gototop gototop

Dictionary

SƏNAYE

(ərəbcə - صناعة - iş, peşə, sənət, latınca - industria - fəaliyyət) maddi istehsalın aparıcı sahəsi, xammal və material hasilatı, emalı, əmək vasitələri, maşın və avadanlıqlar, enerji istehsalı müəssisələri (fabrik, zavod, hövzə, şaxta, elektrik stansiyası və s.) məcmusu. İstehsal manufakturalarından yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikliyi ilə fərqlənir. Şərti olaraq, istehsal vasitələri istehsalı və istehlak predmetləri istehsalı sahələrinə bölünür. Hasilat və emaledici olaraq iki böyük sahə altında qruplaşdırılır. Hasilat sənayesi dağ- mədən, su elektrik stansiyaları, su kanalları, meşə təsərrüfatı, balıqtutma, dəniz məhsullarının istehsalı, emaledici sənaye isə metallurgiya, kimya, maşın və avadanlıqlar, tikinti materialları, ağac və kağız, yüngül və yeyinti sənaye məhsulları istehsalı, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələri və istilik elketrik stansiyalarını əhatə edir. “Sənaye” anlayışının müxtəlif dillərdə müvafiq sinonimlərinə rast gəlinir. Ərəb etimologiyası kontekstində süni yaradılan, süni yolla istehsal edilən, təbii olmayan şeylər “sənaye” anlayışı bağlılığındadır. Avropa məkanında fəaliyyət, əməksevərlik, bacarıq mənalarını ifadə edən latın mənşəli “industriya” sözü onun əsas sinonimidir. Rus dilinin islahatçısı, yazıçı Nikolay Karamzin (1766-1826) fransız sözü (latından alınan) “industiya”nı “promışlyat” - məşğul olmaq feli əsasında “promışlennost” sözü kimi tərcümə etmişdir. XX əsrin əvvələrinə kimi sənaye olaraq yalnız zavod və fabriklərdə böyük həcmdə xammalın emalı ilə onun keyfiyyətli məhsula çevrilməsini əks etdirən istehsal düşünülürdü. Lakin müasir zamanda qabaqcıl texnologiyaların etdiyi korrektələr əsasında yaxşı inkişaf etmiş istənilən fəaliyyət növü - turizm, moda, iaşə müəssisələri, texnologiyalar və s. sənaye olaraq adlandırılır.