gototop gototop

List of scientific works / STEADY MAINTENANCE OF NATIONAL POWER SAFETY

04.11.2011

AMEA, İqtisadiyyat İnstitutu,

i.e.d., prof. Elşən Mahmud oğlu Hacızadə

 

 

MILLI ENERJI TƏHLÜKƏSİZLİYİNİN

DAVAMLI TƏMİNAT STRATEGİYASI

 

Enerji resurslarının məhdud və ya istisna olmasına baxmayaraq, istənilən ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır. Elə buna görə də, müasir dünyada iqtisadiyyatın yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliliyi hər bir dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən hesab edilir. Azərbaycan Respublikası da perspektivlik baxımından karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu dünya ölkələri sırasındadır. Bundan başqa, külək və günəş enerjisindən, çayların, termal suların ehtiyatlarından istifadə sahəsində görülən əməli işlər də onun energetik potensialını bir qədər artırmış olur (www.mie.gov.az). Lakin buna baxmayaraq, ölkə energetikası yenə də böyük nisbətdə bərpaolunmayan ehtiyatlar kateqoriyasına aid edilən neft-qaz resurslarından istifadəyə əsaslanır. Bu resursların indiki məqamda bolluğuna, perspektivdə isə tükənəcəyi amilinə istinadən neft-qaz ixracından əldə edilən gəlirlər milli neft fondunda akkumulyasiya olunur. Həmin vəsaitlərin müəyyən hissəsindən yeni istehsalların təşkili, məşğulluğun təminatı və sosial məqsədlər üçün istifadə edilsə də, son nəticədə onlar gələcək nəsillərin sərəncamına indiki maddi - enerjidaşıyıcıları tutumunda deyil, maliyyə-kapital formasında çatdırılacaqdır. Bu perspektiv isə elə indidən ölkənin Yanacaq-enerji balansında neft-qaz resurslarını əvəzləyən alternativlərin tapılmasını və ölkənin enerji təhlükəsizliyini davamlı təmin edən müvafiq konsepsiyanın hazırlanmasını şərtləndirir. Nəzəri və empirik baxımından belə bir konsepsiya postneft mərhələsində də enerji təhlükəsizliyini bərqərar edən və möhkəmlədən milli enerji strategiyası formatında işlənilməlidir. Burada bir cəhət də xüsusi olaraq qeyd edilməlidir kı, enerji təhlükəsizliyi iqtisadi təhlükəsizliyin sistemaltısı kimi çıxış edir. Azərbaycan iqtisadiyyatının indiki inkışafı kontekstində isə bu uzlaşma yüksək enerji təminatlılığı baxımından sistemaltı deyil, sistenqovuşdurucu formatda təzahür edir. Bu təzahürlüyü Azərbaycan iqtisad elmi müstəvisənə ilk dəfə ölkəmizin milli iqtisadi təhlükəsizlik konsepsiyasının əsaslarını işləmiş akademik Ziyad Səmədzadə gətirmişdir (Ziyad Səmədzadə 1994). Dünya iqtisadiyyatının qloballaşmasının indiki inkişaf mərhələsində isə problem aktuallığını artıraraq daha dərin milli və qlobal xarakter almışdır. Bu mühüm strateji əhəmiyyətli aktuallıqdan irəli gələrək bizim də tədqiqat araşdırmamızın predmetini milli iqtisadi təhlükəsizliyin tərkib hissəsi olan enerji təhlükəsizliyinin davamlı təminatı strategiyasının formalaşdırılması məsələləri əhatə edir.

*     *     *

Bu gün hamıya aydındır ki, enerji qlobal bir əmtəəyə çevrilmişdır. O, yalnız mexaniki güc mənbəyi, insanın təsərrüfat fəaliyyəti və məişətində ona zəruri xidmətlər göstərən vasitə deyil, həm də sivilizasiyanın indiki çağında bəşəriyyətin ən ümdə bir varlıq məsələsinə çevrilmişdir. Onun formalaşdırdığı bazar sistemi isə bir çox parametrlərdə maliyyə bazarını belə üstələmişdir. Bütün bunlar isə ona gətirir ki, bizim gələcək həyatımız da əhəmiyyətli dərəcədə məhz enerji resurslarının mövcudluğundan asılı olacaq inkişaf edəcəkdir.

Araşdırmalar göstərir ki, enerji təhlükəsizliyi (yunanca - energiya - iş, fəaliyyət, ingiliscə - security - təhlükəsizlik) probleminin dərki ilk dəfə ərəb-israil konflikti ilə əlaqədar dünya neft qiymətlərinin kəskin artması fonunda baş vermişdir. Neft təchizatının tam dayandırılması Qərb ölkələrində enerji təhlükəsizliyinin təminatı üzrə tədbirlərin görülməsinə səbəb olmuşdur. Bu olay enerji təhlükəsizliyi problemini qlobal dövriyyəyə çıxarsa da, sonrakı hadisələr onun paradiqmasını daha dərin təbəddülatlara uğratmışdır. Müasir inkişaf mərhələsində isə enerji təhlükəsizliyi iqtisadiyyatın bütün sferalarının normal fəaliyyəti üçün yaradılan şəraitin əsasını təşkil etməklə, daha mühüm strateji əhəmiyyət kəsb edən məsələyə çevrilmişdir. Bununla belə, vurğulanmalıdır ki, son yarım əsrin həm də elmi tədqiqat məhsulu olan enerji təhlükəsizliyi yaranışının bütün tarixi dövrü ərzində ayrı-ayrı aspektlərdən müxtəlif qiymətləndirilməsinə baxmayaraq, hələ də vahid konseptual mənada özünün tam dolğun izahlı ifadəsini tapa bilməmişdir.

Energetikanın texniki mahiyyət daşıyan gerçəkliyindən irəli gələrək enerji təhlükəsizliyi həmin sistemin texniki təhlükəsizlik xassəsi kimi də dəyərləndirilir. Bu yanaşma ilə bərabər enerji təhlükəsizliyi həm də etibarlılıq anlamından da yüksəkdə dayanaraq son məqsəddə vətəndaşı, cəmiyyəti və dövləti yanacaq-enerji resursları çatışmamazlığından qoruyan təyinatı ilə iqtisadi, siyasi və fəlsəfi kateqoriya statusu alır. Ona görə də, umumi kontekstdə enerji təhlükəsizliyi normal şəraitdə və fövqəladə hallarda əhalinin və iqtisadiyyatın müqabil keyfiyyətli və iqtisadi girişli yanacaq-enerji resursları defisitindən qorunması və yanacaq-enerji təchizatının stabilliyinin pozulması təhlükələrindən mühafizəsi vəziyyəti kimi xarakterizə olunur.

Enerji təhlükəsizliyi əksər iqtisadi inkişaf etmiş ölkələrdə praqmatik əsasda milli enerji strategiyasının tərkib hissəsi olaraq təyinat alır. Yeni institusional yaranış olmayan enerji strategiyası milli enerji siyasətinin konkretləşməsi, dəqiq təyinatlı fəaliyyət məqsədlərinə və hərəkətin təşkili metodlarına zəruri resurslar və mümkün potensial imkanlar müqabilində seçilmiş yolla nailolma çərçivəsində onun işçi sənədinə çevrilməsini şərtləndirir. Struktur kompozisiyada strategiya plan, idarəetmə sənədləri, qrafiklər, büdcə və digər bu kimi zəruri elementləri özündə birləşdirən modernizasiya və köklü yenidənqurmanın fəaliyyət proqramı kimi çıxış edir.

Milli enerji müstəqilliyini dolğunlaşdırmaq və enerji təhlükəsizliyini daha təminatlı etmək üçün real bazar iqtisadiyyatı ölkələrində olduğu kimi, Azərbaycanda da enerji strategiyasının hazırlanması və tətbiqi olduqca zəruri və mühümdür. Geoloji əsaslandırmalar göstərir ki, Azərbaycanda 2-3 milyard ton neft, 1,5-2,0 trilyon m3 qaz, 25-27 milyon ton kömür, 400-450 milyon ton yanar şist ehtiyatı olmasına baxmayaraq, bu resurslar tükənən aspektlidir. Hazırda ümumi qoyuluş gücü 6,4 min, faktiki gücü isə 4,5 min MVt olan istehsal konfiqurasiyası 83:17 nisbətli 13 İES və 5 SES qismində fəaliyyət göstərərək illik 20-23 milyard kVt/saatlıq elektrik enerjisi istehsal olunması müqabil və perspektivi təmin edən keyfiyyətdə deyildir. Bu güc müqayisədə ümumilikdə Gürcüstan və Ermənistanın elektrik enerji potensialından (ümumi güc 1,7 min MVt) 3-4 dəfə çox olsa da, yenə azdır. Lakin, bu qədər bol təbii enerji resurslarına baxmayaraq respublikanın iqtisadiyyatının və əhalinin yanacaq-enerji resursları ilə fasiləsiz və keyfiyyətli təminatında müəyyən problemlər yaşanmaqdadır. İqtisadiyyatın inkişafı və genişlənən sosial təminatlılıq isə qarşıya artan enerji istehlakı tələbini qoyur. Hesablamalar göstərir ki, yaxın perspektiv üçün respublikanın təbii qaza olan tələbatı artaraq 12-14 milyard m3 təşkil edəcəkdir. Elektrik enerjisinə görə isə bu tələb 8-10 min mVt-a bərabər olacaqdır (http://www. Ilham-Aliev.com) Bütün bunlar isə iqtisadiyyatın aparıcı sahəsi olan enerji sektorunda aparılan islahatların daha da dərinləşməsinə və təkmilləşdirilməsinə əsaslı zəmin yaradır. Araşdırmalar göstərir ki, respublikada iqtisadi artımın davamlı təminatı enerji sektorunda yeni istehsal güclərinin buraxılışı və istehsal aparatının kardinal yeniləşməsını həyata keçirmədən mümkün deyildir. Buna görə də, bütün ümümiqtisadi islahat tədbirləri paralel olaraq Yanacaq Enerji Kompleksinin problemlərinə və artan tələblərə uyğun mütəmadi modernizasiya proseslərinin reallaşması ilə müşayiət edilməlidir.

Təhlili əsaslandırmalar göstərir ki, respublikanın Yanacaq Enerji Kompleksində əsas problemlər çevrəsi üstün olaraq aşagıdakılarla bağlıdır (Мирзаджанзаде 1994, Hacızadə 2002):

  • bütünlüklə neft sektorunda əsas fondların yüksək aşınma faizi, mənəvi köhnəlməsi, köhnə yataqlarda istismarın mürəkkəbləşməsi;
  • texniki təchizatın geniş olaraq idxal potensialına köklənməsi, ixracatda karbohidrogen resurslarından əsaslı dərəcədə xammal kimi istifadə;
  • qaz hasilatının mövcud emalı zavodları və qazsaxlama anbarlarının gücləri ilə optimal uzlaşmaması, daxili qaz şəbəkəsinin reabilitasiya gözləməsi;
  • enerjiqoruyucu texnologiyalardan və bərpaolunan enerji mənbələrindən miqyaslı istifadə edilməmə və artan ekoloji xərclər;
  • müasir daxili avtonom enerji bazarlarının və sahəvi rəqabət mühitinin zəifliyi, intellektual menecment sistemlərindən geniş istifadə edilməmə;
  • sahəvi normativ-hüquqi baza və institusional mühitin davamlı təkmilləşdirilmə ehtiyacı.

Milli enerji strategiyası təbii enerji resurslarının və yanacaq-enerji potensialının ölkənin iqisadi məkan bütövlüyündə rolunu, makroiqtisadi, elmi-texniki inkişafına zəmin yaradan əhəmiyyətliliyini nəzərə alaraq konkret dövr üçün məqsəd və vəzifələri olan dövlətin enerji siyasəti sənədi rolunda çıxış edir. Ona görə də, milli enerji strategiyası yalnız mövcud potensialdan iqtisadi səmərəli və ekoloji mühafizəli istifadəni deyil, mühüm olaraq da ölkənin artan geosiyasi rolunu, dövlətin və enerji resurslarının istehsalçı və istehlakçısı olan təsərrüfat subyektlərinin maraqlarını, Yanacaq-Enerji Kompleksinin perspektivini, respublikanın və regionların iqtisadi inkişafını nəzərə alan normativ-hüquqi və maliyyə-iqtisadi mexanizmlər yaradılmaqla işlənilməlidir.

 

Enerji təhlükəsizliyi vaxt çərçivəli dövri bir məsələ deyildir. O, çox uzaq zaman hədəflərini əhatə edən milli və dövləti bir problemdir. Buna görə də, enerji resurslarının səmərəli bölgüsü, istifadəsi, artırılması və gələcək nəsillərə transformasiyası çox mühüm və vacibdir. Dünya energetikasının inkişaf ssenarisinə rəğmən aparılan təhlili əsaslandırmalar göstərir ki, Azərbaycanda da postneft epoxasında enerji təhlükəsizliyinin davamlı təminatı baxımından AES yaratmaqla nüvə enerjisindən istifadə daha əhəmiyyətli rol oynayacaqdır. Əslində AES ideyası Azərbaycan üçün yeni bir təzahür deyildir. Məlumdur ki, Azərbaycan güclü SSRİ dövlətinin tərkibində olduğu zamanlarda burada AES tikintisi mərkəzi hökumətin baş planları sırasında qərar tutmuş və yüksək seysmoloji vəziyyətə baxmadan belə, bu strategiya məqbul hesab edilmişdir. Yeni epoxoial mərhələdə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (IAEA) ekspertləri də 2005-ci ildə qurumun Vyanada keçirilən 49-cu sessiyasında respublikamızda AES tikintisinə müsbət rəy vermişlər. Agentlik bir daha hansı enerji mənbəyinin ölkə üçün əlverişli olub-olmadığını araşdırmaq məqsədilə respublikanın Sənaye və Energetika Nazirliyi ilə «Azərbaycanın enerji balansının hesablanması və perspektiv istiqamətlərin müəyyən olunması» adlı müştərək layihə üzrə əməkdaşlığa başlamışdır. Bu perspektiv yanaşama isə bir daha Azərbaycan energetikasının gələcəyinin üstün olaraq AES strategiyasında formalaşdırılması və reallaşdırılmasını əsaslandırır.

*     *     *

Aparılan təhlillə əsaslandırılır ki, milli enerji təhlükəsizliyinin davamli təminat strategiyası enerji effektivliyini artıran aşağıdakı prioritetləri nəzərdə tutmalıdır:

  • uzunmüddətli dövr üçün optimal yanacaq-enerji balansının hazırlanması;
  • enerji qənaətcilliyinin təşkilati, texnoloji tədbirlərinin və iqtisadiyyatın bütün sahələrində enerji resurslarından rasional istifadənin, enerjiqoruyuculuq prinsiplərinin reallaşdırılması;
  • etibarlı və perspektivli mineral-xammal bazasının və milli ehtiyat enerji resurslar terminalının yaradılması;
  • Neft Fondunun resurslarının əhəmiyyətli hissəsini bərpaolunan və nüvə təyinatlı enerji istehsalı sahələrinə yönəltəməklə təbii enerji ehtiyatları varisliyinin təmin edilməsi;
  • Yanacaq-Enerji Kompleksinin funksionallığının artırılması istiqamətində struktur yenidənqurmasının aparılması və onun ətraf mühitə neqativ təsirinin məhdudlaşdırılması;
  • enerji sektorunda bazar münasibətlərinin inkişafını və mükəmməl institusional bazanın formalaşdırılması;
  • alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi və postneft konsepsiyasının işlənməsi.

Milli enerji təhlükəsizliyinin davamli təminat strategiyası ilə bağlı təqdim olunan prioritetləri heç də tamlıqla bütün müvafiq strateji tədbirlər qammasını əhatə etmir. Praktiki tətbiq sferasında bu prioritetlərin daha fundamental iqtisadi əsaslandırmaya məruz qalacaq və dəyişən siyasi-iqtisadi situasiyaya uyğun fərqli və alternativ düzümdə formalaşdırılması daha elmi məntiqi həllini tapacaqdır.

Ədəbiyyat siyahısı

 

1. Hacızadə E.M., (2002), Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli. Bakı: Elm

2. Мирзаджанзаде А.Х., Султанов Ч.А., (1994), Этюды нефтяной концепции Азербайджана, Баку: Элм.

3. Самедзаде З.А. Экономическая безопасность. // Научные труды Международного Союза экономистов и Вольного экономического общества. Том первый. Москва, Санкт-Петербург 1994 г.

4. Тимми Боб., (2005), А есть ли дефицит? Азбука нефтяной экономики, М.: ЗАО «Олимп-Бизнес».

5. http://www. Ilham-Aliev.com.

6. http://www.mie.gov.az.

 

145.Steady maintenance of national power safety. Materials of republican scientifically-practical conference. «Transition period end in economy of Azerbaijan: the Analysis and conclusions. Problems of formation of model of national development». Institute of Economy National Аcademy of Sciences of Azerbaijan, Union of Economists of Azerbaijan, International Union of Economists, Azerbaijan State Economic University. Baku: 2010. 0,4 p.sh.