gototop gototop

Словарь

NEFT QUYUSU

(ingiliscə - oil well - neft quyusu) neft-qaz və kondensatın hasilatı üçün, əsasən, şaquli və ya maili lülə şəklində qazılan spesifik quyu. Neft quyuları belə təsnifatlandırılır: 1. Dayaq - strukturun geoloji quruluşunun təyinatı üçün qazılır. 2. Axtarış quyuları - münasib neft yataqlarının ətrafında qazılır. 3. Kəşfiyyat - aşkarlanmış yataqlarının sərhədlərini müəyyənləşdirmək üçün qazılır. 4. İstismar quyuları. 5. İnceksiya. Neft təsərüfatında quyular axtarış-kəşfiyat xarakterli və istismar təyinatlı olaraq qazılır. Mexaniki üsulla ilk neft quyusu 1847-ci ildə Azərbaycanda, Abşeron yarmadasında qazılmışdır. Dənizdə ilk quyunun isə 1896-cı ildə ABŞ-da Kaliforniyada, sahildən 250 metr aralı qazıldığı göstərilir. Lakin 1804-cü ildə Xəzərin Bibi-Heybət sahilində usta K.Səlimxanov neft hasilatı məqsədi ilə inşa etdiyi quyunun şelf zonasını əhatə etməsi həmin tarixi faktı qabaqlamış olur. Bu hadisədən yüz il sonra isə 1904-cü ildə Pirallahı adası sahilində dəniz neftinin yeni axtarış işlərinə başlanılmış həmin ildən də rəsmi statistikada dənizdəki neftçıxarmanın uçotu start götürmüşdür. XX əsr statistikasına görə, dəniz şelfində ilk platforma quyusunun qazılması 1932-ci ildə Abşeronda qeydə alınmışdır. 1949-cu ildə isə Xəzərdə Qara Daşlar ərazisində qazılan ilk quyunun fontan vurması həm Azərbaycan, həm də dünya neft tarixinə dəniz şelfindən hasilatın başlanğıcı və ilk dəniz quyusunun istismara verilməsi faktı kimi düşmüşdür. Dünyada neft quyularının sayı 1 milyonu ötür ki, bunların da əksəriyyəti ABŞ-dadır. Dünyada ən dərin quyu 1985-ci ildə 12261 metr olmaqla Rusiyada Kola yarımadasında qazılmışdır. Bu rekordu, uzunluq aspektində, 2008-ci ilə qədər Qətər dövlətində Əl-Şahin neft hövzəsində 12289 metr dərinliyində Yer səthi üzrə iti bucaq altında qazılan “Maersk Oil BD-04A” quyusu aşmışdır. Hazırda (2013-cü il yanvar) Rusiyada Saxalin-1 layihəsi çərçivəsində Saxalin adasının kontinental şelfində “Odoptu” neft-qaz yatağında iti bucaq altında qazılan quyunun uzunluq ölçüləri 12390 metr təşkil edir.