv yolu mövcuddur. Ekstensiv yol yeni kənd təsərrüfatı və balıq mədən komplekslərinin mənimsənilməsini ehtiva edir. Bunun üçün müvafiq texniki xərclər və rasional proqram işləmələri tələb olunur. İntensiv yol isə aqrotexniki mədəniyyətin inkişafı, yüksək məhsul verən bitki növlərinin, böyük məhsul verimli ev heyvanları və quş cinslərinin dövriyyəyə çıxarılması, mexanikləşmə, kimyalaşma, meliorasiya və s. kimi məhsuldarlıq artımı elementlərini birləşdirir.
Əhalinin ərzaq təhlükəsizliyinin başlıca təminat obyekti olaraq vurğulandığı kimi, aqrar sektor çıxış edir. Ona görə də, problemin həllinın ağırlıq mərkəzinə yönələn dövlət qayğısı mütləqdir.
İnkişaf etmiş ölkələr öz təcrübələrinə istinadən yaxşı bilirlər ki, bir çox spesifik şərtləri ilə kənd təsərrüfatı iqtisadiyyatın digər sektorları ilə müqayisədə rəqabətqabilliyyətli deyildir. Elə bu əsasdan da, burada sahəyə dövlət dəstəyini daim artırırlar. Statistika göstərir ki, Avropada fermerlərə dəstək xərcləri istehsal məhsulunun maya dəyərinin 40%-ni təşkil edir. Konkret olaraq aqrar sektora dövlət subsidiyalarının xüsusi çəkisi ABŞ-da 30%, Kanadada 45%, Yaponiyada 66%, İsveçdə 59%, Finlandiyada 71%, Norveçdə isə 77% təşkil edir. Qeyd olunmalıdır ki, bu ölkələrdə aqrar sektor yalnız subsidiyalarla deyil, həm də əhatəli institusional alət və mexanizlərlə də dəstəklənir. Misal olaraq göstərmək olar ki, bu məqsədlə ABŞ-da kompensasiya ödənişləri və xarici ticarət astanaları sistemi yaradılmış, bu da öz növbəsində idxalı xeyli məhdudlaşdırmış, ixracı isə müvafiq olaraq stimullaşdırmışdır. Əhalinin ərzaq təhlükəsizliyinin təminatında Yaxın Şərqin böyük neft ixracatçısı ölkələrində xüsusi strateji planlarla çıxış edirlər. Səudiyyə Ərəbistanı səhra şəraitinə baxmayaraq, özünü taxılla tam təmin edir və hətta müəyyən qədər də bu məhsul üzrə ixrac prosesini həyata keçirir. İndi Küveyt, Birləşmiş Ərəb Əmirlikləri müxtəlif meyvə-tərəvəz, gül ixracatında da üstünlüklərə nail olmuşlar. Bundan başqa bir sıra dövlətlər ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və təminatı məqsədi ilə ərzaq təhlükəsizliyi doktrinaları qəbul etmişlər. Qonşu Rusiyada isə dövlət iqtisadi təhlükəsizlik strategiyası əsasında belə bir doktrina ötən ilin yanvarında qəbul olunmuşdur. Bu doktrina ərzaq təhlükəsizliyinin təminatı sferasında, həmçinin aqrar-sənaye və balıqçılıq təsərrüfatı kompleklərinin inkişafı istiqamətində müvafiq normativ-hüquqi aktların işlənməsi üçün baza rolunda çıxış edir. Sənəddə göstərilir ki, ölkənin ərzaq təhlükəsizliyi dövlətçilik və suverenliyin saxlanılması, demoqrafik siyasətin mühüm seqmenti, həyat təminatlığı sistemi, sağlamlığın qorunmasının zəruri şərti, fiziki aktivlik, uzunömürlülük və ölkə əhalisinin yüksək həyat keyfiyyətliliyi olan mühüm elemetlərini özündə birləşdirərək milli təhlükəsizliyin tərkib hissəsi kimi təyinat alır. Onun strateji məqsədini ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli kənd təsərrüfatı və balıq məhsulları, xammal və ərzaqla etibarlı təminatı təşkil edir. Doktrina həmçinin bu məqsəddən irəli gələrək, müvafiq vəzifələri qarşıya qoyur və onların reallaşma mexanizmlərini təyin edir. Göründüyü kimi, müasir məqamda ərzaq təhlükəsizliyi dövlət və milli yasamın və inkişafının əsasında dayanır.
Ərzaq təhlükəsizliyinin təminatı problemlərinin tədqiqi göstərir ki, ölkəmizdə də müasir qlobal çağırışlara uyğun olaraq bu istiqamətdə yeni strategiyanın işlənməsi və müvafiq doktrinanın hazırlanmasına ehtiyac vardır. Qeyd olunmalıdır ki, ölkədə genişmiqyaslı aqrar islahatlar prosesi aparılmışdır. İndi müvafiq sektorda islahatların yeni mərhələsinə keçid edilmişdir. Bu keçidlə bağlı aqrar sektorun strukturu və idarəetmə şəbəkəsi bazar iqtisadiyatının tənzim metodlarına istinadən yenidən qurulmaqdadır. Ailə təsərrüfatlarına kreditlər və subsidiyaların ayrılması, iqtisadi güzəştlər, toxum, gübrə və texnika təminatı, məhsul qoruma anbarlarının inşası buna misaldır. Ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində yeni müasir taxıl saxlama anbarlarının inşası və istifadəyə verilməsi yüksək qiymətləndirilir. Bununla bərabər, əhalinin ərzaq təhlükəsizliyinin təminatı məsələsində qabaqcıl dünya təcrübəsinin mənimsənilməsi, kooperasiya sisteminin yenidən qurulması, ərzaq təminatı sistemini mütləq hesabda idxal məhsulundan azad etmək, yerli istehsalçıların xarici ticarət əlaqələri qurması, məhsulların ixraca yönəlməsinin stimullaşdırılması da vacib dövləti tədbirlər sisteminə daxil edilməlidir. Dünya təcrübəsi bəyan edir ki, iri kooperativ qurumlar fermer təsərrüfatları ilə müqayisədə daha effektli işləyirlər. ABŞ-da kənd təsərrüfatı istehsalında kooperativlərin payı 90%-dən çoxdur. İqtisadi nöqteyi-nəzərdən fermer təsərrüfatlarının uğuru daha çox fərdi sahibkar istedadı və davamlı dövləti dəstəklə əlaqəlidir. Sovetlər İttifaqının kənd təsərrüfatı sektorunda olan sovxoz-kolxoz tipli qurumlara oxşar irimiqyaslı kooperativlərin, səhmdar cəmiyyətlərin, kollektiv birliklərin təşkili isə daha məhsuldar və özünütəminatlığı ilə fərqlənə bilər. Buna görə də dövlət aqrar kompleksdə səhmdar əməkdaşlığa söykənən iri təsərrüfatçılığın geniş təşəkkülünə dəstək olmalıdır. Bu sienerci effekt görüntüsü bir qədər də iqtisad elminin klassiki A.Smitin mütləq üstünlüklər nəzəriyyəsindəki «Bolluq daha çox kooperasiya və əmək bölgüsü əsasında istehsalın inkişaf səviyyəsi ilə bağlıdır» tezisi ilə ahəngləşir. Bununla belə, ayrı-ayrı qabaqcıl fermer təsərrüfatlarının da inkişafı daim stimullaşdırılmalıdır. Başlıca olaraq isə, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatı üçün yeni iqtisadi və insitusional əsaslar verən müvafiq ərzaq təhlükəsizliyi doktrinasının hazırlanmasına start verilməlidir.