Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / QLOBAL ÇAĞIRIŞLAR VƏ MİLLİ ENERJİ SEKTORUNDAİNKİŞAFIN YENİ HƏDƏFLƏRİ
E. Hacızadə
i.e.d., prof., Nazirlər Kabineti Aparatının
Sənaye və energetika şöbəsinin müdiri.
Azərbaycan Dövlət İqtisad Universiteti “Enerji iqtisadiyyatı mərkəzi”nin rəhbəri
elshan@hajizada.com
ORCID ID 0000-0001-5447-9676
1.GİRİŞ
Dünya energetikasının mühüm komponenti - neft-qaz resursları çağdaş zamanda bəşəri təsərrüfat həyatının substansiyasında dayanır. Bu gün dünya iqtisadiyyatının inkişafını neft-qaz resursları olmadan təsəvvür etmək çətindir. Sənaye, kənd təsərrüfatı, nəqliyyat onların stimulları əsasında dövr edir, planetin elektrik stansiyalarının əsas hissəsi bu gün də neft və qazla işləyir. Müasir zamanda bu resursların iqtisadi dövriyyədən çıxışı və ümumilikdə yoxluğu qlobal energetik aclıq təhlükəsi yaradar, nəqliyyatın hərəkəti dayanma səviyyəsinə qədər məhdudlaşar, təyyarələr uçmaz, meqapolislər zülmət və soyuğa qərq olar, neft tərkibli yolların asfaltı belə dağılar.
Qloballaşan dünyada baş verən meyllər də göstərir ki, enerjiyə olan tələbat yenə davam edəcək və o, yaxın20 il ərzində təxminən 30% -dən çox artacaqdır. Bununla belə, dünya yenə də əlverişli neft sorağında olacaq, qazdan isə uzun müddət keçid karbohidrogeni kimi istifadə ediləcəkdir. Bu da öz növbəsində istixana qazı emissiyalarının artması ilə müşayiət olunacaqdır. Buna görə də enerji resurslarından istifadənin strukturu az karbonlu mənbələrə doğru bir qədər də dərin dəyişikliklərə məruz qalacaq, bərpa olunan enerji mə nbələ rindənistifadə sürətlə böyüyən enerji forması kimi daha da genişlənəcəkdir. Qloballaşmanın yeni mərhə ləsində Avropa İttifaqının sıfır emissiyalı iqtisadiyyata keçid siyasətinə uyğun olaraq, neft-qazın ümumi idxalatdakı nisbətinin daha da azaldılması prosesi sürət alacaq, neft-qaz sektoruna yönəldilən sərmayələr daha da yüksələcəkdir.Lakin bununla yanaşı, dekarbonizasiya istiqamətindəki qlobal çağırışlara uyğun olaraq, alternativ enerji mənbələrində n elektrik enerjisinin istehsalı, elektromobillərdən geniş istifad ə və ümumilikdə texnologiyaların inkişafı neftə olan tələbatın azalmasını da qaçılmaz edəcək, dünya enerji balansında neft-kimya sektorunun hesabına payını artıracaqdır. Burada bir dinamik statistikanın nəzərə alınması da qaçılmazdır. Belə ki, tutumu 2 trilyon ABŞ dolları olan qlobal neft məhsulları bazarı ilə müqayisədə kimya sektoru 4 trilyon ABŞ dollarına bərabər sənayedir. Bu isə bir daha onu göstərir ki, neft sənayesinin gələcəyi kimya məhsullarından asılıdır. Bundan başqa, qlobal enerji ssenarisində vəziyyəti şərtləndirən inkişaf amillərindən biri kimiABŞ və Çin arasındagedən ticarət savaşları təsirli olacaqdır.
Bütün bunlar yenə də onu göstərir ki, sürətlə dəyişən dünyada enerji təhlükəsizliyi prioritet qalacaq, keyfiyyətlilik və qənaətcillik daha çox üstünlüklər əldə edəcəkdir.
Azərbaycan Respublikası da neft-qaz resurslarının bol olduğu ölkələr sırasındadır. Hələ qədim zamanlardan neftdən istifadə Azərbaycan xalqının iqtisadi və sosial həyatında mühüm rol oynamışdır. Onun coğrafi hüdudlarında min illər boyu davam edən hasilat tarixin müxtəlif mərhələlərindən keçərək dünya iqtisadiyyatının inkişafına, qlobal sənaye inqilabının təşəkkülünə misilsiz töhfələr vermişdir.
2. Neft strategiyası və enerji siyasətinin reallaşmasının başlıca aspektləri
Azərbaycanın ən yeni neft tarixi dövlət müstəqilliyinin bərpası mərhələsindən təzahür edir. Bu tarixi yaranış mənbəyini Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və “Əsrin mü-qaviləsi” ilə reallaşan neft strategiyasından başlanğıc almışdır. Bu strategiyanın fundamental təminatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaradıcı əzmi, əməli fəaliyyəti ilə yeni mər-hələyə qədəm qoymuş, ölkənin enerji sektorunda, bütövlükdə isə dövlət quruculuğunda islahatlar prosesi daha möhtəşəm məzmun kəsb etmişdir.
Müstəqilliyimizin hələ ilk illərində bu irəliləyişlərin labüdlüyünü nizamlayan ulu öndər “Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət”ində demişdir: “Müstəqil Azərbaycanın neft strategiyasını ardıcıl həyata keçirərək, biz böyük uğurlara nail olmuşuq. Gələcəkdə isə bu uğurlar daha da artacaqdır. Azərbaycan artıq indi bölgənin coğrafi-siyasi mərkəzinə çevrilmişdir. Azərbaycanın bölgədəki və onun hüdudlarından kənardakı vəziyyətə təsiri getdikcə artmaqdadır. Təbii ki, neft özlüyündə bizim üçün heç də məqsəd deyildir. O, Azərbaycan Respublikasının müstəqilliyinin, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi, yeni sahələrin yaradılması, xalqın rifah halının yüksəldilməsi kimi ali məqsədlərimizin uğurla həyata keçirilməsi üçün güclü bir vasitədir, əlverişli bir mənbədir. Tam qətiyyətlə demək olar ki, bu vasitədən səmərəli və məqsədyönlü istifadə etməklə, bu mənbədən lazımınca bəhrələnməklə biz yaxın gələcəkdə Azərbaycanı ən yüksək həyat səviyyəli ölkələrdən birinə çevirə biləcəyik”.
“Əsrin müqaviləsi”ndən ötən 26 il ərzində neft-qaz sektoruna 100 milyard ABŞ dollarından çox (ölkə iqtisadiyyatına yatırılan investisiyaların 40%-nə qədər) investisiyalar yatırılmış, yeni potensialda geniş infrastruktur formalaşdırılmış, Azərbayca Respublikasının Dövlət Neft şirkəti - SOCAR xidmət coğrafiyasını genişləndirərək mühüm transmilli şirkətə çevrilmişdir. SOCAR Azərbaycanın dünyada etibarlı enerji təchizatçısı kimi tanınmasına əvəzsiz töhfələr verir.
Qlobal çağırışlar islahatların növbəti mərhələsində milli enerji sektorunda da inkişafın yeni hədəflərinin formalaşdırılmasını labüd etmiş, neft-qaz sərvətlərinin insan kapitalına çevrilməsi prosesi daha da vüsətlənmişdir. Bu resurslar ölkə iqtisadiyyatının şaxələndirilməsində, qeyri -neft sektorunun inkişafında əvəzsiz kapital qaynağı olaraq çıxış edir. Milli neft strategiyasının davamlı reallaşması nəticəsində əldə olunan gəlirlər sosial effektlər yaradaraq hər bir vətəndaşın rifahının yüksəlişinə öz təsirini göstərir.Bunun nəticəsidir ki, “Əsrin müqaviləsi” yekunlaşmadan, 2017-ci ilin sentyabrında “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının 2049-cu ilin sonuna qədər birgə işlənməsinə dair yeni sazişimzalanmışdır. Bundan başqa ölkədə nəhəng infrastruktur layihəsi Cənub Qaz Dəhlizi reallığa çevrilmişdir. Vurğulanmalıdır ki, bu möhtəşəm meqa-layihənin dörd seqmentindən üçü “Şahdəniz-2”, Cənubi Qafqaz Boru kəmərinin genişləndirilməsi və Trans Anadolu Boru Kəməri - TANAP layihəsi uğurla başa çatmış və yaxın müddət ərzində Trans-Adriatik Boru Kəməri - TAP-ın da tikintisiyekunlaşacaqdır.İlkin mərhələdə enerji təhlükəsizliyi kimi strateji maraqlara, iqtisadi inkişafa və qlobal əməkdaşlığa xidmət edən Cənub Qaz Dəhlizinin resurs mənbəyi dünyanın ən böyük qaz-kondensat yataqlarından olan “Şahdəniz”dən çıxarılacaq qaz həcmləri təşkil edir. Lakin layihələndirmə zamanı Xəzərin Azərbaycan sektorunun digər perspektiv yataqlarındakı ehtiyatlar da nəzərə alınmışdır. Dəhliz vasitəsi ilə həmçinin Azərbaycan qazı ilə yanaşı, Türkmənistan və İraq qazının daşınması da gözlənilir. Gələcəkdə İran və Misirin də bu kəmərə qoşulacağı istisna edilmir.Təməli qoyulmuş Bolqarıstan-Yunanıstan İnterkonnektoru dagələcəkdə Azərbaycan qazının digər Balkan ölkələrinə çıxışına zəmin yaradacaqdır. Bununla yanaşı, Qara dəniz və Aralıq dənizi sahili ərazilərindən keçəcək tranzit xətlərinin Cənub Qaz Dəhlizi ilə inteqrasiyası reallaşa bilər. Bütün bunlar isə bir daha onu göstərir ki, artıq 2020-ci ildən etibarən layihə Cənub, Cənub-Şərqi Avropa və daha geniş ərazinin enerji xəritəsini dəyişdirəcək,Azərbaycan təkcə neft deyil, həm də qazın əsas ixracatçısına və regionun enerji təhlükəsizliyinin təminatçılarından birinə çevriləcəkdir. Cənub Qaz Dəhlizinin bütün tərkib layihələri maksimum potensialı ilə çalışarsa və neftin bir barelinin qiyməti 60 ABŞ dolları təşkil edərsə, o zaman yaxın 20-25 il ərzində(2021-2045-ci illər)buradan təxminən 40 milyard ABŞ dolları həcmində gəlir əldə olunacaqdır. Azərbayacanın karbohidrogen potensialı haqqında danışdıqda Xəzərin Azərbaycana mənsub akvatoriyasında istismara hazırlanan ümumi ehtiyatı təqribən 1 milyard ton neftə ekvivalent hesablanan “Abşeron”, “Qarabağ”, “Ümid-Babək”, “Əşrəfi”-“Dan ulduzu”-“Aypara”, “Şəfəq”-“Asiman” və digərlər bu kimi yataqların həcmləri də nəzərə alınmalıdır.
Qazlaşdırma ilə bağlı məsələlə r də uğurla icra olunmaqdadır. Artıq onun həcmi 96 faizi ötmüşdür. Azərbaycanın artan qaz potensialı onun ixracı ilə yanaşı, bu xammala ə saslanan müəssisələr silsiləsinin yaranmasını da şərtləndirmişdir. Bu müsbət trend qaz emalı və kimyası sənayesinin inkişafına zəmin olmuş və ölkəni bir sıramüvafiq idxal məhsullarından azad etmişdir. Bu silsilə də azot gübrələri istehsal edən “SOCAR Karbamid”, polipropilen və yüksək sıxlıqlı polietilen istehsalını həyata keçirən “SOCAR Polymer” və metanol istehsalını təmin edən “SOCAR Metanol”zavodları xüsusi əhmiyyət daşıyır. Bu işlərin davamı olaraq, ölkədə illik emal gücü 10 milyard m3olacaq yeni Qaz emalı zavodunun layihələndirilməsi işlərinə başlanılmışdır.
Ölkədə həmçinin yüksək Avropa standartları səviyyəsində məhsullar istehsal etmək məqsədi ilə Heydər Əliyev adına Neft Emalı Zavodunda və “Azərikimya” İstehsalat Birliyində yenidənqurma və modernizasiya prosesləri uğurla davam etdirilir. Layihələr yerinə yetirildikdən sonraneft və kimya məhsullarının istehsal həcmlərinin və ixrac potensialının artırılması, istismar xərclərinin azaldılması, benzin və dizel yanacağının Avro-5 standartlarına çatdırılması, müəssisələrin təhlükəsizlik şəraitinin və ekoloji vəziyyətinin yaxşılaşdırılması kimi effektlər əldə olunacaqdır.
Vurğulanmalıdır ki, SOCAR həm də Türkiyə Cumhuriyyətinin ən böyük xarici investorudur. Onun vasitəsi ilə Türkiyə iqtisadiyyatına 15 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb və həmin rəqəmin20 milyard ABŞ dollarına çatdırılması planlaşdırılır. Bu ölkədəSOCAR həmçinin Petkim neft-kimya kompleksi, STAR neft emalı zavodu, külək enerji stansiyası, Egey dənizinin ən böyük limanı olan SOCAR Konteyner Terminalı, milyonlarla istehlakçıya xidmət göstərən qazpaylayıcı şəbəkələr, fiberoptik xətlərkimi böyük aktivlərə sahibdir.
Neftdən əldə edilən gəlirlər ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına yönəldilir. Bu istiqamətdə Dövlət Neft Fondunun xətti ilə miqyaslı investisiya qoyuluşları,mühüm infrastruktur layihələri reallaşdırılır, yüzdən çox köçkün şəhərciyinin inşası həyata keçirilir, mühüm sosial-iqtisadi effektlərə nail olunur.
Azərbaycan üçün dünya neft-qaz sənayesinin dəyişkənliyinin, qiymət titrəyişlərinin onun iqti-sadiyyatına təsiri ilə yanaşı, coğrafiyasındakı geosiyasi proseslərə, potensiallara vəbu baxımdan xü-susən də Xəzər dənizi ehtiyatları müstəvisindəki inkişafssenarisi də önəm daşıyır. İlk öncə bu qiy-mətlərin dayanaqlılığında, ehtiyatların mərhrələli hasılatında və istismar proseslərində özünü biruzə verir. Bu istiqamətdəPrezident İlham Əliyevin 2016-cı ildə Davos İqtisadi Forumunda çıxışı zamanı neft istehsal edən ölkələrin “OPEC plus” formatında iclasının keçirilməsi təşəbbüsünün reallığa çe-vrilməsi mühüm əhəmiyyət daşıyır. Belə ki, bu amil neft hasilatınının tənzimlənməsi ilə yanaşı, Azərbaycanla OPEC arasında əməkdaşlıq münasibətlərinin intensivləşməsində də mühüm rol oynamaqdadır.
3. Elektroenergetika sahəsində inkişafın başlıca hədəfləri
Qlobal çağırışlar kontekstində milli enerji sektorunda inkişafin yeni hədəflərienerji təhlükəsizliyinin mühüm hissəsi olan elektroenergetika sahəsində də tərəqqini stimullaşdırır. Qeyd olunmalıdır ki, XIX əs-rin 80-ci illərində sənaye inqilabının beşiyi olan Avropanın əksər ölkələrində elektrik enerjisi olmadığı hal-da Azərbaycanda elektrik enerjisi stansiyaları olmuşdur. İlk su elektrik stansiyası - SES 1880-1883-cü il-lərdə Almaniyanın “Siemens” şirkəti tərəfindən Gədəbəyin Qalakənd kəndində inşa olunmuş, 1895-ci ildə isə Bakıda Bayıl şosesi üzərindəki “Bakinski dok”da ilk istilik elektrik stansiyası- İES quraşdırılmışdır. Sonradan bu proseslər bir qədər də genişləndirilmişdir. Azərbaycan Xalq Cumhuriyyəti illərində (1918-1920-cu illər) isə bu işlər dövlət siyasətində öz əksini tapmış, əvvəl sırf sənaye üçün nəzərdə tutulan elek-trikləşdirmənin ictimailəşdirilməsinə başlanılmış, xaricdə elektroenergetika sahəsində milli kadrların yetiş-dirilməsi işinin təməli qoyulmuşdur. Azərbaycanda sovet hakimiyyəti illərində də bu sahədə mühüm işlər görülmüş, əsaslı institusionallaşmalar aparılmış, 1941-ci ildə “Sumqayıt-1” İEM, 1954-cü ildə “Şimal” DRES və “Mingəçevir” SES, 1959-cu ildə isə Avropada açıq quruluşlu ilk iri istilik elektrik stansiyaları is-tismara verilmiş və digər layihələr həyata keçirilmişdir. 1969-cu il dirçəliş və yenidənqurma dövründən başlayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi müddətdə respublikamızda digər sahələrdə olduğu kimi, elektrik enerjisi sisteminin inkişafında da yeni mərhələnin başlanğıcına start verilmişdir.
Həmin dövr ərzində çoxsaylı yeni İES və SES-lər istismara verilmişdir. Burada ən böyük hadisə isə Azərbaycan energetikasının inkişafında yeni mərhələnin əsasını şərtləndirən ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə tikiləngücü 2400 MVt olan “Azərbaycan” İES-in 1981-ci ildə ilk enerji blokunun istifadəyə verilməsi olmuşdur. Bundan sonra isə 1982-ci ildə gücü 380 MVt olan “Şəmkir” SES istismara buraxılmışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ikinci dövrdə də enerji sistemin inkişafında misilsiz quruculuq işləri həyata keçirilmişdir. Bu tarixi mərhələdə 1984-cü ildən tikintisi yarımçıq qalmış “Şəmkir” SES-in davamı olan “Yenikənd” su hövzəsi və SES-ininşası başa çatdırılmış, 330 kV-luq “Ağcabədi”, 110 kV-luq “Bərdə” yarımstansiyalarının - YS və 330 kV-luq “Azərbaycan ”İES, “Ağcabədi”-”İmişli” elektrik verilişi xətlərinin - EVX inşası həyata keçirilmişdir. “Şimal” İES-in yenidənqurulması da ulu öndərin adı ilə bağlıdır. Ümumilikdə isə həmin dövrdə görülən işlər nəticəsində ölkə üzrə 3500 MVt-a yaxın generasiya gücü işə salınmış,enerji istehsalı təxminən 2 dəfə artmışdır. Ümummilli lider Heydər Əliyevin enerji siyasəti Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, 2003-2020-ci illər ərzində ölkədə ümumi gücü 2800 MVt-dan artıq 30-dan çox elektrik stansiyası, o cümlədən 2586,5 MVt gücündə 11 İES, 133 MVt gücündə 12 SES və gücü 130 MVt-dan artıq olan 30-dan çox bərpa olunan enerji mənbələri - BOEM (külək, günəş, biokütlə və s.)təyinatlı stansiyalar tikilib istismara verilmiş, uzunluğu min kilometrlərlə ölçülən elektrik verilişi xətləri çəkilmiş, 5mindən çox müxtəlif gərginlikli YS inşa edilmiş vəyenidənqurulmuş, ən son elmi-texniki yeniliklərə əsaslanan rəqəmsal texnologiyalardan olan SCADA sisteminin tətbiqi ilə enerjisistemin idarəedilməsi əsaslı şəkildə təkmilləşdirilmişdir. 2019-cu ildə istifadəyə veriləngücü 409 MVt, illik istehsal gücü 3,2 milyard kVts olan “Şimal” İES həm də qənaətcillik baxımından unikallığı ilə fərqlənir. Belə ki, yanacaq sərfinə (yük rejimindən asılı olaraq 214-216 qram), faydalı iş əmsalının 57,4 faiz olmasına və ekoloji səmərəsinə görə bu stansiya Cənubi Qafqazda yeganədir. Ondan istifadə ilə Bakı şəhəri və Bakıətrafı qəsəbələrin, ümumilikdə isə Abşeron yarımadasının elektrik enerjisi təchizatını yaxşılaşdırılması ilə yanaşı, generasiya güclərinin ölkə ərazisində daha bərabər şəkildə paylanması da təmin edilmiş, enerji potensialının artımına əlavə güc qatmış, ixrac həcmlərinin genişlənməsində yeni imkanlar yaranmışdır.
Vurğulanmalıdır ki, “Azərbaycan” İES-də 2018-ci ildə baş verən qəzadan sonra elektrik stansiyalarında görülən təxirəsalınmaz tədbirlər nəticəsində bərpa olunan 400 MVt itirilmiş gücü və “Şimal-2” ES hesabına 409 MVt gücü nəzərə almaqla, ümumilikdə 800 MVt əlavə generasiya gücü əldə olunmuş və tələbatdan artıq 1000 MVt güc yaradılmışdır. Həmçinin bu işlərin davamı olaraq tərtib edilmiş Reabilitasiya Proqramına əsasən görüləcək əlavə tədbirlər nəticəsində daha 400-550 MVt imkan gücünün artırılması hədəflənir.Bununla yanaşı,kənar elektrik enerjisinin kəsildiyi fövqəladə vəziyyətlərdə sərnişinlərin qatarlarda və perronlarda qalmaması, eskalatorların davamlı işləməsi məqsədi ilə metro stansiyalarında generatorlar quraşdırılmış və daha40 MVt həcmində yeni güc mənbəyi yaradılmışdır.
Ölkədə BOEM hesabına istehsal edilən elektrik enerjisinin həcmi də artmaqdadır. 2019-cu ildə həmin enerji növü üzrə istehsal 345,1 milyon kVts olmuşdur ki, bunun da 103,2 milyon kVts-ı külək, 41,0 milyon kVts-ı günəş, qalan 200,9 milyon kVts hissəsi isə digər mənbələrin payına düşmüşdür.
BOEM üzrə işlər Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Burada gücü 36 MVt olacaq Araz çayı üzərindəkiOrdubad SES-in yaxın vaxtlarda istifadəyə verilməsi ilə BOEM üzrə qoyuluş güc 128,4 MVt-a çatdırılacaq və nəticədə Naxçıvan MR-də enerjiyə olan tələbat həmin mənbələr hesabına tam təmin ediləcəkdir. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə BOEM üzrə elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsi işlərinə də başlanılmış, bununla bağlı əlaqələndirici Komissiya yaradılmış, sahəyə özəl investisiyalar cəlb olunması məqsədi ilə bir sıra beynəlxalq səviyyəli aparıcı şirkətlərlə, əməkdaşlığın ümumi istiqamətlərini müəyyənləşdirən anlaşma memorandumları imzalanmışdır.
Həmçinin konkret olaraq Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə 240 MVt gücündə külək, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə isə 200 MVt gücündə günəş stansiyalarının tikintisi ilə bağlı layihə təklifləri üzrə işlər aparılmaqdadır. Bütün bunlarla yanaşı, yaxın gələcəkdə əlavə olaraq daha 400-500 meqavat güc yaradan stansiyaların vəgücü 84 MVt olan “Şurabad” Külək elektrik stansiyasının tikintisi ilə bağlı layihələr də nəzərdən keçirilməkdədir.
Görülən bu tədbirlər əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşmasına çox mühüm təsir göstərmiş, ümumilikdə 2003-cü ildən sonra elektroenergetika sahəsində aparılan islahatlar nəticəsində Azərbaycan elektrik enerjisi üzrə idxalçı ölkədən ixracatçı ölkəyə çevrilmişdir. Ötən müddət ərzində həmçinin sahənin ümumi inkişafı, o cümlədən hüquqi prosedurların sadələşdirilməsi, şəffaflığın və istehlakçı məmnunluğunun təmin edilməsi istiqamə-tində yeni normativ-hüquqi aktlar qəbul olunmuş, qanunvericilik bazası təkmilləşdirilmiş-dir.Layihəsi hazırlanmış “Enerji resurslarından səmərli istifadə və enerji effektivliyi haqqında” Azə-rbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra ölkənin enerji sistemində köklü institusional dəyişikliklər baş verəcəkdir. Onun əsas məqsədi enerji resurslarından effektiv istifadənin təmin olunması, iştirakçıların arasındakı münasibətlərin tənzimlənməsi, enerji resurslarından istifadənin müasir tələb və standartlara uyğunlaşdırılması üçün hüquqi əsaslar yaratmaqdan ibarətdir. Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan bu Qanun iqtisadiyyatın mövcud inkişaf səviyyəsi və perspektivlərini, habelə əhalinin rifah səviyyəsinin yüksəldilməsini nəzərdə tutaraq, geniş multiplikativ effektlərlə müşayiət olunaraq milli enerji bazarının geniş aspektə forma-laşdırılmasına, sahə üzrə şəffaflığın təmin edilməsinə, haqsız rəqabətin aradan qaldırılmasına, qənaətinbiçimli bölüşdürülməsnə zəmin yaradacaq, enerji auditi, enerji menecmenti və enerji səmərəliliyi kimi yeni xidmət və sistemlərin tətbiqini reallaşdıracaqdır.
4. NƏTİCƏ
Aparılan təhlil və araşdırmalar bir daha yəqinlik verir ki, neftlə bağlı müasir dünyada qlobal dəyişikliklərlə müşayiət olunan çətin proseslərə baxmayaraq, bəşəri neft sivilizasiyası, karbohidrogen erası davam edir. Neft-qaz sektoru ən öncül və bahalı texnologiyaların və innovasiyaların geniş tətbiq zonası statusunu hələ də özündə saxlayır. Resursların məhdudlaşması yeni qlobal çağırışlar kontekstində industrial dövlətlərin energetik konsepsiyasına, milli təhlükəsizlik strategiyalarına korrektələr gətirir. Bu müvafiq olan konseptual istiqamət Azərbaycan üçün də istinasızdır. Ona görə də ölkədə aparılan enerji siyasəti daim təkmilləşir, resursların konsalidasiyası həyata keçirilir, daha optimal olan milli layihələrə yer verilir. Bu baxımdan yaxın onilliklər üçün qlobal çağırışlardan irəli gələrək, milli enerji sektorunda inkişafin yeni hədəfləri kimi aşağıdakıları səciyyələndirmək mümkündür:
➢ enerji təhlükəsizliyinin davamlı möhkəmləndirilməsi, enerji effektivliyinin artırılması və resurslarının konsolidasiyası: yeni ehtiyat mənbələrinin aşkarlanması, inkişaf templərinə və ehtiyaclara uyğun olaraq onların mərhələli dövriyyəyə gətirilməsi;
➢ “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının 2049-cu ilin sonuna qədər birgə işlənməsinin səmərəli həyata keçirilməsi, “Abşeron”, “Qarabağ”, “Ümid-Babək”, “Əşrəfi”-“Dan ulduzu”-“Aypara”, “Şəfəq”-“Asiman” və digər bu kimi yataqların işlənməsinin sürətləndirilməsi;
➢ Cənub Qaz Dəhlizinin potensialındanmaksimum istifadə, onun resurs mənbələrinin, istehlak sisteminin şaxələndirilməsi və gəlirliliyinin artırılması;
➢ qazlaşdırmanın səviyyəsinin elektrik enerjisi təchizatında olan səviyyəyə çatdırılması, neft-qaz emalı, neft-qaz-kimya sənayesinin inkişaf etdirilməsi,infrastruktur yenidənqurması, sahədə davamlı modernizasiyanın aparılması,institusionallığın genişləndirilməsi, rentabelli səviyyədə dayanıqlığının ardıcıl təmin edilməsi;
➢ SOCAR-ın transmilliləşməsinin genişləndirilməsi, enerji sektorunda yeni transmilli güclərin yaradılması, dünya enerji bazarlarında iştirakın möhkəmləndirilməsi, xarici ölkələrdə investisiyaların üstün olaraq strateji infrastruktur və istehsal obyektlərinə yönəldilməsi;
➢ enerji sahəsəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi,“OPEC” və “OPEC plus” formatında əlaqələrin gücləndirilməsi;
➢ Dövlət Neft Fondunun səmərəliliyinin artırılması, aktivlərinin effektli idarə edilməsinin təminatı, neft gəlirlərinin daha biçimli olaraq ölkə iqtisadiyyatının şaxələndirilməsinə və infrastruktur layihələrinə yönəldilməsi;
➢ itirilmiş generasiya güclərinin bərpası və dayanıqlığın təminatı, iqtisadi inkişafa və artan əhali tələbatına uyğun yeni istehsal və infrastrukturların qurulması, daha modern optimal enerji sisteminin formalaşdırılması, elektrik enejisi ixracının genişləndirilməsi və diversifikasiyası;
➢ effektli BOEM strategiyasının həyata keçirilməsi, tələb olunan bütün obyektlərdə alternativ generatorların quraşdırılması, təhlükəsizliyin təminatı;
➢ ekoloji effektivlik və emissiyalı iqtisadiyyat prinsiplərinə uyğun olaraq, dekarbonizasiya istiqamətindəfəaliyyətlərin artırılması, elektromobillərdən istifadənin genişləndirilməsi və müqabil infrastrukturun qurulması, enerji sektorunda süni intellekt resurslarının və “Sənaye-4” nailiyyətlərinin tətbiqinin genişliklə təminatı.
Reallıqlar belədir ki, Azərbaycan milli mənafelərdən irəli gələrək, yeni qlobal çağırışlara uyğun özünün enerji strategiyasında bütün trendləri nəzərə alır, mühüm neft ölkəsi olaraq tarixi rolunu müasir tələblər səviyyəsindəmöhkəmləndirir və enerji sektorunda inkişafın yeni hədəflərini iqtisadi tərəqqi və iqtisadiyyatın şaxələndirilməsinə müvafiq müəyyən edir, təkmilləşdirir və nizamlayır.