gototop gototop
Azərbaycanca Русский English
Arxiv
Faydalı linklər

http://www.preslib.az/

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası


http://www.vergijurnali.az/

"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal


http://www.science.gov.az/

AMEA - Azərbaycan Milli Elmlər Akademiyası


http://www.elm.az/az/economy/

AMEA İqtisadiyyat İnstitutu


http://www.aseu.az/

Azərbaycan Dövlət İqtisad Universiteti


http://www.anl.az/

Azərbaycan Milli Kitabxanası


http://banker.az/az/

Azərbaycan kommersiya bankları haqqında informasiya portalı


http://iqtisadiyyat.com/

İqtisadiyyat qəzeti


Elmi əsərlərin siyahısı / İSLAHATLARIN YENI MƏRHƏLƏSINDƏ INFRASTRUKTUR INKIŞAFIN ƏSAS ISTIQAMƏTLƏRI

22.01.2010

İSLAHATLARIN YENI MƏRHƏLƏSINDƏ

INFRASTRUKTUR INKIŞAFIN ƏSAS ISTIQAMƏTLƏRI

 

Nazirlər Kabineti Aparatının

Sənaye və energetika məsələləri şöbəsinin müdiri i.e.d., prof. Elşən Hacızadə

elshan@hajizada.com, ehm@rambler.ru

 

Müasir dünyanın son bir əsrdən çox formalaşmış reallıqları ondan ibarətdir ki, infrastruktur inkişafı olmadan hər hansı bir ölkədə ümumi qalxınma və iqtisadi artım əsaslı gerçəkləşə bilməz. Ona görə ki, infrastruktur iqtisadiyyatın, təsisat və təşkilatlar sisteminin, bazarda əmtəə və xidmətlərin hərəkətinin, bütövlükdə isə həyatımızın effektiv funksionallığının mütləq şərti kimi təsbitini tapmışdır. Belə təzahür ona zəruri olan bütün fəaliyyət növlərinin məcmusunun istehlakçılara maddi və qeyri-maddi formada yetməsini təmin edir. İnfrastrukturun rolunun və təkmilliyinin artırılması strategiyası çağdaş iqtisadi inkişafın səmərəliliyini əsaslandıran başlıca xüsusiyyətlərindən biri kimi çıxış edir. Bazar təsisatlarını dərinləşməsini əsas götürən istənilən ölkə iqtisadi inkişafa adekvat infrastruktur üçün əlverişlı şərait və imkanlar yaratmağa borcludur.

İnfrastrukturun terminaloji interperetasiyasında ayrı-ayrı sferalar üzrə müxtəlif yanaşılmaların olmasına baxmayaraq, mahiyyət və məzmununda uzlaşma eyniliyi qətidir. İnfrastruktur (infrastructure) anlayışı özünün başlanğıcını linqivistik mənada latın mənşəli alt - “infra” və quruluş - “structura” sözlərinin birləşməsindən alaraq, hər hansı bir problemin həllinin təminatında qarşılıqlı əlaqəlikdə olan xidmətedici şəbəkələr kompleksi mənasını verir. İqtisadi inkişafın əsas drayveri rolunda çıxış edərək infrastruktura üstün olaraq məhz iqtisadi kateqoriya kimi yanaşılır. Əslində də infrastruktur iqtisadi kateqoriya olmaqla genişliklə əmək bölgüsüsnün dərinləşməsi ilə bağlı təşəkkül tapmışdır. Lakin istehsalın ümumi məhdud inkişafı mərhələsində, eləcə də onun maşın vasitəli formasının yaranası zamanlarına qədər infrastrukturun xüsusi çəkisi miqyaslı olmamış və bu baxımdan da ona əlahiddə funksiya veril-məmisdir. İqtisadi ədəbiyyat və ensiklopediyalarda “infrastruktur” konkret olaraq iqtisadiyyatın normal funksional şəraitini, əmtəə dövriyyəsini, insanların həyat əhəmiyyətli fəaliyyətini ümumilikdə təmin edən əsas və köməkçi sahələr kompleksi kimi təsbitini tapır. Buraya yollar, körpülər, kanatlar nəqliyyat, anbarlar, terminallar, limanlar, rabitə, enerji və su təchizatı, elm, təhsil, səhiyyə və digər bu kimi xidmət sahələri aid edilir [5, 7]. Digər tərəfdən infrastruktur özü də kompleks xarakterlidir.

İnfrastruktur kompleksi maddi istehsalın baza sahələrinin fəaliyyətini və həmçinin ətraf mühiti də nəzərə almaqla əhali həyatı üçün zəruri şəraiti təmin edən müxtəlif xidmət və təsərrüfat sahələrini birləşdirir. Kommunikasiya (nəqliyyat və rabitə), humanitar-iqtisadi (mədəniyyət, səhiyyə, təhsil, kurort-müalicə, idman-sağlamlıq, mənzil-kommunal, məişət, hüquq, bank, sığorta) və sair bu kimi xidmətləri əhatə edən infrastruktur kompleksinin köməyi ilə yalnız ərazi, regional əlaqələr deyil, geniş spektrdə dövlətlərarası münasibətlər də təmin olunur. Beləliklə, infrastruktur kompleksi geniş çeşidli xidmət sahələri formasında çıxış edərək əhatə dairəsində mühüm istehsal-iqtisadi rabitələri qurur və müasir formada texnoparklar kimi də yeni mahiyyət kəsb edir. Sahələrarası xarakter daşıyaraq, inteqarsiyaedici funksiyalı özəlliyə malik infrastruktur istehsal, sosial, ekoloji, maliyyə-kredit, kommersiya, elmi-texniki, institusional, logistik, informasiya kimi təsnifatlandırmaları əhatə edir. Makro səviyyədə isə bu quru, dəniz və kosmik təyinatlı infrastruktur kimi də təsnifatlandırmaya da məruz qalır [3, 6].

İnfrastruktur kompleksin iqtisadiyyatın müxtəlif inkişaf mərhələlərindəki xüsisiyyətlərini təhlil etdikdə, belə bir ümumi qənaətə gəlmək olur ki, ekstensiv və intensiv təsərrüfatçılığı əks etdirməsindən asılı olmayaraq iqtisadiyyatın hər bir səviyyəsi özünə uyğun infrastruktur modeli şərtləndirmişdir. Bu gün də belədir və yəqin ki, əhalinin həyat tərzi və stilinin, bütövlükdə sosial-iqtisadi sistemin dəyişkənliyində də uyğun model mühafizəsini saxlayacaqdır.

İnfrastruktur inkişafın problemləri həm də elmi aktuallığı kəsb edərək tədqiqat obyektinə çevrilir. Ona elmi yanaşma baxımından maraq daim dərinləşir, qlobal çağrışlarla isə onun sistemi və strukturu təkmilləşir və zənginləşir. Buna görə də, onun fəaliyyət mexanizminin reformasiyası, nizamlanması və ümümilkdə isə problemlərinin elmi tədqiqi ölkənin sosial-iqtisadi inkişaf məsələlərinin uğurlu həllinin zəruri obyektiv şərti kimi dəyərləndirilir. Vurğulanmalıdır ki, infrastruktur anlayış olaraq ilk dәfә ötən əsrin 40-cı illәrinin sonunda burjua siyasi iqtisad nәzәriyyәsindә meydana çıxmış və 1955-ci ildә avstriyalı iqtisadçı Paul Narsis Rozeynşteyn-Rodan (1902-1985) tәrәfindәn elmi dövriyәyә gәtirilmişdir. Bu elmi və əməli reallığa baxmayaraq Sovetlər İttifaqı dövründə infrastruktur problemi açıq hesaba alınmamış və elmi-nəzəri baxımdan dolğun qiymətləndirilməmişdir [5]. Bu da bir qədər təbiidir ki, iqtisadiyyatın plan-inzibati modelinin qarışısında bazar sistemi deyil, şaquli idarəetmə forması dayandığı üçün məntiqi olaraq infrastruktur məsələləri də prioritet götürülə bilməzdi. Həmçinin bu sistemdə infrastruktur problemləri geniş olaraq kapitalist üsulunun atributu kimi təsdiqlənərək uzun müddət diqqətdən kənarda qalmışdır. Lakin baş verən sistem trasformasiyası, iqtisadi inkişafın yeni stimulları, əmək bölgüsünün dərinləşməsi onun konseptual baxımından araşdırılmasını geniş tədqiqat predmetinə çevirmişdir [10]. Bütün bunları əsas götürərək müasir şəraitdə milli iqtisadiyyatın mühüm rəqabətqabiliyyətli amili kimi infrastrukturun nəzəri tədqiqi və onun təkmil elmi metodologiyasının geniş spektrdə formalaşdırılması Azərbaycan iqtisad elmi üçün aktual əhəmiyyət təşkil edir.

*     *     *

İnfrastruktur inkişafın problemləri Azərbaycan üçün də xüsusi önəm daşıyır. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqavilәsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, tarixi Ipək Yolunun bərpası - TRACECA dəhlizi kimi möhtəşəm layıhələrin reallaşmasından başlanğıc alan, bütövlükdə ümumi tərəqqini əhatə edən infrastruktur inkişaf strategiyası bu gün ölkənin sosial-iqtisadi həyatının əsas prioriteti olaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Qətiyyətlə qeyd olunmalıdır ki, ölkənin neft qaz infrastrukturunun yenidən qurulması, modernizasiya və genişləndirilməsinin ilkin mərhələsindən sonra son 15 ildə ölkədə ikinci “infrastruktur bumu” yaşanır. Ötən bu illər ərzində şəhər təsərrüfatı və regonal infrastruktur sahələrinin inkişafı ilə yanası, ümumilkdə bütün ölkə üzrə istehsal, sosial, kommunikativ infrastrukturun yenidənqurması üzrə mәqsәdyönlü işlər aparılmış, çoxmilyardlı sәrmayәlәri özündə əks etdirən milli və beynəlxalq layıhələr reallaşdırılmışdır.

Infrastruktur inkişafın əsas istiqmətlərindən biri real sektorda formalaşdırılmışdır. Bu istehsal infrastrukturunun təkmilləşməsi, yenidən qurulması və genişləndirilməsi ilə sıx bağlı olmuşdur. Belə ki, ölkədə istehsal infrastrukturunun sənayə zonaları, texnoparklar, aqropaklar və digər müasir texnoloji standarları özündə əks etdirən modellər formatında qurululmasına start verilmişdir. Sumqayıtda respublikanın və ümumilikdə regionun ən böyük sənaye zonası olan Sumqayıt Kimya Sənaye Parkın yaradılmış və burada 18 müəssisəyə rezident statusu verilmişdir. Anoloji sənaye zonaları ayrı-ayrı ixtisaslşamalarda fəaliyyətə başlamışlar (Bakıda Yüksək Texnologiyalar Parkları, Qaradağ Sənaye Parkı, Balaxanı Sənaye Parkı və Pirallahı Sənaye Parkı, Mingəçevirdə - Mingəçevir Sənaye Parkı və Mingəçevir Yüksək Texnologiyalar Parkı, Masallı, Neftçala, Hacıqabul və Sabirabadda - Masallı Sənaye Məhəlləsi, Neftçala Sənaye Məhəlləsi, Hacıqabul Sənaye Məhəlləsi, Sabirabad Sənaye Məhəlləsi) [8, 9]. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xalça və xalça məmulatlarının istehsalı və ixracını təmin edilməi üzrə yaradılan və hazırda ölkənin əksər regionunda müəssisələri olan “Azərxalça” ASC-ni də əlahiddə bir istehsal infrastruktur kompleksi kimi dəyərləndirmək olar. Kənd təsərrüfatı sahəsində yaradılmış 20-dək Aqropark da bu siyahıdan kənarda qalmamalıdır.

Sənaye istehsallı infrastrukturla yanası nәqliyyat sisteminin tәkmillәşdirilmәsi vә nәqliyyat müstәqilliyinin genişlәndirilmәsi istiqamətində qurucu işlər görülmüş, әn müasir standartlara uyğun avtomobil yolları inşa edilmiş vә yenidən qurulmuş, logistik infrastruktur tәkmillәşdirilmiş, Bakı şәhәrinin Əlәt qәsәbәsindә Xәzәrdә әn böyük beynәlxalq dәniz ticarәt limanı kompleksi tikilərək istismara verilmiş, ölkәdә fəaliyyət göstərən aeroport sayı 6-sı beynəlxalq olmaqla 10-a yüksəlmişdir [10].

Azәrbaycan Şimal-Cәnub, Şәrq-Qәrb nәqliyyat marşrutlarının kәsişdiyi geosiyasi mәkanda yerlәşərək özünün tranzit imkanlarını gerçəkləşdirərək mühüm regional nәqliyyat infrastrukturu layihәlәrinin tәşәbbüsçüsü vә stimullşadırıcısı kimi bu istiqamәtdәki fәaliyyәtini genişlәndirir. Bunların içәrisindә müәllifi olduğu qlobal mahiyyәtli nәhәng nәqliyyat şәbәkәsi - Azәrbaycanla Türkiyәni, bütövlükdә isә Avropa ilә Asiyanı birlәşdirәn, müasir dünyanın 100 layihәsi siyahısına daxil olmuş Bakı-Tbilisi-Qars dәmir yolu xәttinin istismara verilmәsi xüsusi strateji әhәmiyyәt daşıyır. Bununla yanaşı Azәrbaycan həm də Xәzәr dәnizinin Orta Asiya sahilindә hasil olunan neftin daşınmasını tәmin edәcәk tranzit ölkәyә çevrilimişdir. Hazırda onun enerji resurslarını müxtәlif istiqamәtlәrә nәql edәn 7 neft vә qaz kәmәri mövcuddur. Bundan başqa, o, öz tәrәfdaşları ilә daha geniş formatda, enerji sektorunda dünyanın әn nәhәng “Cәnub Qaz Dәhlizi” meqa layihәsini dә reallaşdırmışdır. Nəhəng kommunikasiya infrastrukturu olan bu layıhənin tərkib hissələri - TANAP xətti istifadəyə verilmiş, yaxın zamanlarda isə Azərbaycan qazını Avropa bazarlarına çıxaracaq TAP xətti istismara buraxılacaqdır. Azərbaycan beynəlxalq qaz layıhələri ilə yanaşı özünün daxili qaz şəbəkəsini də yenidən qurmuşdur. Ölkədə qazlaşma səviyyəsi 95,7%-ə çatmış, mövcud qaz anbarlarının aktiv həcmi artırılaraq 3 milyard m3-ə yüksəldilmişdir. Elektroenergetika sahəsində də miqyaslı işlər aparılmış, Azərbaycanın enerji sisteminin generasiya gücü xeyli artırılmışdır. Son 15 il ərzində ölkədə ümumi gücü 2400 MVt-dan artıq 30-dan çox, o cümlədən 10 İES, 12 SES və 10-dan çox alternativ və bərpa olunan enerji təyinatlı elektrik stansiyaları tikilib istismara verilmiş, 60 min km-ə yaxın elektrik verilişi xətləri çəkilmiş, 5 mindən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur. Ən son rəqəmsal texnologiyalardan olan SCADA sisteminin tətbiqi ilə enerjisistemin idarəedilməsi əsaslı şəkildə təkmilləşdirilmişdir [4, 8, 9]. Görülən bu inrastruktur quruculuğu əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının yaxşılaşmasına mühüm təsir göstərmişdir.

Prezident İlham Əliyev elmin, tәhsilin, informasiya kommunikasiya texnologiyaları - İKT vә yüksәk texnologiyaların inkişafını prioritet sahә elan etmişdir [8]. Bütün bunlardan irәli gәlәrәk neft kapitalının insan kapitalına, Azәrbaycanın regionun güclü informasiya-kommunikasiya mәrkәzinә çevirilmәsi istiqamәtindә mühüm dövlәt tәdbirlәri hәyata keçirilir. Bu baxımdan infrastruktur inkişaf bütünlüklə yüksək texnologiyalar sahəsini də əhatə etmişdir. Ölkədə kosmik sənaye yardılmış, bu sahəni tənzimləyəcək dövlət qurumu “Azərkosmos” ASC təsis olunmuşdur. Fəzaya iki telekammunikasiya (“Azerspace-1” və“Azerspace-2”), bir aşağıorbitli - optik müşahidə peyki (“Azersky”) çıxarılmış və bütün sistemi idarə etmək üçün adekvat kosmik infrastruktur yaradılmışdır [8, 10]. Bununla Azərbaycan həm də azsaylı ölkələrin təmsil olunduğu dünya kosmik klubunun üzvünə çevrilmişdir. Yüksək texnologiyalar sahəsi üzrə infrastuktur quruculuğu nüvə energetikasının yaradılması və qabaqcıl texnologiyaları əhatə edən digər infrastruktur sahələrinin formalaşdırılması istiqamətində də davam etdirilməkdədir.

Respublikada İKT sahәsindә geniş fәaliyyәtlәrә ümummilli lider Heydәr Əliyev tәrәfindәn 2003-cü ildә qәbul edilәn “Azәrbaycan Respublikasının inkişafı naminә informasiya vә kommunikasiya texnologiyaları üzrә Milli Strategiya (2003-2012-ci illәr)” ilә tәkan verilmişdir. Müasir mәrhәlәdә Prezident İlham Əliyevin imzaladığı çoxsaylı fәrman vә sәrәncamlarla ölkәdә İKT sahәsindә mühüm vә әhәmiyyәtli bir infrastruktur formalaşdırılmış, informasiya cәmiyyәtinә keçid yeni fazaya qәdәm qoymuşdur. Bu mәqsәdlә ölkәdә informasiya cәmiyyәtininin inkişafı üzrә 2020-ci ili hәdәf tutan yeni Milli Strategiya hәyata keçirilmәkdәdir. [8]. Bundan başqa, sahәnin yaxın vә orta perspektivdә inkişafı təmin edəcək “Azәrbaycan Respublikasında telekommunikasiya vә informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xәritәsi” dә reallaşdırılmaqdadır. Sürətli İnternetin genişləndirilməsi, yeni nəsil informasiya texnologiyara girişlərin bərqərar olması ölkədə İKT-nin inkişafına yeni tövhələr verir. Tarixi İpək yolunun Şimal-Cənub nəqliyyat marşrutu ilə kəsişdiyi mühüm geostrateji məkanda qərarlaşan Azərbaycan yalnız bu corafiyadakı özünün müvafiq nəqliyyat-logistik infrastrukturu ilə deyil, ərzasindın keçən beynəlxalq fiber-optik magistralların - Trans-Asiya-Avropa beynәlxalq fiber-optik rabitә xәtti - TAE, Trans-Avrasiya Super İnformasiya Magistralı - TASİM, elәcә dә Avropa-Yaxın Şәrq informasiya magistralı - EPEG-nun qovşaq ölkəsi kimi çıxış edir. Bütün bunlar onun İKT infrastruktur mükəmməliyinin artmasına mühüm təsir göstərir. Bunların nəticəsidir ki, İKT-nin әsas infrastruktur göstәricilәrinә görә Azәrbaycan hazırda dünya üzrә mövcud orta sәviyyәni ötüb keçmişdir. Bu sahә, hәmçinin, milli iqtisadiyyatın neft-qaz sәnayesindәn sonra әn sürәtlә inkişaf edәn ikinci sektoru olaraq çıxış edir.

Respublikada infrastruktur inkişaf sosial və ekoloji biçimdə də özünü göstərir. Burada yaradılan sosial-innovasiyalar infrastrukturu, Azərbaycanın milli brendi “ASAN xidmət”in və vtəndaşlara sosial xidmətlər göstərən digər institutların, elm-təhsil, səhiyyə, turizm və rekreasiya mərkəzlərinin, ekoloji parkların, tullantıları təmizləyən təmiz şəhər şəbəkəsinin əhəmiyyəti olduqca mühüm hesab olunur.

Azərbaycanın infrastruktur inkişafı Aparıcı beynəlxalq reytinq təşkilatlarının hesabatlarında da qiymətini alır [2]. “Qlobal Rəqabətlilik Hesabatında (2018/2019)” Azərbaycan əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 faiz bal almaqla dünyada ilk pilləyə yüksəlmişdir. Bu hesabatda “Yolların keyfiyyəti” göstəricisi üzrə 2016-cı ildəki 50-ci yerdən 2018-ci ildə 34-cü, Qlobal İnnovasiyalar Hesabatına görə “Logistik performans” göstrəcisi üzrə isə 2016-cı ildəki 113-cü yerdən 2018-ci ildə 107-ci yerə qalxmışdır. “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlətin siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Yeni hesabatda Azərbaycan 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir [3, 8].

*     *     *

İnfrastruktur inkişafı müasir mərhələdə Azərbaycan üçün də mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edir. Bu günkü inkişaf, quruculuq proseslərinə rəğmən ölkədə hələ də bazar sferasına adekvat infrastrukturun tam formalaşdırıldığı qənaətinə gəlinmir. İnfrastruktur inkişaf Azərbaycanda iqtisadi münasibətlərin təkmiləşdirilməsinin başlıca şərtlərindən biri kimi daim əhəmiyyətini artırır. Ölkədə aparılan iqtisadi islahatların səmərəliliyi də yenə də yetərli dərəcədə infrastrukturun inkişaf problemləri ilə bağlanılır. Prezident İlham Əliyev şərtləndirdiyi kimi “2019-cu ildən bizim islahatlarımızın yeni mərhələsi başlayır”. Bu mərhələdə də infrastruktur modernizasiyası ölkənin sosial-iqtisadi həyatında yenə də prioritet məsələ olaraq qalır.

Ona görə də, islahatların yeni mərhələsində infrastruktur quruculuğun əsas istiqamətlərinin bir daha təhlili aparılmalı, qlobal çağrışlara, bazar funksionallığına və başlıca olaraq Azərbaycanın inkişaf modelinə uyğun pozitivlər müəyyən edilməlidir.

Həqiqət ondan ibarətdir ki, infrastruktur kompleksin kənd yerlərinə nisbətdə şəhərdə daha yaxşı inkişaf edir. Bu da təbidir. Belə ki, istehsal güclərinin cəmləşdiyi, aqlomerasiya effekti olan, urbanizasiya genişliyinə malik ərazilərdə inkişaf və təkmillik daha dinamikdir. Ona görə də, mərkəz Bakının infrastruktur tələbləri təbii inkişafla daim ayaqlacaq və öz məcrasında axın edəcəkdir. Lakin regional aspektə infrastruktur inkişaf proqram, strategiya və əlavə investisiyalarsız hədəflərinə uğurlu yetişə bilməz. Bu gerçəkliyi rəhbər tutar ölkədə regional inkişaf dövlət proqramları çərçivəsində həllini tapır. Təsədüfü deyil ki, yeni qəbul edilən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da ölkə prezidentinin islahatların yeni mərhələsinin başlanğıc ili ilə üst-üstə düşür [1].

Azərbaycan regionları infrastruktur quruculuq və təkmillik baxımıdan fərqlənir. Bu onların coğrafi özəllikləri, resurs potensialı və tarixən ixtisaslaşmasından irəli gəlir. Bu baxımdan islahatların yeni mərhələsində regional infrastruktur inkişafın müvafiq oriyentirləri və prioritetləri nəzərdən keçirilməli, onların mərkəzdən asılılığı optimal həddə gətirilməli, avtonom fəaliyyətləri daha da genişləndirilməlidir. Əlbəttə ki, öncə bütün regionlar üçün səciyyəvi olan ümum-infrastruktur problemlər həllini tapmalıdır. Buraya xüsusən yollar, qazlaşma, enerjidaşıyıcılarla təminat, elm-təhsil, səhiyyə, turizm, rekreasiya, ekoloji və sosial xidmətlər infrastrukturunun genişləndirilməsi və modernizasiyası aid edilir. İnfrastruktur inkişaf baxımından spesifik olanları isə ayrı-ayrı iqtisadi rayonlar üzrə aşağıdakı hədəflər çərçivəsində istiqamətləndirmək olar:

- Abşeron iqtisadi rayonunda yetərli karbohidrogen sərvətlərinin və Xəzərin resurs potensialının mövcudluğuna əsaslanaraq energetika, neft və qaz kimyası, qara və əlvan metallurgiya, dəniz infrastrukturu, yüngül və yeyinti sənayesi, tikinti və aqrar sfera;

- Gəncə-Qazax iqtisadi rayonunda elm-təhsil, səhiyyə, sosial xidmətlər, faydalı qazıntılarla zənginliyini nəzərə alaraq metalurgiya, aqrar sfera, kənd təsərrüfatı maşınların istehsalı, turizm, rekreasiya;

- Şəki-Zaqatala iqtisadi rayonunda dağ-mədən sənayesinə əsaslanan texnoparkların yaradılması, aqrar sfera və kənd təsərrüfatı məhsulları emal edən yüngül və yeyinti sənaye müəssisələri şəbəkəsini genişləndirilməsi, istirahət-turizm;

- Lənkəran iqtisadi rayonunda qeyri-filiz yataqlarının istismarı, aqrar sfera, balıqçılıq və ovçuluq, idman və sağlamlıq ləvazimarları, dəniz və dənizçilik vasitələri, əzçaçılıq məhsulları istehsalı və sənətkarlıq;

- Quba-Xaçmaz iqtisadi rayonunun təbii sərvətlər - neft, təbii qaz, yanar şist, qum, çınqıl, gil, Xəzər dənizinin və meşələrin resurs potensialı, təbii-rekreasiya kurort-sanatoriya, elm-təhsil, səhiyyə, sosial xidmətlər;

- Aran iqtisadi rayonunda yodlu və bromlu mədən suları, müxtəlif tikinti materialları ehtiyatlarına əsaslan infrastruktur quruculuğu, elektroenergetika mərkəzlərinin yerləşməsi və genişləndirilməsi, irriqasiya sistemlərinin genişləndirilməsi;

- Dağlıq Şirvan iqtisadi rayonunda əkinçilik, üzümçülük, şərabçılıq və heyvandarlıq, tikinti materialları sənayesi, müalicə və kurort əhəmiyyətli mineral sularla zəngin olan dağlıq zonada isə türizm şəbəkəli infrastukturların yaradılması və genişləndirilməsi;

- Naxçıvan iqtisadi rayonunda coğrafi aspektlər nəzərə alınmaq və onun anklavlılıq mövqeyidən irəli gələrək regional infrastruktur inkişaf məxsusi olan üç təməl modeldə - iqtisadi, enerji və nəqliyyat təhlükəsizliyinin təminatı üzərində qurulmalıdır.

- Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonların əksər hissəsinin işğal faktoru burada genişliklə infrasturtur modernizasiyalarının aparılmasında çətinliklər yaradır. Bununla belə, işğala məruz qalmamış ərazilərdə aqrar-sənaye sferasında müvafiq infrastruktur yenidənqurması aparılmalıdır. Burada mərkəzi transfertlər hesabına heyvandarlıq, üzümçülük, taxılçılıq, meyvəçilik, tütünçülük, baramaçılıq, arıçılıq istiqamətində mühüm istehsal infrasrtukturları yaradılmalıdır. Bu istiqamətdə daha vacib strateji məsələ nəqliyyat-kommunikasiya və logistik sahələri əhatə edir. Ona görə də, hazırkı şəraitdə regionun iqtisadi inkişafında bu infrastruktur sahələrinin stimullaşdırılması əsas prioritetlərdən sayılır.

Ümumilikdə isə islahatların yeni mərhələsində infrastruktur inkişafının əsas istiqamətləri üzrə əlahiddə dövləti strategiyanın formalaşdırılmasına zəmin yaranmışdır.

 

İstifadə edilmiş ədəbiyyat

1

Azərbaycan Respublikasi Regionlarının 2019-2023-cü illərdə Sosial-iqtisadi İnkişafi Dövlət Proqramı.

2

Hacızadə E.M., Bağırzadə E.R. Azərbaycan iqtisadiyyatının dünyadakı reytinqi. Bakı: Elm. 2011, 128 s.

3

Hacızadə E.M. Dünya iqtisadiyyatı və Azərbaycan. Bakı: “Letterpess” 2018, 912 s.

4

Hacızadə E.M. Regional inkişaf strategiyası: elmi-empirik baxış və yeni konseptual əsaslandırmalar (jurnalda çap olunmuş materiala istinad) Dirçəliş. Bakı: №86-87. 2005

5

Rosenstein-Rodan P.notes on the Theorie of the “big Push”-In; “Economic Development for Latin America”. KY., 1961. 6.

6

Государство и отрасли инфраструктуры в современной рыночной экономике (Отв. ред.: Я.А.Рекитар, Л.С.Демидова) М.: Наука, 2001, 310 с.

7

Кузнецова А.И. Инфраструктура. Вопросы теории, методологии и прикладные аспекты современного инфраструктурного обустройства. Геоэкономический подход. М.: Высшая школа, 2006. 456 с.

8

www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.

9

http://www.azstat.org Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi.

10

www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.

 

208.İslahatlarin yeni mərhələsində infrastruktur inkişafin əsas istiqamətləri. “Şaxələndirilmiş iqtisadiyyatın infrastruktur təminatı: əsas meyllər və inkişaf istiqamətləri”. Beynəlxalq elmi konfransın materialları. Azərbaycan Memarlıq və İnşaat Universiteti. Bakı: 2019. 0,6 ç.v.