Arxiv
Faydalı linklər
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası
"Azərbaycanın vergi jurnalı" resenziyalı elmi jurnal
AMEA - Azərbaycan Milli Elmlər Akademiyası
AMEA İqtisadiyyat İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Milli Kitabxanası
Azərbaycan kommersiya bankları haqqında informasiya portalı
İqtisadiyyat qəzeti
Elmi əsərlərin siyahısı / “BÖYÜK İQTISADI ENSIKLOPEDIYA” - MÖTƏBƏR VƏ UNIKAL BILIK MƏNBƏYI
i.e.d., prof. E.M.Hacızadə
“Böyük İqtisadi Ensiklopediya” - mötəbər və unikal bilik mənbəyi
Ensiklopediya - təkcə həyatın müxtəlif sahələrinə dair lüğət formasında, əlifba sırası ilə tərtib olunmuş məlumat-sorğu toplusu deyil, həm də elmi biliklərin sistemləşdirilmiş mənbəyidir. Cəmiyyətin və zamanın güzgüsü hesab olunan ensiklopediyalar, sözlərin məna və təyinatı barədə minimum informasiya verən lüğətlərdən fərqli olaraq, oxucuya daha geniş və əhatəli biliklər təqdim edir. Eyni zamanda, ensiklopediyalar hər bir xalqın və dövlətin intellektual potensialının mühüm göstəricisi kimi dəyərləndirilir.
Azərbaycanda ensiklopediya yaradıcılığının və mədəniyyətin yüksəlişi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində onun təşəbbüsü və rəhbərliyi ilə hazırlanıb nəşr edilmiş “Azərbaycan Sovet Ensiklopediyası”nda ölkəmizin tarixi keçmişi və mövcud vəziyyəti, xalqımızın mədəni-mənəvi irsi haqqında, sosial-iqtisadi potensialı haqqında kifayət qədər geniş məlumatlar toplanmışdır. O dövrün elmi-intellektual elitasının fəal iştirakı ilə yazılmış, sovet ideologiyasının müəyyən etdiyi çərçivələr daxilində milli kimliyimizin ən vacib elementlərinin yüksək peşəkarlıqla əks olunduğu oncildlik ensiklopediyanın nəşri ölkəmizin elmi və mədəni həyatında çox mühüm tarixi hadisə olmuşdur. Bu sanballı nəşr indinin özündə də elmi-informativ zənginliyi, məzmun mükəmməlliyi ilə möhtəşəm tarixi əhəmiyyətini qoruyub saxlamaqdadır.
Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycanda yeni dövrün, zamanın tələblərinə cavab verən, təkcə ümumi ensiklopedik terminləri deyil, həm də tarixi keçmişimizi və müasir dövlətçiliyimizin uğurlarını əks etdirən milli ensiklopediya yaratmaq zərurəti meydana çıxmışdır. Prezident İlham Əliyev dövlət əhəmiyyətli bu mühüm işin həyata keçirilməsini, ensiklopediyanın yüksək elmi səviyyədə hazırlanmasını, onun nəşri üçün tələb olunan maddi-texniki bazanın yaradılmasını təmin etmək məqsədilə “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, “Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması haqqında”, həmçinin, “lmi və mədəni hadisələrin burada obyektiv şəkildə əks etdirməsi qarşAzərbaycan Milli Elmlər Akademiyasının “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yeni binasının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalanmışdır və nəzərdə tutulan tədbirlərin uğurlu icrası təmin olunmuşdur. Azərbaycançılıq ideologiyası yeni milli ensiklopediyanın təməl prinsipi kimi müəyyənləşdirilmiş, dövlətimizin və xalqımızın həyatındakı mühüm tarixi, ictimai-siyasi, eıya mühüm vəzifə kimi qoyulmuşdur. Cənab İlham Əliyevin baş redaktorluğu ilə nəşr olunan Azərbaycan Milli Ensiklopediyasının artıq bir sıra cildləri oxucuların istifadəsinə verilmiş, mütəxəssislər və bütövlükdə cəmiyyət tərəfindən yüksək qiymətini almışdır.
Zaman dəyişdikcə, dünyada inkişaf prosesləri dərinləşib biliklər çevrəsi genişləndikcə ensiklopediyalar da diversifikasiyaya uğrayır, yeni-yeni sahəvi ensiklopediyaların hazırlanmasına ehtiyac yaranır. İnsanın maddi tələbatının ödənilməsinə yönəlmiş bütün fəaliyyət növlərini özündə ehtiva edən iqtisadiyyatla bağlı ensiklopediyaların da bu sırada məxsusi yeri vardır. İqtisadiyyatın həm də təsərrüfat fəaliyyətinin tərəfləri arasında qarşılıqlı əlaqələri öyrənən, insana öz rifahını yüksəltməyin üsul və vasitələrini göstərən bir elm sahəsi kimi inkişafı bu zərurəti daha da kəskinləşdirir.
İqtisadiyyat o qədər ümumi, tutumlu və çoxqütblü anlayışdır ki, onu bir ifadə ilə və ya vahid əlamətə istinadən açıqlamaq praktiki cəhətdən mümkün deyil. Bu, insan, cəmiyyət, həyat, xoşbəxtlik və s. kimi ən ümumi anlayışlara tərif verməyə bərabərdir. İqtisad elmi inkişaf etdikcə onun predmeti məsələsi nəzəriyyəçilər tərəfindən vaxtaşırı araşdırılmış, çoxsaylı oxşar və fərqli təyinatlar alaraq yenidən formalaşdırılmışdır. Bu proses bitməmişdir və hələ də davam edir. Məhz buna görədir ki, XX əsrin ən görkəmli iqtisadçılarından olan Nobel mükafatı laureatı Pol Samuelson deyir: “İqtisadiyyatın predmetinin heç bir tərifi dəqiq ola bilməz”.Onun fikrincə, “buna heç ehtiyac belə yoxdur”. Həmin qənaəti oxşar və başqa rakursdan iqtisad elminin digər korifeyləri də bölüşürlər. Bu yanaşmanın dürüstlüyünə baxmayaraq, iqtisad elmində və real iqtisadiyyatda saysız-hesabsız elmi aprobasiya keçmiş və gerçək təsdiqini tapmış minlərlə iqtisadi istilah və anlayışlar mövcuddur. Həmin istilah və anlayışlar sistemləşmiş formada bu və ya digər dərəcədə iqtisadiyyatla bağlı sahəvi ensiklopediyalarda yığcam şəkildə şərh olunur.
Dünya təcrübəsi göstərir ki, iqtisadi ensiklopediyalar iqtisad elmləri və iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə instrumentarilərin və digər məlumatların sistemləşdirilmiş külliyyatı olaraq çıxış edir. Belə külliyyatların dəyəri ondadır ki, onlar iqtisad elminin və onun alətlərinin əsas, nisbətən sabit və dayanıqlı kateqoriya və anlayışlarını özündə geniş elmi interpretasiyada cəmləşdirirlər.
Hər bir belə külliyyatın hazırlanması uzun vaxt və gərgin iş tələb edir. Elə bu baxımdan da iqtisadi ensiklopediyaların buraxılışı nadir hadisələrdən sayılır. Təcrübə göstərir ki, belə ensiklopediyalar heç də bütün dövlətlərdə hazırlanmır. Bu gün ən böyük informasiyaların cəmləşdiyi internetə nəzər yetirdikdə görərik ki, çox az sayda ölkədə milli iqtisadi ensiklopediyalar hazırlanmış və nəşr olunmuşdur. Bu, heç də həmin nəşrlərə tələbatın olub-olmaması və ya maliyyə imkanları ilə ölçülə bilməz. Bunun üçün, ilk növbədə, iqtisadiyyat üzrə nüfuzlu elmi məktəblərin, təşəbbüsçü və əzmkar intellektualların olması mühüm və vacib şərtdir. Azərbaycanda belə məsul və şərəfli missiyanı müasir milli iqtisadi fikrin tanınmış nümayəndəsi, görkəmli ictimai-siyasi xadim akademik Ziyad Səmədzadə öz üzərinə götürmüşdür. Onun ideya müəllifliyi və baş redaktorluğu ilə hazırlanıb nəşr edilmiş beş cildlik “Böyük İqtisadi Ensiklopediya” ölkəmizin elmi-mədəni həyatında diqqətəlayiq hadisələrdən biri olmuşdur. Dünyanın inkişaf etmiş ölkələrinin ensiklopediya yaradıcılığı ənənələri əsasında və milli zəmində hazırlanmış bu sanballı nəşrin uğuru dövlət müstəqilliyinin bərpasından ötən illər ərzində Azərbaycanın qazandığı möhtəşəm sosial-iqtisadi nailiyyətlərlə, bu nailiyyətlərin memarı olan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, möhtərəm Prezident cənab İlham Əliyevin dövrün qlobal çağırışlarına uyğun şəkildə qətiyyətlə davam etdirdiyi milli inkişaf strategiyası, çevik və praqmatik iqtisadi siyasət xətti ilə üzvi surətdə bağlıdır.
Xalqımızın yüksək sosial-iqtisadi, mədəni və intellektual səviyyəsini əks etdirən, ən mötəbər elmi informasiya mənbələrindən biri olan bu fundamental iqtisadi külliyyatın növbəti - 6-cı və 7-ci cildləri də artıq işıq üzü görmüşdür. Yeni cildlərin hazırlanmasına ölkədə baş verən sürətli iqtisadi irəliləyiş, qazanılan naliyyətlər, elmi inkişaf, yeni iqtisadi hadisələr və ümumilikdə dünya iqtisadiyyatında baş verən ziddiyyətli proseslər, dəyişikliklər də təkan vermişdir. Həm də bir çox ölkələrin öz iqtisadi təhlükəsizliyini və iqtisadi müstəqilliyini qorumağa xidmət edən iqtisadi siyasət yeritməsi bu proseslərin mahiyyəti barədə fikir və baxışlara, konsepsiyalara yeni yanaşmaları obyektiv zərurətə çevirmişdir. Bu baxımdan cəmiyyət inkişaf etdikcə həyatımıza, məişətimizə daxil olan iqtisadi istilahların, anlayışların sayı da, təbii ki, artır və son məlumatlara görə hazırda 20 minə yaxınlaşmaqdadır.
İndi 7 cilddən ibarət olan “Böyük İqtisadi Ensiklopediya”da həm dilimizin lüğət tərkibinə tam daxil olmuş, həm də məzmun və məntiq baxımından formalaşma prosesində olan iqtisadi istilah və anlayışları, həmçinin iqtisadiyyatla bağlı digər anoloji faktlar haqqında geniş məlumatları əhatə edir. İqtisadi münasibətlərin, demək olar ki, bütün aspektlərini əhatə edən ensiklopediya həqiqətən də universal və möhtəşəm bilik mənbəyidir. Sözün açığı, “Böyük İqtisadi Ensiklopediya”nı iqtisadiyyata dair onlarla dərsliyi əvəz edə biləcək fundamental bir toplu da saya bilərik. Burada bir çox mübahisəli iqtisadi məsələlərə yenilikçi yanaşma da özünü göstərir.
Qətiyyətlə demək olar ki, hazırda çoxcildliliyi ilə fərqlənən, minlərlə termin, anlayış və məqaləni əhatə edən, saysız nəzəri, faktoloji materiallara əsaslanan, iqtisadi hadisələr, kateqoriyalar, modellərlə bağlı zəruri bilgilər verən bənzər külliyyatlara Avropa və MDB məkanında rast gəlmək çətindir.
“Böyük İqtisadi Ensiklopediya”da bütövlükdə makroiqtisadi tarazlıq, marketinq, investisiya, menecment, maliyyə, audit, mühasibatlıq, pul-kredit, rəqabət, inhisar, innovasiyalar, nanoiqtisadiyyat və digər bu kimi çoxsaylı anlayışların mahiyyəti yeni elmi interpretasiyada açıqlanır, iqtisadiyyatın bütün səviyyələri üzrə, müxtəlif iqtisadi nəzəriyyələr, iqtisadi sistemlərin problemləri, elmi iqtisadi məktəblər və onların görkəmli nümayəndələri haqqında mühüm məlumatlar öz əksini tapır.
Burada təbii ki, Azərbaycan Respublikasının çoxşaxəli sosial-iqtisadi həyatı ilə bağlı informasiyalara geniş yer verilir. Respublikanın təbii sərvətləri, sənaye və innovasiya potensialı, sahə və müəssisələrinin investisiya imkanları, sosial və istehsal infrastrukturu, dövlət və hökumət strukturları, xarici iqtisadi əlaqələri, beynəlxalq təşkilatlarda təmsilçilik, milli iqtisadi nailiyyətləri haqqında tutumlu məlumatların elmi-analitik, statistik və qrafik tərtibatda öz əksini tapır ki, bu da ensiklopedik innovasiya kimi qiymətləndirilməlidir. Ensiklopediyada dünya iqtisadiyyatının müasir mənzərəsini əks etdirən termin və anlayışlar, yeni nəzəriyyə və konsepsiyalar, fakt və hadisələr haqqında qısa, ancaq dəqiq və dolğun verilən məlumatlar onun sanbalını daha da artırır.
Ensiklopediyanın yeni cildləri onun informasiya sərhədlərini daha da genişləndirmişdir. Belə ki, beşcildliyin nəşrindən ötən müddət ərzində qloballaşmanın dərinləşməsi ilə bağlı dünya iqtisadiyyatında, eləcə də sürətlə dəyişən iqtisadi proseslərin yaşandığı, nailiyyətlərin əldə edildiyi ölkəmizdə çox mühüm hadisələr baş vermişdir. Bu hadisələrin xarakterinin açılması və yığcam şərhi də ensiklopediyanın yeni cildlərinin üzərinə düşmüşdür. Yeni cildlərin digər məxsusi cəhəti isə ondan ibarətdir ki, burada istər Azərbaycan, istərsə də dünya üzrə verilən materiallar ən son yenilikləri özündə əks etdirmişdir.
Ensiklopediyanın yeni cildlərində müstəqil Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artmasına, onun qlobal iqtisadiyyata inteqrasiya olunmasına xidmət edən fenomenal iqtisadi inkişaf modelinin xüsusiyyətləri və perspektivləri, azad bazar münasibətlərinin dərinləşməsi və milli maraqlara cavab verən yeni iqtisadi sistemin formalaşmasının elmi-metodoloji özəllikləri və mahiyyəti barədə konkret fakt və dəlillərə əsaslanan yazılar silsiləsi daha da genişləndirilmişdir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli neft strategiyasının multiplikativ effektləri və yeni hədəfləri - XXI əsrin ən mühüm enerji müqavilələri - TANAP və TAP layihələri, onların həyata keçirilməsi ilə bağlı görülən irimiqyaslı işlər, “Azərbaycan-2020” Gələcəyə Baxış İnkişaf Konsepsiyası”nın reallaşdırılması və ötən 10 ildə regional inkişaf proqramının həyata keçirilməsi üzrə qiymətləndirmələr elmi-təhlili rakursda öz əksini tapmışdır. Sənaye siyasəti, kənd təsərrüfatının modernləşdirilməsi tədbirləri, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ekoloji məsələlərin həlli istiqamətində görülən işlər yeni təqdimatda verilmiş, şəffaflıq bloku bir sıra əlavə termin və anlayışlarla zənginləşdirilmişdir.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, xüsusən iqtisadi-inzibati idarəetmədə bu texnologiyalardan istifadənin genişləndirilməsi onların mahiyyəti və inkişaf pespektivləri haqqında cəmiyyətin daha fəal şəkildə məlumatlandırılması zərurəti doğurur. Bu baxımdan eksiklopediyanın yeni cildlərində ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması və bunun tərkib hissəsi kimi informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi istiqamətində sistemli fəaliyyət yeni reallıqlar baxımından işıqlandırılır, bu istiqamətdə yaradılan yeni təsisatlar, elektron xidmətlərin genişləndirilməsi, ASAN xidmət və “Elektron hökumət” haqqında məlumatlar verilir. Burada BMT-nin uyğun komitəsində Azərbaycanın kosmik ölkələr sırasına qəbul olunması, ölkəmizin kosmik fəzanın sülh məqsədlərlə istifadəsi üzrə öhdəliklər götürməsi, Azərbaycanın birinci telekommunikasiya peyki - “Azərspace-1” və Yer səthinin məsafədən müşahidə peyki - “Azersky” və bütövlükdə bu fəaliyyətləri koordinasiya edən “Azərkosmos” ASC haqqında yeni müfəssəl məlumatlar öz əksini tapmışdır. Bundan başqa, nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaratmaqla Azərbaycan beynəlxalq nüvə klubunun üzvünə çevrilməsi və müvafiq istiqamətdə görüləcək işlər barədə icmal informasiyalara da yer ayırlmışdır.
Ensiklopediyanın yeni cildlərinin hazırlanmasında dünyanın inkişaf etmiş ölkələrində iqtisadi terminlərə dair nəşr olunmuş lüğətlərdən, statistik külliyyatlardan, beynəlxalq iqtisadi, maliyyə-bank, əmək təşkilatlarının internet resurslarından səmərəli şəkildə istifadə olunmuşdur. Burada fiskal siyasət, bank işi, qiymətli kağızlar bazarı, birja fəaliyyətləri, tələb və təklif uzlaşmaları, rəqabət, inhisar, açıq və qapalı iqtisadiyyat problemləri, müxtəlif iqtisadi nəzəriyyələr, elmi məktəblər və s. ilə bağlı çoxsaylı anlayışların mahiyyəti açıqlanmışdır.
Yeni cildlərdə, həmçinin Azərbaycanın nəqliyyat sektorunda baş verən struktur dəyişiklikləri, modernizasiya prosesləri və inkişaf meyilləri, təhsilin iqtisadiyyatı, yeni qəbul olunmuş təhsil strategiyasının mahiyyəti ilə bağlı ensiklopedik məlumatlar da genişliklə öz əksini tapmışdır. Əvvəlki cildlərdən fərqli olaraq yeni nəşrlərdə Türkiyə ilə bağlı materiallar daha da genişləndirilmiş, qardaş ölkənin tanınmış iqtisadçı alımləri haqqında müfəssəl bioqrafik məqalələr verilmişdir.
Aparılan təkmilləşmələr və zənginləşmələr nəticəsində 7 cildlikdə ümumilikdə cədvəl, sxem, qrafiklərin sayı 1500-ə çatdırılmışdır. İllustryativ materiallar 2500-dən çox mövzunu əhatə etmişdir ki, bütün bunlar da iqtisadi biliklərin, anlayış və kateqoriyaların daha yüksək səviyyədə mənimsənilməsi baxımından yüksək dəyərləndirilir.
Ölkəmizin elmi-mədəni həyatında mühüm hadisə kimi dəyərləndirilən “Böyük İqtisadi Ensiklopediya”nın yeni cildlərinin hazırlanması işində, əvvəllər olduğu kimi, yenə də ən nüfuzlu alim və mütəxəssislərinin əməyindən istifadə edilmişdir. Onların fəal yaradıcı işi sayəsində ensiklopediyanın bu cildlərində də iqtisadi termin və anlayışların, nəzəriyyə və baxışların, iqtisadi hadisələrin məzmunu və əhəmiyyəti mükəmməl şəkildə izah edilmiş, yüksək peşəkarlıqla açıqlanmış, müasir gerçəkliklər fonunda hərtərəfli işıqlandırılmışdır.
“Böyük İqtisadi Ensiklopediya” ümumilikdə istifadəçilər üçün əhatəli informasiya mənbəyi olmaqla yanaşı həm də, maraqlı müsahib və opponentdir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş bu universal nəşr Azərbaycanda ensiklopediya mədəniyyətinin dəyərli nümunəsi olmaqla ona müraciət edənlərə uzun illər layiqincə xidmət edəcəkdir. Bizcə, Azərbaycanda rəhbər və inzibatçıdan adi işçiyə qədər hamıda iqtisadi biliklərin ümumi səviyyəsinin yüksəldilməsi, iqtisadi düşüncənin müasirləşməsi olduqca zəruridir. Çeşidli iqtisadi münasibətləri anlayıb dərk etməkdə hər kəsə yardımçı olacaq, iqtisadi fənlərə dair onlarla dərsliyi əvəz edə biləcək, məzmununa və formasına görə unikal olan “Böyük İqtisadi Ensiklopediya” məhz bu missiyanı yerinə yetirmək gücündədir. Bu nəşr Azərbaycanın öz vətəninə və dövlətinə sadiq, ölkəmizə yüksək intellektual potensialı olan bir ölkə imici qazandıra biləcək, müasir iqtisadi bilikləri tətbiq etməklə milli iqtisadi mənafelərimizi qorumağa qadir yeni iqtisadçılar nəslinin formalaşmasına töhfədir.
Əminliklə deyə bilərik ki, dünya iqtisad elminin nailiyyətləri indiyədək ölkəmizdə heç bir nəşrdə Böyük İqtisadi Ensiklopediyada olduğu qədər genişliklə əksini tapmamışdır. Elə bu baxımdan da burada Azərbaycanın iqtisadi qüdrətinin və perspektiv inkişafının son dərəcə güclü elmi kontekstdə verilməsinə istinadən, onun müvafiq hissələrini bir araya gətirərək xarici dillərə çevirmək və ayrıca kitab kimi nəşr etdirmək də əhəmiyyətli olacaqdır.
Qətiyyətlə bir daha vurğulamaq lazımdır ki, minlərlə müxtəlif mövzularda elmi məlumat və bilgiləri özündə birləşdirərək külliyyat halında geniş oxucu kütləsinin istifadəsinə verilən bu mötəbər nəşr üzərində işin uğurla başa çatdırılmasında məhz onun ideya müəllifi və baş redaktoru olan akademik Ziyad Səmədzadə şəxsiyyəti dayanmışdır.
Bu çətin və mürəkkəb intellektual əmək tələb edən nəşrin işıq üzü görməsi münasibətilə görkəmli alim, istedadlı şəxsiyyət, vətənpərvər ziyalı və dövlət adamı akademik Ziyad Səmədzadəni və onunla çiyin-çiyinə çalışıb “Böyük İqtisadi Ensiklopediya”nı ərsəyə gətirən bütün yaradıcı heyəti, Azərbaycanın elmi ictimaiyyətini təbrik edirik. Akademik Ziyad Səmədzadəyə yeni elmi axtarışlar və yaradıcılıq uğurları, həyat sevincləri arzulayır və ona dərin təşəkkürlərimizi bildiririk.
196.“Böyük İqtisadi Ensiklopediya” mötəbər və unikal bilik mənbəyi. (Akademik A.A.Əlizadə ilə müştərək). Azərbaycanın vergi jurnalı. Bakı: № 3, 2015. 0,6 ç.v.