gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / DÜNYA IQTISADIYYATI PANDEMIYA MƏRHƏLƏSINDƏ: YENI REALLIQLAR VƏ SOSIAL-IQTISADI GÖZLƏNTILƏR

11.06.2022

Hacızadə Elşən Mahmud oğlu

Azərbaycan Dövlət İqtisad Universiteti “Enerji iqtisadiyyatı mərkəzi”nin rəhbəri.

ORCID ID: 0000-0001-5447-9676

elshan@hajizada.com

 

 

Pandemiyaya çevrilən və artıq 50 milyona yaxın insanı əhatə edən COVID-19 epidemiyası bəşər dünyasına dəyişən məzmun qatdığı kimi, iqtisadi həyata da köklü dəyişikliklərlə müşayiət olunacaq yeni dönəm gətirmişdir. Bu situasiya ilk dəfə qlobal miqyasda demək olar ki, hər bir insanın gündəlik məlumat bazasında, şəxsi gigiyenasında və həyat təhlükəsizliyinə inikas olunmuşdur. Hazırda istinasız olaraq internet səhifələrinin də pandemiya xəbərləri manşet mövzuları arasında liderlik edir. Pandemiya bütün sosial-iqtisadi həyatda yeni yanaşmalara başlanğıc gətirir. İnsan həyatı ilə bağlı onun fəsadları ilkin olaraq elə tibbi vəziyyətin özündə əksini tapmışdır. Belə ki, həm qlobal miqyasda və həm də daha çox ayrı-ayrı ölkələr kontekstində səhiyyənin pandemiya qarşısında nəzərə çarpacaq başarıqsızlığı onun iqtisadiyyatın bir hissəsi kimi özəl mahiyyətinə də kölgə salmışdır. Dərk edilən odur ki, dövlət səhiyyəsi və biznes təməlli özəl tibbi xidmətin gücü və əhəmiyyəti, ümumilikdə sahənin göstəricilər sistemi və struktur keyfiyyəti bu sferada ən geniş müzakirələr mövzusuna çevrilmişdir. Öncə ümumi yanaşmada xəstəxana, çarpayı, tibbi personal, tibbi ləvazimat, xüsusən də infeksion xəstəliklərlə bağlı bütün bu seqmentlər üzrə çatışmazlıqlar ön plana çəkilmişdir. Bu onu göstərir ki, əksər ölkələrin səhiyyə sistemləri belə vəziyyətə hazır olmamışlar. Bunun nəticəsidir ki, yeni koronavirus pandemiyası tibbi texnologiyalara marağı yüksəltmiş və sahədə investisiya artımları ilə müşayiət olunmuşdur. Bu müvafiq tibbi ləvazimat və preparatlarla yanaşı, xüsusən də modul xəstəxanaların tikintisi, maska və süni tənəffüz istehsalı müəssisələrinin genişləndirilməsini şərtli etmişdir. Vəziyyət belədir ki, bio və sağlamlıq texnologiyaları üzrə mütəxəssislər və sahibkarlar hesab edirlər ki, pandemiya təsirlərindən irəli gələrək, ölkələr və ictimaiyyət gələcəyin səhiyyəsini və tibb texnologiyalarına münasibətləri ciddi şəkildə yenidən nəzərdən keçirmək məcburiyyətində qalacaqlar. Bütün bu formalaşmada olan olan mənzərəyə nəzər saldıqda görərik ki, koronavirus pandemiyası tibbi sistemi təşkilatı baxımından dəyişəcəyi ilə yanaşı, texnoloji və iqtisadi baxımdan təkmilləşdirəcək, saysız səhiyyə startaplarının yaranışına gətirəcəkdir. Bununla yanaşı, pandemiyanın səhiyyə sektorundan kənardakı təsirləri də nəzərə alınmalıdır. Belə ki, pandemiya iqtisadi cəbhədə müdhiş qlobal dəyər zəncirlərinin kövrəkliyini ortaya qoymuşdur. Buna görə də, ölkələr dünya iqtisadiyyatın yeni dəyişən təbiətinə hazır olmalı, böhranlı vəziyyətdən, güclü iqtisadi tənəzzüldən tezliklə çıxmalıdırlar. Burada öncə daha çox dövlətlər yeni fenomenli mübarizə üzrə biçimli tədbirlər planı hazırlamalı, onun neqativ sosial-iqtisadi nəticələrinin aradan qaldırılması ilə bağlı adekvat fəaliyyət strategiyalarını işləməlidirlər.

İlkin hesablamalar göstərir ki, pandemiyanın təsiri ilə əksər böyük iqtisadiyyatlar 2020-ci il ərzində Ümumi Daxili Məhsul - ÜDM-in dəyərinin ən azı 2,3-2,5%-ni itirəcəkdir. Dünya Bankının məlumatlarına görə, 2019-cu ildə təqribən 86,6 trilyon ABŞ dollarına bərabər olan qlobal ÜDM istehsalın düşməsi ilə dünya iqtisadi artımını bir neçə trilyon dollar ölçüsündə endirəcək və əksər ölkələr davamlı ressesiya ilə qarşılaşacaqlar. Burada bir aydınlıq da ondan ibarətdir ki, iqtisadi sarsıntıların varlı təbəqəyə təsiri çox geniş olmayacaq, əsas zərbə orta sinifi və sosial həssasları ehtiva edəcəkdir. Sahibkarlıq sahəsində isə daha çox zərər oflayn xidmətlər, əyləncə (idman, fitness, teatr, kino və s.), həmçinin turizmi və onunla əlaqədar xidmət sahələri (nəqliyyat, ictimai iaşə və mehmanxana və s.) biznesində təzahür edəcəkdir ki, hansı ki, bu artıq aşkar bir gerçəklikdir. Digər tərəfdən səyahət və turizm sahəsində mənfi dinamikanın istehsalata və nəqliyyata təsirləri neftə olan tələbatın da aşağı düşməsinə səbəb olmuşdur. Bütün bu təzahürlər öz növbəsində əlbəttə ki, başlıca olaraq məşğulluğa təsir göstərir və işsizliyi artırır. Bununla belə, bir sıra təhlilçilər məyus olmamağı, ruhdan düşməməyi, növbəti 2021-ci ildə iqtisadi artım gözləntilərinin olacağını da proqnoz edirlər. Burada gerçəklik isə ondan ibarətdir ki, pandemiya qorxusu, onun ibrətləri fonunda insanlar, istehlakçılar və şirkətlər koronavirus sonrası öncə olduğu kimi eyni şəkildə davranmayacaqlar. Axı iqtisadi modellərdə sosial və davranış nəticələrini hesaba alma imkanı o qədər də geniş olmur. Ona görə də əsas bəşəri fəaliyyət sahələri, iqtisadi sfera daha çox onlayn xidmətlər, distant təhsil və uzaqdan idarəetmə mexanizmləri ilə zənginləşəcəkdir. İctimai həyatda daha az insan münasibətləri və daha çox rəqəmsal əlaqə üstünlük əldə edəcəkdir. Başqa sözlə qərar qəbuletmə prosesində insan elementini tədricən aradan qaldıran süni intellektin rolu artacaq, dördüncü sənayə inqilabı daha geniş sürət və vüsət qazanacaq, tezliklə beşinci inqilabın gəlişi bərqərar olacaqdır.

Açar şözlər: pandemiya, tibbi texnologiyalar, turizm biznesi, dünya iqtisadiyyatı, sosial-iqtisadi problemlər.

 

Ədəbiyyat

1.Hacızadə E.M. Dünya iqtisadiyyatı və Azərbaycan. Bakı: “Letterpess” 2018, 912 s.

2.Hacızadə E.M. Sosiallaşan iqtisadiyyat, Bakı: Elm, 2006, 509 s.

3.Klaus Şvab. Dördüncü sənaye inqilabı. /ingilis dilindən tərcümə. Bakı: “iqtisad Universiteti” nəşriyyatı, 2020. 200 s.

4.The world economy after the COVID-19 pandemic. Observer Research Foundation. [Электронный ресурс]. Режим доступа: https://www.orfonline.org/research/the-world-economy-after-the-covid-19-pandemic/ (дата обращения: 30.08.2020).

5.Дмитриева А.Д. Экономические последствия эпидемии COVID-19 / Молодой ученый. M.: 2020, № 24 (314). С. 174-177.

6.www.worldbank.org - IBRD - Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı.

7.www.hajizada.com - prof. Elşən Hacızadənin saytı.

8.www.imemo.ru. - Rusiya Elmlər Akademiyasının Beynəlxalq İqtisadi Münasibətlər İnstitutu

 

215.Dünya iqtisadiyyatı pademiya mərhələsində: yeni reallıqlar və sosial-iqtisadi gözlətilər. “Çoxmillətli bir cəmiyyətdə dialoqun müasir meylləri: fəlsəfi, dini, hüquqi rerspektiv”. Birinci beynəlxalq elmi və praktik konfrans (Virtual). Ukrayna-Azərbaycan. Georgi Skovordı adına Ukrayna Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu (Ukrayna, Kiyev), Boris Grinchenko adına Kiyev Universiteti (Ukrayna, Kiyev), Ukrayna Dini Tədqiqatçılar Assosiasiyası (Ukrayna, Kiyev), Beynəlxalq Elmi, Təhsil və Tədris Mərkəzi (Böyük Britaniya, London), Beynəlxalq Elmi, Təhsil və Tədris Mərkəzi (Estoniya, Tallinn). Kiyev-Bakı: 2020, 0,2 ç.v.