gototop gototop

Список научных трудов / ПРОБЛЕМЫ ТРАНСФОРМАЦИИ РЫНОЧНОЙ СОЦИАЛИЗАЦИИ

22.09.2011

i.e.n. E.M.Hacızadə

 

BAZAR SOSİALLAŞMASININ TRANSFORMASİYA PROBLEMLƏRİ

 

Liberal iqtisadiyyatın nəzəriyyə və praktika sahəsindəki müasir mütəxəssisləri bazar sosiallaşmasına keçidi təbii proses olaraq qəbul edirlər. Hesab olunur ki, məhz sosiallaşan bazar iqtisadiyyatı şəraitində resurslar bölgüsünün paritetliyi müvafiq normalarda daha qətiyyətli təmin edilir. Bu sistemin nəzəri və iqtisadi təməl bazası da əsaslı olaraq liberal fundamentalizmdə, keynsçilik və neoliberalizmin modifikasiyasında götürülür.

Bazar iqtisadiyyatının sosial modelinə keçidi sadə bir məsələ deyildir. Ağrılı olan bu proses mütləq bazar iqtisadiyyatının özünün ən ümdə prinsiplərinin bərqərar olması şəraitində pərvəriş taparaq bir sıra köklü və kompleks problemlərin həllini şərtləndirir.

Sosial yönümlü iqtisadi sistem modelləri sırasında bazar iqtisadiyyatının variyasiyası kimi baxılaraq bəzən çoxukladlılıq da adlandırılan qarışıq tip öncül mövqedə dayanır və o, aşağıdakı submodelləri ehtiva edir:

  • Liberal - əsasən ABŞ üçün xarakterikdir;
  • Sosial orientasiyalı - Almaniya üçün səciyyəvidir;
  • Sosial-demokratik - parlaq nümunəsi - «İsveç sosial-demokratik modeli».

Dünya təcrübəsində iqtisadi sistemin formalaşması istiqamətində daha çox sosial təminatlığı ilə fərqlənən «funksional sosiallaşma» modeli də əhəmiyyətli yer tutur. Şərh belədir ki, istehsal funksiyaları rəqabətli bazar əsasında özəl təşkilatların üzərinə düşür. Həyat səviyyəsinin, məşğulluq, təhsil, elm, sığorta və sairin yüksək təminatını isə dövlət özü həyata keçirir.

Beynəlxalq təcrübədə sınanan bu sosial oriyentirli iqtisadi modellər əksər Azərbaycan reallıqlarına adekvat qoyula bilər. Lakin burada bir məqam nəzərdən qaçırılmamalıdır. Sosial yüksəliş əldə etmiş dövlətlərdə bu keyfiyyətlər heç də özbaşına intişar tapmamışdır. Hər bir model ölkənin geosiyasi, coğrafi-iqtisadi və təbii resurslar çevrəsinə istinad edərək daxildən qaynaqlanmışdır. Burada illərcə formalaşmış yerli təsərrüfat ukladı milli mental xüsusiyyətlərə rəğmən daim təkmilləşərək genişlik əldə etmişdir. Hər bir böhranlı situasiyada elmi axtarışlar, yeni menecment texnologiyaları əzmkar insanların, liderlərin iradəsi ilə reallaşaraq modelləşmişdir. Regional oxşarlıq areallarında isə ayrı-ayrı dövlət yaratmış etnoslar bu modelləri daha tez əxz edərək onun müvəffəq tətbiqinə nail olmuşlar.

Vurğulanmalıdır ki, həmən modellərin Azərbaycanda tətbiq sferasında rəğbətli uğuru asan məsələ deyildir. Bunun üçün ölkədə bütün uyğun tarixi modelləri bir araya gətirən geniş elmi araşdırmalar aparılaraq daha münasibinə seçim edilməlidir. Lakin bu seçim ayrıca götürülmüş bir modellə məhdudlaşmamalı, respublikanın ənənəvi siyasi-iqtisadi ruhuna uyğun çıxışda formalaşdırılmalıdır. Daha uğur gətirəcək yol isə bütün dəyərlər toplumu əsasında öz spesifik inkişaf yolunu seçməkdən ibarətdir. Bunun üçün isə elə Almaniyada olduğu kimi - nəzəri baza və tətbiq qətiyyətliyi bir araya gəlməlidir. Belə olan təqdirdə bazar uçurumlarının, xarici effektlərin təcridi və resursların ədalətli bölgüsü daha uğurlu təminatda həllinə qovuşacaqdır.

 

93.Проблемы трансформации рыночной социализации. Научно-практическая конференция, посвящённая научно-исследовательским работам бюджетного назначения 2004 года. Азербайджанский Государственный Экономический Университет. Баку. 2005. 0,1 п.л.