gototop gototop

Словарь

MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİ, MDB

(ingiliscə - Commonwealth of Independent States - Müstəqil Dövlətlər Birliyi, MDB) ilk olaraq 3 dövlət - Rusiya, Ukrayna və Belorus tərəfindən 1991-ci ilin sonunda təsis edilmişdir. Sonralar Qazaxıstan, Qırğızıstan, Moldaviya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan MDB-yə qoşulmaq haqqında qərar vermişlər. Azərbaycan Parlamenti MDB-yə qosulmaq haqqında qərarı 1993-cü ilin sentyabrında ratifikasiya etmişdir. 1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında Rus ordusunun Gürcüstana daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxmışdır. 2014-cü ilin martında Ukraynanın milli təhlükəsizlik və müdafiə şurası Krımın Rusiya birləşdirilməsi ilə əlaqədar MDB-də fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etmişdir. Türkmənistan isə 2005-ci ildən MDB-də müşahidəçi kimi (assosiativ üzv) fəaliyyət göstərməkdədir. Monqolustan və Əfqanıstan da MDB-nin fəaliyyətində müşahidəsi qismində iştirak edirlər. MDB-nin tərkibinə daxil olan dövlətlərin ümumi ərazisi (Türkmənistan ərazisini nəzərə almadan) - 21,1 milyon km2 (dünya ərazisinin 4,0%-i), əhalisi 237,5 milyon nəfərdən artıq (dünya əhalinin 3,1%-i) olmuşdur. MDB ölkələri böyük təbii və iqtisadi potensiala malikdir ki, bu da onlara rəqabət üstünlükləri verir və beynəlxalq əmək bölgüsündə layiqli yer tutmağa şərait yaradır. Təbii resurs ehtiyatlarının 25%-i, sənaye istehsalının 10%-i, elmi-texniki potensialın 12%-i, resursqoruyucu malların 10%-i bu ölkələrin sərəncamındadır. Bu sərvətlərdən dünya bazarında ən çox tələb olunan neft və təbii qaz, kömür, meşə məhsulları, əlvan və nadir metallar, kalium duzları və digər qazıntılar, həmçinin, şirin sular, əkinçilik və tikinti işləri üçün yararlı torpaq massivləridir. MDB təsis olunduqdan sonra onun sərhədləri daxilində birlik dövlətlərini təmisil edən bir sıra əlahiddə ittifaqlar da yaradılmışdır (Avrasiya İqtisadi İttifaqı, Rusiyanın və Belarusun İttifaq Dövləti, Dövlətlərarası Aviasiya Komitəsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və həmçinin, indiki və keçmiş üzvlərdən - Azərbaycan, Ukrayna, Moldava və Gürcüstanın təmsil olunduğu Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatı - GUAM). MDB fövqəlmilli salahiyyətlərə malik deyil və daha çox birliyin ölkələri arasında qarşılıqlı təsirin koordinasiyası sahəsində fəaliiyət ğöstərən simvolik təşkilatdır. Mənzil-qərargahı Belarusun paytaxtı Minsk şəhərində yerləşir.