gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / ENERJI EFFEKTIVLIYININ YÜKSƏLDILMƏSINDƏ BENÇMARKINQIN ROLU VƏ ƏHƏMIYYƏTI

28.07.2022

Hacızadə Elşən Mahmud oğlu

i.e.d, prof. Azərbaycan Dövlət İqtisad Universiteti - UNEC “Enerji iqtisadiyyatı mərkəzi”nin rəhbəri.

ORCID ID: 0000-0001-5447-9676, E-mail: elshan@hajizada.com

 

Enerji effektivliyinin yüksəldilməsində bençmarkinqin rolu və əhəmiyyəti

 

Xülasə

Seçilmiş tədqiqatın aktuallığı enerji effektivliyinin yüksəldilməsi və bu istiqamətdə bençmarkinq texnologiyalarından istifadənin genişləndirilməsi ilə bağlıdır. Bundan çıxış edərək, məqalədə bençmarkinq prinsipləri və stratejiləri tədqiq olunur, onun enerji effektivliyinin yüksəldilməsində rolu və əhəmiyyəti əsaslandırılır. Göstərilir ki, bençmarkinq rəqiblərin istifadə etdiyi texnologiyalar və qabaqcıl biliklərinə intinad edərək biznesin inkişafı üçün güclü olan bir vasitədir. Azərbaycan Respublikasında da enerji effektivliyinin artan əhəmiyyətini nəzərə alaraq məqalədə həmçinin bu istiqamətdə müvafiq araşdırmalar tədqiqat obyektinə çevrilir. Məqalədə əsaslandırılır ki, bençmarkinqin milli iqtisadiyyatın müxtəlif sektorlarında xüsusən də enerjitutumlu sahələrində tətbiqi daha geniş səmərəliliklə müşayiət oluna bilər. Onun geniş tətbiqi kiçik və orta şirkətlərin dünya bazarında davamlı çıxışına və möhkəmlənməsinə zəmin olcaqdır. Bununla yanaşı, respublikada bençmarkinqin geniş tətbiqi ilə milli standartlaşdırma sisteminin də təkmilləşdirilməsinə ehtiyac vardır. Bütün bu yanaşmalarda bençmarkinq prosesinə həm də keyfiyyətin idarəetməsinin ümumi sisteminin tərkib hissəsi kimi də baxılmalıdır.

Açar sözlər: bençmarkinq, enerji effektivliyi, rəqabət, biznes prosesləri.

JEL: C21, L94, M2, Q4; UOT: 338.24:001:89:620.98:339.137.2 (479.24)

 

Giriş: Çağdaş zamanda iqtisadiyyatın enerji resursları ilə davamlı təminatı, habelə enerji effektliyinin artırılması dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən və strateji hədəflərindən hesab olunur. Bunu nəzərə alaraq, müasir dünya dövlətləri enerji qənaətcilliyi və enerji effektivliyi kimi artan tələbləri qarşılayır və bu istiqamətdə proqramlar hazırlayaraq müvafiq kapital qoyuluşları həyata keçirirlər. Enerjiqoruyuculuq və enerji effektivliyi daha çox müəssisə və təşkilatlar sferasında əhəmiyyət daşıyır. Bunun dayanıqlı təminatı isə yeni iqtisadi metodologiyalardan istifadə əsasında həyata keçirilir. Belə mütərəqqi metodologiyalardan biri kimi də etalon göstəricilər əsasında iqtisadi subyektin müsbət təcrübəsinin öyrənilməsi sistemi olan bençmarkinq aləti çıxış edir. Azərbaycan Respublikasında da enerji effektivliyinin artan əhəmiyyətini nəzərə alaraq, məqalədə bu istiqamətdə müvafiq araşdırmalar tədqiqat obyektinə çevrilir.

 

Bençmarkinq prinsipləri və stratejiləri: ABŞ-ın tədqiqat konsaltinq təşkilatı PIMS 1972-ci ildə belə nəticəyə gəldi ki, biznesin effektiv inkişafı üçün digər müəssisələrin ən yaxşı təcrübəsini bilmək və öyrənmək lazımdır. 1979-cu ildə ABŞ-ın Xerox korporasiyası Yapon məhsulları ilə müqayisədə maya dəyəri və keyfiyyəti təhlil etmək üçün “Rəqabət Qabiliyyətinin Müqayisəsi - Rəqabət Qabiliyyətinin Bençmarkinqi” adlı genişmiqyaslı layihəyə start verdi. Lakin məsələyə konseptual yanaşmalar bir neçə on il öncə artıq Yaponiyada kök salmaqda idi. Elə o vaxtlardan da bençmarkinq müqayisəli qiymətləndirmə aləti olaraq ABŞ-da, Yaponiyada və Avropada inkişaf edərək, tədricən idarəetmə sisteminə inteqrasiya olunmağa başladı. Muasir dövrdə bençmarkinqin tətbiqi ilə aktiv iqtisadi inkişafın ən təsirli nümunələri Yaponiya və Çin Xalq Respublikasındadır - ÇXR. Əvvəllər bu ölkələr bençmarkinq deyil, sadə surət çıxarmağa və çox vaxt hətta sənaye casusluğuna arxalanırdılar. Əgər Yaponiya özünün texnologiyalarını inkişaf etdirə bildisə və hazırda keyfiyyət və enerji səmərəliliyi sahəsində etalon səviyyəyə çataraq bençmarkinq alətindən fəal istifadə edirdisə, ÇXR müəssisələri isə bəzən əvvəlki kimi özgə məhsullarını kopyalayır və texnologiyaları mənimsəyir, müəllif və kommersiya hüquqlarına məhəl qoymurlar [1]. Bütün bunlara baxmayaraq, bütün dünyada bençmarkinq metodu geniş yayılır və inkişaf edir.

Bençmarkinq - iqtisadi subyektin müsbət təcrübəsinin öyrənilməsi məqsədilə etalon müəssisənin axtarışı üzrə sistematik fəaliyyət, fasiləsiz bir prosesdir. Bençmarkinq lakonik interpretasiyada bazar təhlili üçün metodiki üsullar dəsti kimi anlaşılır [2, s. 14]. Söz olaraq iqtisadiyyata geodeziyadan daxil olmuşdur. İngilis dilindən birbaşa tərcümədə bençmarkinq (benchmarking) etalon qiymətləndirmə mənasını verir. Həmçinin səviyyənin qeyd olunması və ya yoxlanış-test nöqtəsi kimi də ifadəsini tapır. Bençmarkinq, etalon göstəricilər əsasında öz işini təkmilləşdirmək üçün müəssisənin effektiv fəaliyyətinin mövcud nümunələrinin müəyyən edilməsini və uyğunlaşdırılmasını ehtiva edən proseslərin müqayisəli təhlildir. Bu təhlil qiymətləndirmə və müqayisə qismində iki prosesi əhatə edir. O, öz məhsullarını və təcrübəsinin təkmilləşdirilməsi yollarını müəyyən etmək üçün birbaşa rəqiblər və şirkətlər tərəfindən digər oxşar sahələrdə istifadə olunan “ən yaxşı” məhsul və marketinq proseslərinin model nümunə kimi götürülməsi ilə xarakterikdir. Bu baxımdan bəzən bu istilah etalon marketinq adlanan bençmarketinq kimi də ifadəsini tapır.

Vurğulanmalıdır ki, nəzəri müstəvidə bençmarkinqin vahid konseptual aparatı hələ də tam formalaşmamış qalır. Bu baxımdan da hər bir tədqiqatçı onun tətbiq dairəsini özünəməxsus şəkildə şərh edir. Bununla belə, yekdilliklə hesab olunur ki, onun konsepsiyası 1950-ci illərdə Yaponiyada təşəkkül tapmışdır. 1970-ci illərdə Amerika alimləri tərəfindən metodik olaraq dəqiqləşdirilməsinə baxmayaraq, təfsiri təkamül etməkdə davam edir [3].

Bençmarkinqin keyfiyyətinə dörd əsas prinsipin riayət olunması təsir göstərə bilər [5]:

1.Biznes sahəsində tədqiqatlar aydın hədəflərə malik ümumi baxışları olan komanda tərəfindən aparılmalıdır.

2.Rəqibləri təhlil olunarkən mümkün qədər oxşar prosesləri və ən azı eyni biznesin xüsusiyyətləri nəzərə alınmalıdır.

3.Yeni strategiyaların formalaşdırılması üçün şirkətinizin və rəqiblərinizin göstəricilərinə baxarkən öyrənmək və müqayisə etmək üçün aydın, real və ölçülə bilən məlumatları seçməli, abstraksiyalardan - mücərrədliklərdən qaçınılmalıdır.

4.Heç bir əsası olmayan qeyri-dəqiq məlumatları təhlil etmək lazım deyildir.

Bençmarkinq proses olaraq yalnız bir - hər hansı fəaliyyət istiqaməti üzrə vəziyyəti yaxşılaşdırmaq məqsədini daşıyır. Məqsədləri həyata keçirmək üçün, bençmarkinq aşağıdakı vəzifələri qoyur [1]:

• rəqiblərin təhlili və bazar liderlərinin müəyyən edilməsi;

• şirkətin daxili resurslarının təhlili və onların düzgün bölüşdürülməsi;

• rəqiblərin işçi praktikasının müqayisəsi və onların nəticələrinə nail olmaq yolları;

• bazar liderləri yolu ilə inkişaf strategiyasının formalaşdırılması.

Bençmarkinqin həyata keçirilməsi təsviri verilən məqsəd və vəzifələrə nail olmaq üçün müəyyən hərəkətlərin yerinə yetirilməlidir [3]:

• Marketinq kəşfiyyatı - rəqiblərin marketinq strategiyasının öyrənilməsi;

• Aktual məlumatların təhlili - fəaliyyətdə olan uğurlu təşkilatlardan biznesin aparılması və inkişaf etdirilməsi metodlarının öyrənilməsi;

• Məlumatların təsbiti (fiksasiyası) - şirkət üçün əhəmiyyətli olan bütün göstəricilərin yazılması və paralel təhlili;

• Rəqiblərin təhlili - oxşar brend və markaların təcrübəsinin dərin öyrənilməsi;

• Müqayisə - şirkətin mövcud strategiyasını rəqiblərin strategiyalarına qarşılıqlı müqayisə etmək.

Həmin metodlara alt metododları da qatmaq olar [2]:

• birtərəfli bençmarkinq - müəssisələr rəqiblər və tərəfdaşlar haqqında informasiyanı müstəqil şəkildə toplayır;

• birgə qiymətləndirmə - müəssisələr könüllü olaraq bir-biri ilə məlumat mübadiləsi aparır;

• verilənlər bazası əsasında bençmarkinq - məlumatlar hər hansı bir platformada verilənlər bazasında yığılır;

• üçüncü tərəfin iştirakı ilə bençmarkinq - məsləhətçi-ekspertlər qrupu adətən iştirakçılardan məlumatları anonim şəkildə toplayır, məcmu hesabat formalaşdırır və fəal vasitəçiliklə kommunikasiyaları həyata keçirir;

• qrup bençmarkinq - iştirakçılar açıq görüşür, ünsiyyət qurur, metodlarını müzakirə edir, mənfi nəticələrin yolverilməzliyi üzrə öz hərəkətlərini əlaqələndirir, kompromisə nail olur, müəssisəyə ekskursiyalar keçirirlər.

Bençmarkinqin aşağıdakı növləri fərqləndirilir [1]:

• Ümumi bençmarkinq - böyük nəticələr əldə etmiş şirkətlərin analoji fəaliyyəti ilə öz müəssisəsi tərəfindən istehsalın, satışın, xidmətlərin göstərilməsinin kəmiyyət və keyfiyyət baxımından müqayisəsi;

• Funksional bençmarkinq - müəssisənin ayrı-ayrı funksiyalarının parametrlərinin (proseslərin, əməliyyatların, metodların) eyni şəraitdə işləyən daha uğurlu həmkarlarının analoji parametrləri ilə kəmiyyət və keyfiyyət müqayisəsi;

• Xarici bençmarkinq - təşkilatın göstəricilərinin və ya təcrübələrinin digər təşkilatlarla oxşar biznes prosesləri ilə müqayisə edilməsi;

• Daxili bençmarkinq - şirkətin müxtəlif bölmələrinin və xidmətlərinin ayrı-ayrılıqda götürülmüş təşkilat daxilində ən yaxşı göstəricilərin və ən effektiv biznes proseslərinin müəyyən edilməsi məqsədilə müqayisəli təhlili;

• Strateji bençmarkinq - uzunmüddətli dövr üçün bazarda rəqabət üstünlüyünün inkişaf etdirilməsi məqsədilə müəssisənin güclü cəhətlərinin və imkanlarının aşkara çıxarılmasına yönəlmiş müxtəlif strateji tədbirlərin məcmusu;

• Müqayisəli bençmarkinq - əsas performans göstəriciləri ifadə edən kəmiyyət məlumatların toplanması və müqayisəsi;

• Praktiki bençmarkinq - şirkətdə fəaliyyətin necə həyata keçirilməsi, insanların, proseslərin, texnologiyaların necə işləməsi barədə keyfiyyətli məlumatların toplanması və müqayisə edilməsi;

• Proseslər bençmarkinqi - konkret məhdud problemin həlli üzrə aparılan qiymətləndirmə.

Bütün bunlarla yanaşı, bençmarkinqin digər ayrıca növləri və kateqoriyaları da  müyyən olunmuşdur. Hər bir bençmarkinq növü özü-özlüyündə müəyyən rol oynayır və müvafiq xüsusi nəticələr əldə etməyə imkan verir.

Bençmarkinq metodologiyası mərhələlərlə yerinə yetirilən bir sıra mütərəqqi tədbirləri özündə birləşdirir. Həmin mərhələlər geniş spektrlidir və onları qısaca aşağıdakı kimi xarakterizə etmək olar [6]:

Mərhələ 1. Təkmilləşdirməyə ehtiyacı olan funksiyaların və biznes proseslərinin müəyyən edilməsi;

Mərhələ 2. Təhlil olunan göstəricilərin müəyyən olunması;

Mərhələ 3. Öyrənilən sahə daxilində və xaricində ən yaxşı iqtisadi aktorların identifikasiyası;

Mərhələ 4. Seçilmiş istiqamət üzrə toplanmış göstəricilərin qiymətləndirilməsi;

Mərhələ 5: Ölçmələr üzrə məlumatın hazırlanması;

Mərhələ 6. Liderlik, öz göstəricilərinin müqayisəsi və təhlili;

Mərhələ 7. Aparılmış tədqiqat əsasında səhvlər üzərində iş;

Mərhələ 8. Tətbiqi, hazırlanması və yekunlaşdırılması.

Bençmarkinq kor imitasiya kimi başa düşülməməlidir. Onun əsas vəzifəsi ən yaxşı təcrübəni öyrənmək və uyğunlaşdırmanı təmin etməkdir.

Bençmarkinqi əsas effektivlik göstəricilərindən fərqləndirmək lazımdır. Bu fərqlilik onunla bağlıdır ki, bençmarkinq bir şirkəti başqaları ilə müqayisə etmək üçün meyarlardır, əsas effektivlik göstəriciləri isə bir şirkətin qəbul etdiyi strategiyaya uyğun olaraq müəyyən edilmiş hədəf göstəriciləridir. Digər tərəfdən fərq həm də ondan ibarətdir ki, əsas effektivlik göstəriciləri daha çox şirkətin xüsusiyyətlərinə və rəhbərliyin və icraçıların razılaşmalarının nəticəsinə yönəlmiş daxili işdir. Bençmarkinq isə həmişə kənardan baxışdır, artıq mövcud olan rəqiblərin və ya etalon şirkətlərin fəaliyyətinin təsviridir. Bundan başqa, təcrübədə tez-tez şirkətlərin bençmarks göstəricilərini əsas effektivlik göstəricilərinə köçürdüyü vəziyyətlərə rast gəlinir. Ona görə də ilk növbədə bençmarkinq aparmaq, sonra isə onun əsasında əsas effektivlik göstəricilərini təyin etmək məqsədəuyğundur.

Bençmarkinq bir tədqiqat metodu olaraq bir sıra mühüm üstünlüklərə və həmçinin də müvafiq çatışmazlıqlara malikdir. Onun üstünlükləri kimi aşağıdakıları səciyyələndirmək olar:

• rəqiblərin üstünlüklərini düzgün təhlil etməklə məhsulun keyfiyyətinin sürətlə artması;

• başqasının uğursuz təcrübəsini öyrənməklə çətinliklərin yaranmasının və mənfəət itkisinin qarşısını almaq imkanı;

• biznesin genişləndirilməsi üçün informasiya, texniki və maliyyə plasdarmının yaradılması;

• rəqiblərin ən yaxşı həllərini tətbiq etməklə biznesin bütün funksional komponentlərinin optimallaşdırılması;

•büdcənin bölgüsünə yenidən baxılması və bununla da maliyyə rəqabətliliyinə nail olunması;

• alınan məlumatların təhlili və tətbiqi üçün minimal maliyyə və müvəqqəti xərclər.

Bençmarkinq bir referans qiymətləndirmə olaraq müəssisədə vaxta və pula qənaətə, rəqiblərin ən yaxşı məhsullarınn və texnologiyalarının tətbiqinə, o cümlədən digərlərinin səhvlərindən yayınmağa imkanlar yaradır. Sürətlilik, çoxfunksionallıq, aşağı qiymətlilik bençmarkinqi demək olar ki, ideal bir alətə çevirir. Bununla belə, onun çatışmazlıqları da təqdim olunur. Burada əsas odur ki, hansı məlumatların həqiqətən faydalı olduğunu və hansı istifadənin biznesə aydın üstünlüklər verməyəcəyini başa düşə bilən yaxşı mütəxəssislərə həmişə ehtiyac vardır. Obyektiv göstəricilərin əldə etmək çətinliyini və bəzi rəqib strategiyalarının mövcud vəziyyətdə uyğun olmaya biləcəyi də nəzərə alınmalıdır. Buna görə də, bu sferada uyğun inkişaf strategiyalarını seçə bilən və açıq şəkildə işləməyən sxemləri aradan qaldıra bilən savadlı və peşəkar bir analitikin olması vacibdir.

 

Enerji effektivliyinin yüksəldilməsində bençmarkinq: Enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin starateji mahiyyətindən irəli gələrək, ayrı-ayrı dünya dövlətləri enerji qənaətcilliyi, enerji effektivliyi kimi artan tələbləri təmin edir, bu istiqamətdə proqramlar hazırlayaraq müvafiq kapital qoyuluşları həyata keçirir. Bunun dayanıqlı təminatı isə müasir zamanda bir sıra konsepsiyaların formalaşdırılması, iqtisadi alət və mexanizmlərdən istifadənin köməyi ilə enerji auditi institutunun genişlənən tətbiqi ilə yerinə yetirilir. Bu sırada heç şübhəsiz ki, bençmarkinq texnologiyalarından istifadə də əhəmiyyətini artırır. Belə ki, hazırkı inkişaf sferasında enerjiyə qənaət sahəsində fəaliyyətləri dəstəkləmək və davamlı olaraq təkmilləşdirmək üçün bençmarkinq əsas vasitələrdən biri hesab olunur. Bençmarkinq enerji planlaşdırmasında idarəetmə sisteminin tərkib hissəsi kimi istifadə olunur. Onun metodları ilə yerinə yetirilən tədqiqat nəticələri bu istiqamətdə obyektiv enerji təhlilləri aparmaq üçün dəyərli məlumat verir. Enerji effektivliyinin səviyyəsindən asılı olaraq müəssisələr aparılan bençmarkinqin yekunu olaraq reytinq qazanırlar. Həmin reytinqə əsasən vergi güzəştləri, kredit dərəcələri, subsidiyalaşdırılma və digər stimullar tətbiq oluna bilər. Bu, onları enerjiyə qənaət etməyə həvəsləndirir və ümumilikdə müəssisələrin, şəhərlərin, rayonların və ölkələrin enerji səmərəliliyini artırır [4].

Enerji effektivliyinin təminatında bençmarkinqin xarici və daxili olan iki növü üstünlük təşkil edir. Xarici bençmarkinq enerjiyə qənaət edən qurğu, avadanlıq, məhsul və xidmətin yaradılmasına yönələrək daha əhəmiyyətli hesab olunur. Daxili bençmarkinq isə enerji səmərəli tədbirlərin tətbiqinin daha yaxşı təcrübəsinin yayılması məqsədi ilə təşkilatdaxili obyektlərə yönəlmişdir [7]:

Enerji effektivliyinin bençmarkinqi enerji resurslarından istifadənin səmərəliliyini qiymətləndirmək və müqayisə etmək üçün məlumatların toplanması və təhlilini ehtiva edir. Müqayisə yüksək enerji istehlakı olan sənayelərdə daha səmərəlidir. Enerji effektivliyinin göstəriciləri şirkətdəki mövcud vəziyyəti sənayenin digər şirkətləri ilə müqayisə etməyə imkan verir. Enerji effektivliyinin hədəfləri ən uğurlu şirkətlərin məlumatları əsasında müəyyən edilir. Vurğulanmalıdır ki, enerji auditi institutunun Azərbaycan Respublikasında da formalaşdırılmasının çox mühüm əhəmiyyəti vardır. Bununla bağlı, ölkədə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun hazırlanaraq, qəbul edilmişdir. Həmin Qanunun qəbul edilməsi ilə enerji resurslarının istifadəsində beynəlxalq standartların, mütərəqqi norma və tələblərin tətbiqinə, enerji effektivliyi və enerji auditi xidmətlərinin inkişafına təkan vermişdir. Bütün bu aktuallıqları nəzər alaraq, məqalədə enerji auditinin özləlliklərinin və bu institutun Azərbaycan Respublikasında tətbiqinin səmərəlilik aspektləri təhlil predmetinə çevrilmişdir.

Bençmarkinqin tarixinə və təşəkkül əsaslarına nəzər yetirdikdə, müəssisələrin və holdinqlərin enerji effektivliyi göstəricilərinin reytinqi və müqayisəsi sisteminin də yenə də Avropa, ABŞ, Yaponiya və ÇXR-də geniş yayıldığını görərik. Avropada bu məqsədlər üçün EN16231:2012 Enerji Effektivliyi müqayisə metodologiyası standartı təsdiq edilmişdir. Həmin standart məqsədlərin müəyyən edilməsi, prosesin planlaşdırılması, məlumatların toplanması, yoxlanılması, təhlili və hesabat materiallarının yaradılması kimi mühüm tələbli mərhələləri özündə ehtiva edir [8, 9]. Bundan çıxış edərək, Azərbaycan Respublikasında da müvafiq bir standartın işlənməsinə ehtiyac vardır.

Energetika bütün növ enerji ehtiyatlarının çevrilməsinə, paylanmasına və istifadəsinə xidmət edən böyük təbii və süni alt sistemlər məcmusu olaraq insanın əsas təsərrüfat fəaliyyəti sahəsidir. Ona görə də enerji sektorunda bençmarkinq enerji resurslarından istifadənin effektivliyinin qiymətləndirilməsi və müqayisəsi üzrə məlumatların toplanması, təhlili kimi qəbul edilməlidir.

 

Nəticə: Bençmarkinq yeni ideyalar tapmaq və rəqiblərin istifadə etdiyi texnologiyalar və qabaqcıl biliklərinə intinad edərək biznesin inkişafı üçün güclü vasitədir. Üstəlik, bu aləti təkmilləşdirərək, ondan daxili təşkilatlanmanı gücləndirmək və fəaliyyət səmərəliliyini artırmaq üçün sonsuz sayda istifadə oluna bilər. Onun iqtisadiyyatın müxtəlif sektorlarında xüsusən də enerjitutumlu sahələrində tətbiqi daha geniş səmərəliliklə müşayiət oluna bilər. Həmçinin bençmarkinqin inkişafı Azərbaycan iqtisadiyyatı üçün də çox zəruri olan biznesin açıqlığının genişləndirilməsində və onun səmərəliliyinin artırılmasında əhəmiyyətlidir. Bu yeniləşən qabaqcıl idarəetmə metodlarının mənimsənilməsi və biznesin təkmilləşdirilməsinə, kiçik və orta şirkətlərin zamanla ayaqlaşmağa və onların dünya bazarında yeni hədəflərə giriş etməsinə və möhkəmlənməsinə daha bir zəmin olacaqdır. Eyni zamanda, ölkədə enerji qənaətcilliyi və enerji effektivliyi ilə bağlı məsələlərin həlli hüquqi müstəvidə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanunun geniş tətbiqi ilə daha uğurlu müstəviyə qədəm qoyacaqdır. Bununla yanaşı, respublikada bençmarkinqin geniş tətbiqi ilə milli standartlaşdırma sisteminin təkmilləşdirilməsinə də ehtiyac vardır. Əlbəttə bu standartın hazırlanmasında ölkə reallıqları da nəzərə alınmalıdır. Burada bençmarkinq prosesinə həm də keyfiyyətin idarəetməsinin ümumi sisteminin tərkib hissəsi kimi də baxılmalıdır.

 

Ədəbiyyat siyahısı:

1.Karlöf B., Lundgren K., Froment M.E. 2001. Benchlearning: Good Examples as a Lever for Development / B. Karlöf, K. Lundgren, M. E. Froment // Wiley. 254 p.

2.Аткинсон Э.А., Банкер Р.Д., Каплан Р.С., Янг М.С. Управленческий учёт. М.: Издательский дом “Вильямс”, 2005, 874 с.

3.Кэмп С.Р. Легальный промышленный шпионаж: Бенчмаркинг бизнес-процессов: технологии поиска и внедрение лучших методов работы ваших конкурентов. М.: Баланс-Бизнес-Букс, 2004, 416 c.

4.Свидерская О.В. Основы энергосбережения. М.: Тетра Системс, 2016, 176 c.

5.Хайниш С.В., Климова Э.Т. Бенчмаркинг на предприятии как инструмент управления изменениями. М.: URSS, 2017, 144 c.

6.https://studwood.ru/1090146/menedzhment/etapy_provedeniya_benchmarkinga - Этапы проведения бенчмаркинга.

7.http://www.up-pro.ru/library/strategy/benchmarking/benchmarking-energy.html - Бенчмаркинг в энергетике.

8.http://www.muredatabase.org - Avropa İttifaqının enerji səmərəliliyi siyasəti sahəsində əsas açıq məlumat mənbəyi.

9.http://www.odyssee-indicators.org - Avropa İttifaqının enerji səmərəliliyi siyasəti sahəsində əsas açıq məlumat mənbəyi.

 

226.The role and importance of benchmarking in improving energy efficiency (Enerji effektivliyinin yüksəldilməsində bençmarkinqin rolu və əhəmiyyəti). ENECO Jurnalı. Bakı: № 2 (10) 2022. s. 52-58. 0,6 ç.v.